Zaur Orucov: Azərbaycanda video oyunlardan texnoloji məhsullara qədər müxtəlif innovativ layihələrin yaradıcısı “LOF Studios” şirkətinin rəhbəri ilə müsahibə

30 Dekabr 2020 Uğur hekayələri
news-inner-photo

Ölkəmizdə kompüter oyunları sənayesi təzə-təzə inkişaf edir. Bir vaxtlar hər birimizin virtual dünyamızı bəzəyən və onu əyləncəli edən oyunları hamımız oynadıq, bəzilərimiz bu gün də buna davam edirik. Amma içimizdə olduqca az qisim insan var ki, bu oyunları özünün yaradacağına və ona virtual yön verəcəyinə inandılar. Bu cür kreativ gənclərimizdən biri, “LOF Studios” şirkətinin təsisçisi, rəhbəri, Zaur Orucovla onun və şirkətinin keçdiyi inkişaf yolu haqqında “Kreativ Azərbaycan”ın apardığı geniş müsahibəni diqqətinizə təqdim edirik.

Zaur Orucovun video oyunlar sahəsində ilk addımları necə başladı?

İlk arzularımı elə ilk addımlarım adlandıra bilərəm. Arzularım SSRİ-ni görmüş hər şəxsin elə indi də gileyləndiyi 90-cı illərə gedib çıxır. Mənim üçün əlçatmaz olan, hətta reallaşacağını düşünmədiyim istəklərdən biri kompüterimin olması idi. Kompüter xəyalı ilə atamın yazı maşınlarında oynayırdım. Xoşbəxtlikdən bəzən gözləmədiyimiz anlarda sürprizlər baş verir, 9 yaşımda atamın mənə stolüstü kompüter hədiyyə alması kimi...

Təsəvvür edin, 1996-cı il, Windows 95 proqram təminatı, indiki dövr ilə müqayisədə dəfələrlə zəif internet, amma sevincindən yerə-göyə sığmayan Zaur. Kompüterimi alan kimi ilk edəcəyim iş əlbəttə ki, o vaxtların məşhur video oyunu “Duke Nukem” yükləmək oldu. Video oyunlarına olan marağım hər gün daha da artdı və mən məşhur oyunların 50%-ni demək olar ki, əzbərə bilirdim. Artıq öz oyunumu yaratmaq vaxtı idi və “LOF Studios” hekayəmiz elə bu marağın çiçək açması ilə yazılmağa başladı.

"LOF Studios" ideyası özündə nəyi əks etdirir?

Mən nə rəssam idim, nə də proqramçı, keçən illər ərzində hüquq və neft sahəsində çalışırdım, uzun illər Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərdim, amma video oyunlarla bağlı ideya və arzularım heç vaxt məni tərk etmirdi. İstəyirdim ki, Azərbaycanda çox da tanınmayan bu sektoru inkişaf etdirim və bu işin bizdə alındığını hər kəsə göstərim. 2019-cu ilin dekabr ayından etibarən artıq real şəkildə oyun quruculuğu ilə məşğul olmağa başladım. “Global Game Jam” beynəlxalq oyun quruculuğu tədbirinə qatılmaq istəyirdim və bunun üçün komandaya ehtiyacım var idi, çünki mən işin daha çox ideya və menecment tərəfinə bələd idim. Çox çəkmədi, bu sahəyə öz töhfələrini vermək istəyən, hal-hazırda da layihələrimizin özəyini təşkil edən və bu gün də demək olar ki sözün əsl mənasında bir ailə kimi olduğumuz əvəzsiz insanlarla tanış oldum və biz işə başladıq. Artıq 8 nəfərlik komandamız var idi və biz cəmi 48 saat ərzində 3D qrafikalı oyun yaratmışdıq. Heç birimiz oyundan böyük uğur gözləmirdik, bizim üçün önəmli olan təcrübə və komanda işi, potensialımız idi. Biz özümüzü yarışın qalibi kimi hiss edirdik, çünki xəyalını qurduğumuz, eyni baxış bucağına malik insanlardan ibarət komandamızı artıq tapmışdıq.

Bu həyəcanlı ilk addımlar bizi “LOF Studios” (Land Of Fire Studios) adı altında birləşdirdi. “LOF Studios” Bakı şəhərində yüksək texnoloji məhsullar (video oyunlar, sosial yönümlü tətbiqlər, motion capture hərəkətin rəqəmsallaşdırılması, 3D model və animasiyaların satış platforması və s.) istehsal edən, marketinqini və satışını həyata keçirən və məhsulların istehsaldan sonrakı inkişafını və idarəetməsini bütün seqmentlər üzrə A-dan Z-yə gerçəkləşdirən Azərbaycanda və regionda ilk böyük çoxfunksiyalı studiya layihəsidir.

