Aut quia eos reprehe
Azərbaycan istehsalı olan filmə Tokio Beynəlxalq Film Festivalından xüsusi mükafat
Azərbaycanlı rejissor Hilal Baydarovun “Durna çırağı” filmi 34-cü Tokio Beynəlxalq Film Festivalının “İncəsənətə töhfəyə görə” xüsusi mükafatına layiq görülüb.
Belə ki, oktyabrın 30-dan noyabrın 8-dək davam edən bu festivalın baş mükafatı uğrunda dünyanın müxtəlif ölkələrindən seçilmiş 15 film mübarizə aparıb. Festivalın müsabiqə hissəsinə daxil edilən 15 filmdən 10-nun dünya premyerası baş tutub. Bu filmlər dünyanın 113 ölkəsindən və regionundan 1533 film arasından seçilib. Festivalın münsiflər heyətinə isə məşhur aktrisa İzabel Yupper rəhbərlik edib.
Hilal Baydarovun müəllifi olduğu filmdə hüquq fakültəsinin məzunu olan qız ilə dörd qadını oğurlamaqda ittiham edilən kişi arasında münasibətdən bəhs olunur.
Mükafatların təqdim edilməsi mərasiminə onlayn formatda qatılan azərbaycanlı rejissor mükafata görə təşəkkürünü bildirib. Öz filmi haqqında isə bunları deyib: “İlk dəfə mən filmimi anama göstərdikdə o bildirdi ki, filmin nə süjeti, nə də aktyor oyunu yüksək səviyyədə deyil, amma onun böyük ruhu var. Düşünürəm ki, əsas məsələ də budur. Belə ki, əməli cəhətdən ruhun əks olunduğu üç rejissor işi tapmaq mümkün deyil”.
Qeyd edək ki, “Durna çırağı” filmində Orxan İskəndərli, Elşən Abbasov, Hüseyn Nəsirov, Rəna Əsgərova, Aytəkin Mirişova, Məryəm Nağıyeva, Nigar İsayeva, Səda Həsənova, Kamran Hüseynov və digər aktyorlar rol alıblar. Filmin bəstəkarı Kənan Rüstəmlidir.
Festivalın müsabiqə proqramına daxil edilən filmlər arasında Azərbaycan filmi ilə yanaşı, Çin, Qazaxıstan, Cənubi Koreya, Yaponiya, Albaniya və İran filmləri də yer alıb. Ənənəyə sadiq olaraq Tokio festivalına yapon filmləri və animasiyaları da daxil edilib.