Yaradıcılıqda NFT dövrü

29 Sentyabr 2021 Məqalalələr
news-inner-photo

 

NFT (non-fungible token), hərfi mənada “bir-birini əvəzləməyən tokenlər” deməkdir. Son zamanlar rəqəmsal dünyada tez-tez bəhs edilən mövzulardan olan NFT-tokenləri bir növ rəqəmsal sertifikat kimi fiziki varlıqların rəqəmsal əksidir. Hər hansı rəsm əsəri, dizayn nümunəsi, musiqi, video və hətta tvitlər, sitatlar belə NFT tokeni ilə satışa çıxarıla bilər.

Hansı yaradıcılıq işləri NFT ola bilər?

Audio və video fayllar, video oyunlardakı əşyalar, musiqi və digər yaradıcılıq işləri NFT ola bilər. Başqa sözlə, rəqəmsal dünyada mövcud olan hər bir məhsulun NFT olaraq satışı mümkündür. Məsələn, məşhur şəxslər öz sitatlarını NFT-yə çevirir və kifayət qədər yüksək qiymətlə satışa çıxarır.

Digər kriptovalyutalardan fərqli olaraq NFT-lər öz aralarında dəyişdirilə bilmir. Bu onun orijinal və bənzərsiz olmasını göstərir. Heç bir NFT digəri ilə müqayisə edilə bilməz. Bir nümunə ilə izah edək. NFT-ni konsert biletləri kimi düşünün. Hər bilet fərqli konsertləri, tarixləri, saat və məkanları təmsil edir. Onları müqayisə etmək və ya dəyişdirmək mümkün deyil, çünki hər biri unikaldır.

Daha bir fərqi isə hissələrə bölünməməsidir. Əgər Bitcoin və ya Ether'i hissələrə bölərək ala və sata bilirsinizsə, NFT üçün bu mümkün deyil.

Həmçinin NFT dəyəri investoru və ya yaradıcısı tərəfindən müəyyən olunur. Diqqət çəkən bir nüans isə odur ki, NFT-ni alan şəxs başqasına sata bilər. Bu zaman NFT-nin yaradıcısı hər satış üçün müəyyən komissiya haqqı tələb edə bilir.

Bütün bu xüsusiyyətlər NFT-yə xüsusi dəyər qatır və onu unikallaşdırır.

NFT necə yaradılır?

NFT KnownOrigin, Rarible və ya OpenSea kimi saytlarına fayl və ya sənət əsəri yükləyərək yaradılır. NFT yaradan şəxs həmin işin neçə ədəd olacağını qeyd edir. Məhdud say insanların daha çox diqqətini çəkir. Hər hansı yaradıcı şəxs bir əsəri təmsil edən NFT satışını reallaşdırsa da, o əsərin müəllif hüquqlarını qoruyub saxlaya bilir. Onu alan şəxs isə müəyyən bir əsərin müəllif hüququnu sübut etmək məcburiyyətində deyil, çünki onun sahibidir. Yəni, NFT müəllif hüququnu qoruyur və sahibinə məhsuldan maksimum istifadə imkanı yaradır. NFT-ni yaradan şəxs satış və auksiondan əlavə öz işini başqa bir istifadəçiyə hədiyyə də göndərə bilər.

NFT hansı üstünlüklərə sahibdir?

  • Rəqəmsal dünyada bir əsərin kopyalanması olduqca asan olsa da, NFT bu problemi müəllif hüquqlarının kimə məxsus olduğunu açıqlayaraq həll edir.
  • Proqramlaşdırıla bilən rəqəmsal varlıq olduğu üçün yaradıcı şəxslərin növbəti satışdan alacaqları səhmlər də NFT-də şifrələnə bilər. Yəni, əsərin satıcısı onu alan şəxs əsəri satarsa, ondan da gəlir əldə bilir. Beləliklə, satış halında müvafiq məbləğ avtomatik olaraq şəxsin balansına köçürülür.
  • Sərhədləri aşır. Əsərlərin rəqəmsal təbiəti dünyanın hər yerindən hər növ istifadəçiyə bunları satın almağa imkan verir.
  • Rəqəmsallaşma sayəsində müştəri bazası genişləndikcə işə daxil olan və investisiya qoymaq istəyənlərin sayı və nəticədə tələb artır; tələb nə qədər yüksəkdirsə, qiymət də o qədər yüksəkdir. Tələb artdıqca təklif də artır. Həm daha çox əsər, həm də fərqli qiymət səviyyəsindəki əsərlər bazaya daxil olur. Bu, investorlar və yaradıcılığı sevənlər üçün əlçatanlığı artırır və daha çox əsər sataraq ekosistemi genişləndirir.

Diqqət çəkən NFT satışları hansılardır?

Christie hərrac evi tərəfindən təşkil edilən auksionda 69.4 milyon dollara satılan Amerikalı rəssam Beeple (Mike Winkelmann) əsərlərinin kollajı

Figma dizayn şirkətinin rəhbəri Dylan Field tərəfindən satılan 7,5 milyon dəyərində CryptoPunk

Musiqiçi, modelyer və sahibkar Steve Aokinin 3D illüstrator Antoni Tudisco ilə birgə ərsəyə gətirdiyi 888 min dollar dəyərində Hairy əsəri

Bəzi məşhur NFT nümunələri ilə buradan tanış ola bilərsiniz.

Azərbaycanda NFT texnologiyası istifadə edilirmi?

Qısa müddət öncə bir çox xəbər saytları Azərbaycanlı gəncin NFT texnologiyasından 22.733 dollar qazanmasından yazırdı.

Azərbaycan İnnovasiya Agentliyinin verdiyi məlumata, əsasən İnnovasiyalar Agentliyinin Pirallahi Texnoparkının rezidenti "iTicket" komandasının üzvü Cavid Məmmədli NFT platformasında uğura imza atanlardandır. Foundation.app NFT hərracında azərbaycanlı dizayner Cavid Məmmədli animasiyalı video çarx tərzində hazırlanmış “SOUL of PIANO” (Pianonun Ruhu) əsərini 22.733 dollara bərabər 10 ETH-ə satıb.

Qeyd edək ki, ‘‘SOUL of PIANO” Cavidin hərracda satılan yeganə əsəri deyil. Bundan əvvəl onun daha 2 əsəri də bir neçə min dollara qiymətləndirilib. Hazırda, dizaynerin daha bir işi 1 ETH dəyərində başqa bir hərracda qiymətləndirilməkdədir.

Yeni populyarlaşmağa başlayan NFT platformasında həmyerlimizin işini görmək çox sevindirici haldır. Arzu edirik ki, ölkəmizdə yaradıcılıq sahəsində NFT istifadəçilərinin sayı artsın və dünya onların əsərlərindən danışsın.

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?