Studiya həmçinin 26 oktyabr 2020-ci il tarixində öz çoxfunksiyalı yüksək texnoloji fəaliyyət növünə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli Fərmanı əsasında yaradılmış Pirallahı Yüksək Texnologiyalar Parkına (YTP) rezidentlik statusunu Azərbaycan İnnovasiyalar Agentliyinin müvafiq qərarına əsasən alaraq 10 il müddətinə dövlət vergilərindən (mənfəət/gəlir vergisi, əmlak və torpaq vergisi, texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə ƏDV və gömrük rüsumları) azad edilmişdir.

Studiya özündə hansı layihələri birləşdirir? Həmin layihələr haqqında qısa məlumat verə bilərsinizmi?

Mən ilk olaraq Qarabağ probleminə həsr edilmiş “Həqiqət” (The Truth) oyunu haqqında danışmaq istəyərdim. Bu oyunun tizeri hər kəsdə böyük maraq oyatmışdı və biz bir sıra televiziya kanalları tərəfindən dəvət almışdıq.

İkinci Qarabağ müharibəsi bizi bu oyunu yaratmağa ilhamlandırsa da, biz əsasən tarixi reallıqları bütün dünyaya çatdırmaq istədik. Dünya əhalisinin 1/3-i video oyun oynayır və bu insanların şüuruna birbaşa təsir edir. Çoxlarımız uşaqlıqda oynadığımız oyunların hər bir səhnəsini aydın şəkildə xatırlayırıq. Bu bizə imkan verir ki, Azərbaycanda tarix boyu baş verənləri bütün həqiqətləri ilə dünyaya çatdıraq. “Həqiqət” oyunu bədii və sənədli səhnələri özündə birləşdirəcək. Hadisələr üçüncü şəxs tərəfindən oyunçulara çatdırılacaq. Oyunda daha bir maraqlı məqam tarixi şəxsiyyətlərin yer almasıdır. Tariximizdə mühüm rol oynamış şəxsləri biz bu video oyunda canlandıracağıq və təbii ki, onlarla yanaşı beynimizin məhsulu olan personajlar da yer alacaq. Həmçinin oyunda olan bütün personajları Motion Capture texnologiyası ilə Azərbaycanın və Türkiyənin məşhur aktyorları ilə canlandırmağı planlaşdırırıq.

Bundan başqa bizim lokal və qlobal xarakterli digər layihələrimiz də var. Onların hər biri mövcud sahədəki boşluqları tamamlamaq üçün nəzərdə tutulub. Həmin layihələr haqqında qısa məlumat vermək istəyərdim:

  • “Project BOB” – kütləvi çox oyunçlu onlayn (MMO Massive Multiplayer Online) krallıq döyüşləri (battle royale) janrında yüksək keyfiyyətli AAA statuslu 3D oyun;
  • Motion Capture hərəkətin rəqəmsallaşdırılması texnologiyası. Bu texnologiya ilə studiyamızın istehsal edəcəyi video oyunlar, online satış platforması və digər sifarişlər (kinematoqrafiya səhnələri) üçün yüksək keyfiyyətli animasiyalar hazırlanacaqdır;
  • “ƏMƏK” – Əhalinin Məşğuliyyət Klubu – Azərbaycan vətəndaşları üçün işsizliyin aradan qaldırılması və əmək münasibətlərinin “uberizasiya” prinsipi ilə təşkili üzrə mobil tətbiq;
  • “MEDYBOT” – tibbi bot – ölkə üzrə fəaliyyət göstərən bütün tibb müəssisələrinin, həkimlərin və göstərdikləri bütün xidmətlərin “uberizasiya” prinsipi ilə onlayn sifarişi və təşkili üzrə mobil tətbiq;
  • www.lofstudios.store – Onlayn satış platforması – Onlayn render xidmətləri, onlayn qalereya/kitabxana satışı (3d personajlar, 3d obyektlər, MoCap animasiyalar, səs effektləri və s.)

Həmin layihələrin Azərbaycanda və dünyada hansı mövqedə olması planlaşdırılır?

