Aut quia eos reprehe
Rəşid Ağamalıyev: Azərbaycanlı gənc animasiya mütəxəssisi və filmmeykerin uğur hekayəsi
Yaradıcı sahədə uğur qazanmaq yolunda uşaqlıq xəyalları sonradan peşəkar vizyona çevrilirsə belə, yenə də uğurun təməlində dayanan əsas amil məhz bu yolda çəkdiyin böyük zəhmət, ardıcıl təhsil və təcrübə qazanmağın olacaq. Buna əyani misal olaraq, “Kreativ Azərbaycan” Azərbaycanın audiovizual sənayesində uğurlu menecerlərdən biri, kino və animasiya sahəsində 10 illik təcrübəyə sahib, Avropada bu sahə üzrə təhsil almış, həmçinin “ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı”nın yaradıcısı Rəşid Ağamalıyev ilə geniş müsahibəni təqdim edir.
Animasiya yaradıcılığına olan həvəsiniz nə vaxt yarandı?
14 yaşımda artıq qərarımı vermişdim ki, kino rejissoru olacam. “Böyüyəndə kim olacaqsan?” sualına fərqli cavab verən və təəccüb reaksiyası ilə qarşılaşan uşaqlardan idim. Bu isə məni daha çox qürurlandırırdı.
Təbii ki, sadəcə istək və xəyallar məni rejissor edə bilməzdi. Mən anlayırdım yaxşı təhsil almaq, çalışmaq lazımdır. Xəyallara aparan yollar uzun və yorucu ola bilər, belə vaxtarda bizi ayaqda tutan güclü istəkdir. Bütün bunlar haqqında düşünərkən qərarımı verdim və təhsil üçün Avropaya üz tutdum. Yeni həyat, yeni arzular və uşaqlıq həvəsi. Doğru yerdə idim, istədiyim təhsili tapmışdım. Ard-arda “Kinoşünaslıq”, “İngilis dilinin filologiyası”, “Fəlsəfə” və “Kinoprodüser” ixtisaslar üzrə Çexiyada və Hollandiyada təhsil aldım. Yalnız təhsil kifayət deyildi, təcrübə toplamalı idim. Buna görə çoxlu sənədli və bədii filmlərdə assistent kimi işlədim.
Həmçinin, 2016-cı da məndə ağır ürək xəstəliyi aşkar edildi və müalicə üçün uzun müddət xəstəxanada qalmalı oldum. Həmin dövrdə animasiya filmlərini daha çox izləməyə başladım. İdeyalar araşdırdıqca artır, məndə də belə oldu. İzlədiyim animasiya filmləri mənə yeni arzular bəxş etdi. “Azərbaycan animasiyası” kitabı, ANIMAFILM Beynəlxalq Animasiya Festivalı və digər layihələr elə həmin vaxt ağlıma gəldi və onlar haqqında düşünməyə başladım.
"Uğurlu işlər məni sevindirir, uğursuz olanlar isə öyrədir."
Animasiya sahəsində fəaliyyətə başladığınız zaman bugünkü uğurları xəyal edirdinizmi?
Gələcəyi görmək çətindir və nə qədər çalışsan da mükəmməl təsəvvür yaratmaq mümkün deyil. Düşünürəm ki, həyatın gözəlliyi elə bundan ibarətdir. Əlbəttə xəyallarım var idi, amma onların hansı hissəsinin reallaşacağından bixəbər idim.
Uğurlu olmağın sirri məncə iradə və əzmkarlıqdır. İmprovizasiyanı sevirəm. Çalışıram, anı yaşayım və hər bir işdən zövq alım. Uğurlu işlər məni sevindirir, uğursuz olanlar isə öyrədir. Özümü çox xoşbəxt hiss edirəm ki, animasiya layihələrimiz nailiyyətlər əldə edir və bu uğurlar sayəsində ölkəmizin mədəniyyətinə töhfə verə bilirik.
