“ICESCO akseleratoru” pilot layihəsinin ölkə finalı keçirildi

16 Noyabr 2021 Xəbər
news-inner-photo

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, ICESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO), “NewSpace Innovation” təşkilatının və Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə “ICESCO akseleratoru” adlı pilot layihəsinin ölkə finalı baş tutdu.

12 noyabr 2021-ci il tarixində Bakı Ali Neft Məktəbində keçirilmiş mükafatlandırma mərasimində tərəfdaşların çıxışları, “Yaradıcı iqtisadiyyatın gələcəyi” mövzusunda panel sessiyası, münsiflər heyəti tərəfindən qiymətləndirmə və qaliblərin mükafatlandırılması mərasimi keçirildi. Qaliblər arasında xüsusi olaraq gənc startapçılar tərəfindən yaradılmış layihələr yer tutdu.

Aşağıdakı 3 startap layihəsi qalib seçildi:

  • “eGifting” - Digital hədiyyə sertifikatları hazırlamağın rahat və sürətli yolunu təmin edən, göndərənlərə və alıcı tərəfə seçim azadlığı verən müştəri mərkəzli onlayn platformadır.
  • “Insight Hunter” - bazar araşdırmasını sürətləndirmək və marketinq proseslərini avtomatlaşdırmaq üçün nəzərdə tutulmuş brend axtarış sistemidir.
  • “Tridy” - dostlar və səyahətçilər tapmağa imkan verən səyahət platformasıdır.

İki layihə isə tərəfdaşların xüsusi mükafatını qazandı:

  • “Cycline” - səsvermə yolu ilə "İzləyicilərin Sevimli Startapı" seçildi. Layihə istifadə olunmuş materiallardan yenidən yararlanmaq üçün yaradılmış platformadır.
  • “AllinBook” - sosial mediada aktiv təqdimat olaraq seçilib. AllinBook bir kliklə yaxın ərazidə istənilən vaxt istənilən xidməti bron etmək üçün yaradılmış platformadır.

Üç qalib ICESCO-nun baş qərargahında keçiriləcək Böyük Finalda iştirak imkanı əldə etdilər.

Qeyd edək ki, cari ilin sentyabrın 11-də təqdimatı keçirilmiş “ICESCO akseleratoru” layihəsi ICESCO-nun üzvü olan ölkələrdə dinamik yaradıcı texnologiya və mədəniyyət sahələrinin inkişaf etdirilməsi məqsədilə yaradılıb. Layihənin növbəti illərdə daha geniş coğrafiyanı əhatə etməsi gözlənilir.

Bu məqalə sizin üçün faydalı oldumu?