Peşəkar Fotoqraflardan Yeni Başlayanlar üçün Tövsiyələr

19 Sentyabr 2021 Məqalalələr
news-inner-photo

Məqsədiniz istər həvəskar fotoqraf olmaq olsun, istərsə də peşəkar, bu məqalə hər biriniz üçün faydalı olacaq.

Fotoqrafiya karyerasına yeni başladığınız zaman çoxlu araşdırma etmək, ən yaxşı fotoqrafların tövsiyələrini dinləmək, nümunələrə baxmaq mütləqdir. Bunların hər biri müəyyən fikirlərin formalaşmasına kömək edir. Fotoqrafiya kifayət qədər geniş sahədir və artıq bu sektorun müxtəlif qolları üzrə ixtisaslaşma çoxalıb. Əvvəllər gördüyünüz toy, qida və təbiət fotolarını eyni zamanda çəkən fotoqrafları indi bir və ya bir neçə sahə üzrə ixtisaslaşmış fotoqraflar əvəz edir. Yaranan yeni trendlər, texnologiyanın inkişafı və öyrənilməsi vacib məsələlər də ixtisaslaşmanı tələb edir. İndi bütün məsələ işi keyfiyyətli və düzgün formada yerinə yetirməkdir.

Fotoqraf olmaq istəyirsiniz, amma haradan başlayacağınızı bilmirsiniz və ya sizə qaranlıq qalan müəyyən məsələlər var. Belə ola halda ən düzgün addım peşəkarlardan məsləhət almaq olardı.

Beləliklə, müxtəlif sahələr üzrə ixtisaslaşmış fotoqraflar nə məsləhət görür?

Ed Kaşi
Fotojurnalist

“Nəyə əhəmiyyət verdiyinizi müəyyənləşdirin, vizual səsinizi tapın və böyük bir iş yaratmaqda özünüzə güvənin.”

2013-cü ildə Azərbaycanda olan Ed Kaşi “Həyata keçməyən arzular” layihəsi çərçivəsində Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalan və 20 ildir məcburi köçkün həyatı yaşayan insanların gündəlik həyatından bəhs edən sənədli fotoşəkillərini nümayiş etdirib. “Həyata keçməmiş arzular: Azərbaycanlı qaçqınlar” adlı sərgidən fotolar ilə buradan tanış ola bilərsiniz.

Joel Grims
Kommersiya fotoqrafı

“Uğur sadə bir prinsiplə başlayır, yaradıcılıq prosesini planetdəki bütün digər fotoqrafların 99%-dən daha çox təcrübədən keçirin.”

Joel Santos
Səyahət fotoqrafı

“Yaratmaq və orijinal hekayə anlatmaq həyatda ən böyük məqsəd ola bilər və başqalarının həyatına müsbət təsir göstərə bilər - bu fotoqraf olmağın ən böyük üstünlüyüdür.”

Matt Thomas
Fitnes fotoqrafı

“Fotoqraflığa yeni başlayan hər kəsə verəcəyim tövsiyə budur ki, ən yeni və ən yaxşı avadanlıqlara sahib olmağa çalışmayın. Bəli, iş üçün uyğun alətlərə sahib olmaq işinizdə və ya layihələrinizdə sizə kömək edə bilər, lakin yaradıcı bir vizyona sahib olmaq daha vacibdir. Pərdə arxası səhnələri və ya canlı yayımları izləmək üçün YouTube kimi onlayn platformalardan istifadə sizə çox kömək edə bilər. Hədəfiniz və istəyiniz üçün çalışmaqdan yorulmayın.”

Luke Massey
Vəhşi təbiət fotoqrafı

“Məndən necə vəhşi təbiət fotoqrafı olduğum barədə çox soruşulur. Vəhşi təbiət fotoqraflığı düşünürəm ki, digər janrlardan inanılmaz dərəcədə fərqlidir. Burada hər şey gözlənilməz şəkildə baş verir, bəxtiniz gətirə və istədiyiniz kadrı tuta bilərsiniz, amma çox vaxtınızı planlaşdırma, mövzunu öyrənmə və heyvan davranışları haqqında oxumağa sərf etməlisiniz. Bəzən bir fotonu çəkməkdən öncə heyvanların nələri yeməyi sevdiklərini, ən aktiv olduqları vaxtı, hansı yaşayış yerlərinə üstünlük verdiklərini öyrənmək üçün onları seyr etməyə və araşdırmağa saatlarla vaxt sərf edirəm. Həmçinin, çəkiliş zamanı istifadə edəcəyiniz alətlərdən istifadəni çox yaxşı bacarmalısınız. Vəhşi təbiət fotoları çəkməkdən qabaq insanlara öyrəşmiş qağayı və ördəkləri çəkmək sizin üçün faydalı təcrübə ola bilər.”

Fiona Kelli
Toy fotoqrafı

“Nəyin daha çox sizə maraqlı gəldiyini, hansı görüntülərin diqqətinizi çəkdiyini və təbii olaraq meylinizin nəyə olduğunu tapın. Bu öz təbii üslubunuzu müəyyən etmək üçün ilk addımdır. İstəyiniz nə olur olsun, tətbiq etməyə başlayın! Nə qədər çox məşq etsəniz, bir o qədər yaxşı olacaqsınız. Səhv etməkdən çəkinməyin, etdiyimiz səhvlərdən dərs alırıq. Bəzən planlaşdırılmamış xoş bir təsadüf heyrətləndirici nəticə ilə sonlana bilir.

Digər bir tövsiyəm yaradıcılığa sərf etdiyiniz səylərə paralel biznes qurmağı da öyrənməyə sərf edin. Əgər siz biznes yaratmaq istəyirsinizsə, bunu necə işlədəcəyinizi bilməlisiniz.”

Fil Borqes
Mədəniyyət fotoqrafı

“Sizi ən çox maraqlandıran nədirsə, onu çəkin. Kadrları individual fotolarla yox, hekayə nəql edən qrup fotoları kimi düşünün.”

Toni Korbel
Portret fotoqrafı

“Yeni başlayan fotoqrafın mütləq başa düşməli olduğu ən vacib şey - keyfiyyətdir. Fotoqrafiya işində yüksək səviyyədə keyfiyyət olmalıdır. Brendinizdə, tərzinizdə, qablaşdırmanızda, məhsul təkliflərinizdə, hər şeydə keyfiyyət olmalıdır. Hətta potensial müştərilərə edilən geri dönüş zənglərində belə. Uğur qazanmaq istəyirsinizsə, özünüzü kütlədən ayırmağa hazır olmalısınız və bu hər şeydə yüksək keyfiyyət nümayiş etdirməli olduğunuz deməkdir. Buraya, hətta necə geyinməyiniz və insanlarla necə danışmağınız da daxildir. Bilirəm, sadə görünür. Amma çoxları bunu edə bilmir.”

Fotoqrafiya güclü rəqabətin olduğu yaradıcılıq sahəsidir və fərqlənmək üçün çox çalışmalısınız. Məqsədiniz yaxşı fotolar çəkməklə yanaşı, həm də onları düzgün auditoriyaya təqdim etmək, brend kimi özünüzü tanıtmaq olmalıdır. Bu yolda sizə uğurlar arzu edirik!

Mənbə: https://vanitystudios.co.uk/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?