Komandanız haqqında nələri deyə bilərsiniz?
Bu sual məni qürurlandırır, çünki ANİMAFİLM Festivalının komandası ilə fəxr edirəm. Artıq dörd ildir ki, bu komanda könüllük əsasında çalışır. Onlar ən dəyərli sərvətlərindən birini, vaxtını bu işə sərf edirlər. Hər işdə davamlılıq mütləqdir, onu maddi qarşılıq olmadan etmək həmin sahəyə olan həvəsin göstəricisidir. Fikirləri reallaşdırmaq çox uzun əmək yoludur. Əməyimizin bəhrəsini görürük. Festivalımız artıq müəyyən qədər ölkəmizdə tanınır, bu bizim üçün motivasiya mənbəyidir.
Özümü çox şanslı hiss edirəm, çünki ətrafımda həmişə gözəl komanda formalaşır. Məşhur və təcrübəli incəsənət xadimləri, tərcüməçilər, menecerlər, koordinatorlar - hamımız dərk edirik ki, ölkəmizə və uşaqlarımıza animasiya lazımdır. Məhz bu ideya bizi birləşdirir. Animasiya uşaqların yaradıcılığını inkişaf etdirir, onların daxili aləmini zənginləşdirir. Onların həyatına rəng qatmaq və inkişafında rol oynamaq üçün daha çox çalışacağıq.
İlk peşəkar filminiz, “Züleyxa ilə dialoqlar” filmi 11-ci Bakı Beynəlxalq Filmlər Festivalında diploma layiq görüldü. Hansı hissləri keçirirsiniz?
Sadəcə çox sevindiyimi deyə bilirəm. Bu film özü mənim üçün mükafat idi və öz missiyasını uğurla yerinə yetirdi. “Züleyxa ilə dialoqlar” filmi vasitəsi ilə öz ürək xəstəliyimi analiz etməyə çalışdım. Mənim üçün bu bir mərhələ idi və bu dərəcədə şəxsi filmimin mükafat qazanması sevindirici hal idi.
Həmçinin ölkədə beynəlxalq film festivalının keçirilməsi də məncə böyük addımdır. Bu, birbaşa mədəniyyət sahəsinin müvəffəqiyyətidir. Dünyanın fərqli yerlərində festival haqqında danışılır, yerli filmlər nümayiş etdirilir. Bakı Beynəlxalq Filmlər Festivalının komandasına təşəkkür edirəm və fəaliyyətlərinin davamlı olmasını arzulayıram.
"Bəzən bir fikri izah etmək olduqca çətindir, amma onun animasiya nümayişi daha anlaşılan olur və mesaj dəqiq ötürülür."
2021-ci ildə növbəti ANİMAFİLM Festivalı gözlənilirmi?
ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı haqqında düşünərkən onun davamlı olmasını planlamışdıq. İşlərimiz planlar üzərindən davam edir. IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 20-24 oktyabr 2021-ci il tarixlərində Bakıda keçiriləcək. Həmişəki kimi beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcəyik.
Builki festivalımızın mövzusu “ƏLİLLİK”-dir. Bu önəmli sosial mövzu barədə çox sayda maraqlı animasiya filmləri təqdim edəcəyik, konfrans, sərgi və xeyriyyə aksiyası təşkil edəcəyik.
Bu filmlər cəmiyyətdə məlumatlılığı artırmaqda böyük rol oynayır. Sosial mövzularda edilən toxunuşlar əhəmiyyətli təsirlərlə nəticələnir. Bəzən bir fikri izah etmək olduqca çətindir, amma onun animasiya nümayişi daha anlaşılan olur və mesaj dəqiq ötürülür. IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı üçün seçdiyimiz həssas mövzu üzrə də uğurlu nəticələr əldə edəcəyimizə inanıram.
“Aydın və Aydan” animasiyasını nə vaxt ekranlara təqdim olunacaq?