Hər bir işə başlayanda böyük düşünmək lazımdır. Mən uşaqlıqdan video oyunlar yaradıb, dünyaya onları nümayiş etdirmək istəyirdim. Ən cəsarətli arzular elə uşaqlıqda yaranır. İndi də bu arzum dəyişməyib. Onun arxasınca gedirəm və bilirəm ki, planlarımızı reallaşdıracaq gücə sahib komandamız var. Məhz buna görə də qlobal trendləri və davamlı inkişaf tendensiyasını nəzərə alaraq, dəqiq hədəfli marketinq strategiyası ilə üzərində işlədiyimiz yaradıcı layihələrimizlə Azərbaycanı dünyanın video oyun və tətbiqlər sahəsində ilk 10-luğa çıxarmağı planlaşdırırıq. Azərbaycanda yaradıcı beyinlər çoxdur və onların artıq dünyada öz sözünü demək vaxtıdır. Komandamızı böyüdərək Azərbaycanın bütün istedadlı gənclərini ətrafımızda cəmləşdirəcəyik. İlk illərdə 100-200 nəfər, daha sonra hətta 300 nəfərlik komandamızla qlobal hədəflər bizim üçün artıq əlçatan olacaqdır.

Əsas məqsədimiz mövcud bacarıqlarımızla ölkəmizi bu sahədə irəli aparmaqdır. Layihələrimizin bir hissəsi lokal xarakter daşıyır və regional inkişaf marafonu yaradır. Biz istəmirik ki, yaşayış yerindən asılı olaraq kimlərsə texnologiyanın faydasından kənarda qalsın. İmkanları əlçatan etmək istəyirik.

Ucqar bir kənddə yaşayan 60 yaşlı babanın tibbi bot vasitəsilə ehtiyacı olan xidməti onlayn sifariş etməsi mükəmməl səslənmir? Baba artıq saatlarla şəhər mərkəzinə getmək üçün əziyyət çəkməyəcək.

Sadəcə bir nümunəni dilə gətirmək belə insana sevinc bəxş edir, sevdiyim bir işlə məşğul olmaqla ölkəyə və cəmiyyətə verdiyim fayda haqqında düşündükdə hansı hissləri keçirdiyimi ifadə etməkdə acizəm.

"LOF Studios" ölkənin yaradıcı sənayelər sahəsində və iqtisadiyyatında necə rol oynayacaq?

Bu gün video oyunlara qarşı maraqlı olan böyük bir sosial qrupa sahibik və onların çox hissəsi gənclərdir. Hər biri yaradacağı oyun barədə düşünür və gələcək planlarını qurur. Beyinlər var, amma video oyunlar sahəsində böyük boşluqlar da bizi izləyir. Pazl kimi düşünsək, nəinki bütün parçalar birləşməyib, hətta onların çoxusu öz yerini tapmayıb.

Biz bu vəziyyəti tamamilə dəyişmək istəyirik. Məqsədimiz oyun sənayesinin inkişafı üçün tələb olunan ekosistemi sözdə yox, artıq əməldə yaratmaqdır.  

Dünyanın bir çox ölkələrində oyunlar sənayesi ölkə iqtisadiyyatının əsasını təşkil edir. Buna misal olaraq digər ölkələrin (Polşa – CD Projekt Red, Belarus – War Gaming, Türkiyə - Peak Games və s.) milyardlarla dollarlıq təcrübələrini göstərmək olar.

Polşanın məşhur layihəsi CD Projekt Red-in dəyəri, ən böyük Polşa bankının dəyərindən belə yüksəkdir. Texnologiya düzgün istifadə edildikdə öz sözünü deyir.

Düşünürük ki, “LOF Studios” tərkibində olan layihələrimizin düzgün istehsal, marketinq siyasəti və eksportu ilə yüksək gəlirliliyi nəticəsində əlavə valyuta axınının stimullaşdırılmasında vacib rol oynayacaqdır.

Pandemiya planlarda hər hansı dəyişikliyə səbəb oldu?

Komandamız pandemiyanı fürsətə çevirənlərdən oldu. Sərt karantin müddətində bütün komanda bir evdə bir məqsəd uğrunda toplanmışdı.

Planımız oyunumuzun alfa versiyasını hazırlamaq idi. Pandemiyanı fürsətə çevirmək qərarına gəldik. Təbii ki, sağlamlıq birinci gəldiyi üçün ilk öncə komanda olaraq COVİD-19 testi verdik və bütün nəticələr neqativ çıxdı. Daha sonra kirayə bir ev tutduq və gecə-gündüz oyun üzərində çalışmağa başladıq. 3 ay, 8 nəfər və oyunun alfa versiyası hazır idi. Pirallahı Yüksək Texnologiyalar Parkına (YTP) rezidentlik statusunu elə bu versiyanın bəyənilməsi ilə aldıq.

Ümumilikdə pandemiya studiyamızın layihələrin formalaşmasında böyük rol oynadı. Belə ki, bütün dünya üzrə insanların evə qapanması video oyun industriyasının daha da böyüməsinə gətirib çıxardı. Newzoo video oyunlar üzrə qlobal analitik portalının pandemiyadan öncə verdiyi proqnoza əsasən, qlobal video oyun bazarı 2020-ci il üçün 157 milyard ABŞ dolları dəyərində gəlir əldə etməli, lakin 2020-ci il dekabr ayına olan real nəticə pandemiya səbəbindən 175 milyard ABŞ dolları məbləğini ötmüşdür. Həmçinin bütün dünya üzrə rəqəmsal məhsullardan istifadə tezliyi dəfələrlə artmış, bu da öz növbəsində sosial yönümlü tətbiqlərin vacibliyini bir daha göstərmişdir. Hətta postpandemiya dövründə belə sosial yönümlü tətbiqlərdən istifadəyə davam ediləcəkdir.

Həm dünya bazarına, həm də bizim layihələrimizə pandemiya böyük dəstək göstərdi. Deyəsən tək müsbət tərəfi budur.

Pandemiya həmçinin böyük bir planımızın suya düşməsinə səbəb oldu. Dünyaca məşhur Amerikanın “BattleBots” şirkəti ilə razılaşmamıza əsasən turnirin bir hissəsini Azərbaycanda təşkil ediləcəkdi. Bütün tədbirlər kimi “BattleBots” da ləğv edildi. Hal-hazırda Amerikada izləyicisiz, virtual olaraq keçirilir.

Biz yenə də stəkanın dolu tərəfinə baxırıq və uğurlarımızın daha çox olduğunu düşünürük.

Qarşıda duran əsas məqsədlər nələrdir?

Məqsədimiz ilk günlərdə tək video oyun yaratmaq olsa da, artıq onların sayı və böyüklüyü artır. Biz istərdik ki, ölkədə dayanıqlı inkişafa malik oyun sənayesi yaradaq. Rəqabətli mühit, möhtəşəm ideyalar və iqtisadiyyatda əsas rol oynayan yeni sahə.

8 nəfərlə komanda qurduğumuz zaman daha çox yoldaş cəlb etmək barədə fikirlərimiz yox idi, bu gün isə 15 nəfərlik komandamız var. Məqsədimiz isə hətta özümüzə rəqiblər yaratmaqdır. Yeni gəncləri yetişdirmək və onlara yol göstərməkdir. Oyunlar sənayesini praktikaya gətirmək və ona böyük rol vermək istəyirik.

Bu istiqamətdə İnnoland İnkubasiya və Akselerasiya mərkəzində oyun quruculuğunun stimullaşdırılması üçün Gametech layihəsinə start verilmiş və artıq müxtəlif tədbirlərin və təlimlərin başlanılmasını gözləyirik. Biz dayanmağı sevmirik. Mövcud fikirlər üzərində təkmilləşdirmə işlərimiz davam edir və növbəti ideyalar haqqında düşünürük. Məqsədlərimiz barəsində daha konkret deyəsi olsaq, aşağıdakıları qeyd etmək olar:

  • Azərbaycanda xüsusi biliklərə malik (proqramçı, animator, rəssam, qrafist və s.) gənclər üçün 100 və daha artıq iş yerinin açılması və xarici ölkələrə beyin köçünün qarşısının alınması;
  • Azərbaycanlı xüsusi istedada malik gənclərin yetişdirilməsi və biliklərinin təkmilləşdirilməsi;
  • Azərbaycanı yüksək texnologiyalar sferasında qlobal müstəvidə tanıtmaq;
  • Azərbaycanın video oyun, qrafika, kinematoqrafiya və müxtəlif növ tətbiqlər industriyasının təkmilləşməsi, inkişaf etdirilməsi və genişləndiriməsi;
  • İstehsal etdiyimiz video oyun və tətbiqlərin qlobal müstəvidə ekspansiyası;
  • İstehsal etdiyimiz yüksək texnoloji məhsulların industriyasına uyğun böyük gəlirlər gətirməsi;
  • Layihələrimizin yüksək gəlirliliyi nəticəsində Azərbaycana əlavə valyuta axını.

Hədəfimiz Azərbaycanda qısa müddətdə video oyun quruculuğu praktikasını yaratmaqdır. Gənclərin maraq səviyyəsi və oyun qurucularının öyrətmək həvəsinə, əsasən deyə bilərəm ki, bunu reallaşdırmaq çətin olmayacaq. Kreativ Azərbaycan komandasına yaradıcı oyun sənayesini diqqətə aldıqları üçün təşəkkür edirəm!

Bizi sosial şəbəkələrdə izləyin:

Facebook:  facebook.com/creative.az  

Instagram: https://www.instagram.com/kreativaze/

LinkedIn: https://www.linkedin.com/company/kreativaze

Telegram: https://t.me/kreativaz

Twitter: https://twitter.com/KreativAze

YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?