Çəkdiyiniz foto və videoları sata biləcəyiniz onlayn platformalar

24 Oktyabr 2021 Məqalalələr
news-inner-photo

Kreativ sənayenin texnologiya ilə birləşməsi bizə geniş imkanlar yaradır. Buraya onlayn platformalardan istifadə edərək pul qazanmaq imkanları da daxildir. Həm sevdiyiniz işlə məşğul olursunuz, həm də onlayn şəkildə pul qazanırsınız: veb-sayt yaradaraq, YouTube videoları çəkərək, şəxsi bloq yaradaraq və s.

Bu məqalədə çəkdiyiniz fotoları satışa çıxara biləcəyiniz 3 məşhur platforma haqqında danışacağıq.

Shutterstock

Shutterstock ilə işləmək üçün ilk öncə saytda Contributor (iştirakçı) kimi qeydiyyatdan keçməlisiniz. Daha sonra ən yaxşı 10 fotoşəkil yükləməlisiniz.

Yüklənmiş şəkillərinizin nəzərdən keçirilməsi prosesi 7-10 iş günü çəkə bilər. Şəkillərinizdən biri belə qəbul olunarsa, bu o deməkdir ki, saytla işə başlaya və istədiyiniz qədər foto yükləyə bilərsiniz.

Şəkillərinizdən heç biri təsdiqlənməsə, növbəti on fotoşəkil yükləyib, nəzərdən keçirilməsini gözləməlisiniz.

Portfelinizdə təsdiqlənmiş məzmunu gördükdən sonra artıq pul qazanmağa başlaya bilərsiniz. Shutterstock yükləmə haqqına uyğun ödəniş təklif edir.  Bu ödəniş məzmunun yüklədiyi istifadəçinin növündən asılıdır. İstifadəçilərini dörd fərqli qrupa bölən Shutterstock hesab açıldığı gündən etibarən edilən satış miqdarına görə hər yükləmə üçün alacağınız haqqı qiymətləndirir. Məsələn, ümumi yükləmə dərəcəsindən qazandığınız ödəniş 500 dolları keçdikdə növbəti üzvlük səviyyəsinə yüksələcəksiniz və hər yükləmə üçün aldığınız komissiyanın haqqı artacaq.

iStockphoto

iStockphoto fotolarınızı sata biləcəyiniz ən böyük və populyar platformalardan biridir.

iStockphoto, Getty Images şirkətlər qrupuna məxsusdur. Buna görə Getty Images-ə xas olan proqram dəyişikliklərinin əksəriyyəti də iStock-a inteqrasiya olunur.

İStockphoto-da satış edə bilmək üçün xüsusi testi keçməlisiniz. Bu stok fotoşəkilləri çəkmək üçün qanuni tənzimləmələr və keyfiyyət standartları barədə anlayışınızı ölçən testdir. Yaxşı hazırlaşsanız, imtahandan keçmək sizin üçün çətin olmayacaq.

Testi keçdikdən sonra nəzərdən keçirmək üçün şəxsiyyət vəsiqənizi və üç fotoşəkli yükləməyiniz tələb ediləcək.

iStockphoto nəzarətçiləri iştirakçı statusunuzu təsdiqləmədən əvvəl çəkdiyiniz bu üç fotoşəkli nəzərdən keçirirlər.

Pond5

Pond5 həm məzmun təqdim edənlər, həm də satıcılar üçün özəl xüsusiyyətləri və imkanları ilə sektorun ən böyük video stok satıcılarından biridir. Bu sayt məzmun yaradıcılarına öz qiymətlərini təyin etməyə imkan verir və ödənişlər hər zaman 50% komissiya ilə həyata keçirilir (bu çox yaxşı dərəcədir).

Beləliklə, Pond5 foto və video satışından pul qazanmağa başlamaq üçün əla bir seçimdir. Nisbətən yüksək qazanc vəd edir. Ən yaxşı tərəfi təqdim etdiyiniz fotonun standartlarını aydın şəkildə müəyyənləşdirməsidir.

Platformada satıcı kimi qeydiyyatdan keçib, tələb olunan sənədləri yüklədikdən sonra fotoşəkillərinizin satışına başlaya bilərsiniz.

Qeyd olunanlardan əlavə foto və video işlərinizi satışa çıxarmaq üçün bu platformalardan da istifadə edə bilərsiniz: Adobe Stock, Alamy, Dreamstime, 123RF

Yeni başlayanlar üçün tövsiyələr

  • Aydınlıq vacibdir. Tripod, monopod, güclü linzalar, balans çubuğu və ya nəfəs tutma texnikası istifadə edərək çəkilişlərinizi kəskinləşdirin. Bulanıq fotoşəkli Photoshop ilə düzəldə bilməzsiniz.
  • Çəkilişlərə brend adlarının görünməsindən qaçın. Photoshop-da yüzlərlə fotoşəkildən brend adlarını silməyə çalışmaqdansa, şəkillərinizi olduğu kimi göndərmək daha asan olacaq. Çəkilişdən öncə bu məqama diqqət edin.
  • Kəmiyyət yox, keyfiyyət vacibdir. Yemək bişirən bir qadının 100 fotoşəkilini çəkmisiniz? Hamısını göndərməyə çalışmayın. 4-5 fərqli pozalar seçin, şəkillərin ölçüsünü redaktə edin, müvafiq açar sözləri yazın və yalnız bu pozları yoxlama üçün göndərin.
  • Açar sözləri istifadə etməzdən öncə Photoshop və ya Lightroom-da yazın. Bu, zamanınıza qənaət edəcək. Açar söz yazmaq məcburidir, buna görə də bu iş üçün lazım olan vaxtı ayırmalısınız.
  • Trend mövzulara diqqət edin. Tapdığınız mövzu yeni texnologiyalar və ya yeni məhsul və ya xidmətlər ilə əlaqəli ola bilər. Yalnız səmanı və ya çiçəkləri çəkmək üçün vaxtınızı itirməyin. Əlbəttə, bu da əladır, amma platformalarda bu tərz şəkillərin çox olduğunu unutmayın.
  • Photoshop istifadə normasını qoruyun. Şəkillərinizi istifadə edən ən böyük auditoriya reklam şirkəti dizaynerləridir və onlar fotoşəkillərə əlavələr etmək istəyəcəklər. Lakin həddindən artıq tənzimləmə bu prosesi poza bilər. Fotoşəkillərinizdə mətn yerləşdirmələri üçün yer verin və onları mümkün qədər təbii saxlayın.

Hər işdə uğurlu olmaq üçün təcrübə vacibdir. Fərqli platformalardan istifadə edin və hər birini öyrənin. Zaman keçdikcə özünüzə daha uyğun olanını seçmək daha asan olacaq. Ən əsası səbrli olun və çalışmalara davam edin.

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?