“Aydın və Aydan” uşaq animasiya serialının ilk seriyasının premyerası 4-cü ANİMAFİLM Festivalında təqdim etməyi planlaşdırırıq. Hal-hazırda filmimiz pre-production mərhələsindədir.
Biz də “Aydın və Aydan” animasiyasını nümayiş etdirmək üçün səbirsizlənirik. Üzərində çox çalışmışıq və müvəffəqiyyətli olacağına inanırıq. Hətta animasiya ekranlara verilmədən uğur əldə etməyə başlayıb deyə bilərik. Sevindirici haldır ki, “Aydın və Aydan” "Mədəniyyət və yaradıcılıq sahəsində rəqəmsal həllər” adlı startap müsabiqəsində 1-ci yerə layiq görülüb. Müsabiqəni Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Kreativ Azərbaycan portalı birgə təşkil etmişdi. Hələ tamamlanmamış animasiya serialının belə dəyər görməsi bizi çox sevindirdi.
Serialımızı ərsəyə gətirən çox gözəl komanda var. Layihənin rejissoru, “Smeşariki”, “Fiksiklər”, “Uçan heyvanlar”, “Tima və Toma” kimi tanınmış Rusiya animasiya seriallarının rejissoru Cahangir Süleymanovdur. Serialın ssenari müəllifi uşaq psixologiyası mütəxəssisi və bir çox sənədli və animasiya filmlərinin müəllifi Alena Polikovskayadır. Komandamızda həmçinin Nəzrin Ağamalıyeva (rəssam), Nadia Seyts (rəssam) və Rafik Məmmədli (tərcüməçi, redaktor) iştirak edir.
İstedadlı komandamız, film sənayesindəki onillik təcrübəm və ANIMAFILM Beynəlxalq Animasiya Festivalının təşkili üzrə üçillik təcrübəm - bunların hamısı bizə serialın uğurlu icrası üçün bir şans verir. Əminəm ki, uşaqlar "Aydın və Aydan" serialını sevəcəklər!
"Biz komanda olaraq ölkədə bu sahənin dərinləşməsi üçün çalışırıq."
Animasiya sahəsində ölkədə öyrədici işlər görməyi planlayırsınızmı?
Animasiya incəsənətin ən mühüm sahələrindəndir. Ona görə də inkişafı vacib və diqqət mərkəzində saxlanılmalıdır. Biz komanda olaraq ölkədə bu sahənin dərinləşməsi üçün çalışırıq.
Hər il ANİMAFİLM Festivalı nəzdində öyrədici animasiya təlimləri təşkil olunur. 2020-ci ildə, hətta OSCAR mükafatına namizəd olan Çex rejissoru Daria Kashcheeva ilə iki günlük intensiv stop motion animasiya seminarı təşkil etmişdik.
İl boyu isə ANİMAFİLM Məktəbi fəaliyyət göstərir. “ANİMAFİLM Məktəbi” uşaqlar və böyüklər üçün animasiya məktəbidir. Tezliklə “Aztopçu” ilə birlikdə regionda yaşayan qızlar üçün iki aylıq animasiya kursuna başlayacayıq.
Animasiya təhsili çox vacibir. Onun ölkədə geniş şəkildə tanıdılması üçün müvafiq dövlət orqanlarına məktublar ünvanlamışıq. Artıq müəyyən tədbirlər görülür deyə bilərik. Bu günlərdə Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov televiziya kanallarının rəhbərləri ilə keçirilmiş görüşdə müzakirə mövzularından biri kimi milli cizgi filmlərinin istehsalı və yayımı məsələlərinə də toxunmuşdur. Cənab nazir Anar Kərimova diqqəti və göstərişləri üçün təşəkkür edirik.
Bu sənaye sahəsinin inkişafı istiqamətində artıq irəliləyiş var və günü-gündən artır. Həmin nailiyyətlərin bir hissəsi olmaq məni çox sevindirir.
Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA