Aut quia eos reprehe
Nihad Qulamzadə: Azərbaycanda ilk inklüziv teatrın yaradıcısı ilə müsahibə
Ölkənin və eləcə də Qafqazın əlilliyi olan aktyorlardan ibarət ilk teatrı olan ƏSA Teatrı bu günlərdə 4 yaşını qeyd edib. Əlilliyi olan və olmayan yaradıcı insanlardan təşkil edilmiş bu kollektiv öz fəaliyyəti dövründə ölkə və dünya çərçivəsində müxtəlif ilklərə imza atıb. Teatrın yaradıcısın, rəhbəri, rejissor Nihad Qulamzadə kollektivin keçdiyi inkişaf yolu haqqında “Kreativ Azərbaycan”a verdiyi geniş müsahibəni diqqətinizə təqdim edirik.
Azərbaycanın ilk inklüziv teatrını yaratmaq ideyası necə gəldi? Bu fəaliyyətin təkan nöqtəsi nə idi?
5 yaşımda Azərbaycan Televiziyasının nəzdində olan “Bənövşə” uşaq xoru ilə başlayan incəsənət həyatım, G.Şaroyev adına 35 nömrəli musiqi məktəbi və təhsil aldığım orta məktəbin teatr dərnəyi ilə davam edib. 14 yaşımdan etibarən teatr sahəsindəyəm və artıq 7 ildən çoxdur ki, peşəkar teatr fəaliyyəti ilə məşğulam. İncəsənətin bir neçə sahəsi ilə yaxından tanış olduğum üçün hər zaman düşünmüşəm ki, Azərbaycan dünyanın ən yaxşı mədəniyyətinə sahib ölkələri arasında ilk sıralarda olmağa layiqdir. Çünki xalqımız tarixən öz mədəniyyətini layiqincə təmsil edib, incəsənətin hər bir sahəsində təkrarolunmaz dəsti-xətt yarada bilib. Təəssüf ki, zaman-zaman ölkəmizin üzərində olan “qara buludlar” bu xalqın yaratdığı mədəniyyətin dünyaya “hökm etməsinə” mane olub. Ölkəmiz üçün fədakarlıq edən, xalqımızın inkişafı və rifahı üçün bir çox imtiyazlardan məhrum olan maarifçi şəxsiyyətlərimizi hər zaman özümə örnək götürmüşəm. Dövlətimizin mədəniyyətinə kiçik də olsa yenilik gətirmək daima arzum olub. Teatr sahəsi ilə məşğul olduğumdan düşünürdüm ki, bu sahədə öhdəmə düşən vəzifəni (milli teatr sənətimizin inkişafı) yerinə yetirməliyəm. Axı teatra xidmət etmək, ardıcılları olduğumuz sənət xadimlərinin getdiyi yolu təkrar-təkrar getmək deyil. Onlar daş-qalaqlı yolları bizim üçün hamarlayıblar ki, biz daha da irəli gedək. Biz də gələcək nəsil üçün yeni yollar yaratmalıyıq. Mədəniyyətin inkişaf predmeti mənsub olduğu ölkənin sosial vəziyyəti ilə birbaşa bağlıdır. Cəmiyyətin sosial vəziyyəti də daima maraq dairəmdə olub. Bu səbəbdən öz fəaliyyətimdə sosial sahə ilə, mədəniyyət sahəsini daha yaxın etmək qərarına gəldim. Xalqımızın incəsənətə olan marağı, bağlılığı hər bir fərdində öz əksini tapır. 2016-cı ilə qədər apardığım müşahidələrə əsasən, aydın olurdu ki, əlilliyi olan şəxslərin də incəsənətə sevgisi və xüsusi istəyi var. Bu kimi mütərəqqi məqsədlər və amillər 3 sentyabr 2016-cı ildə Qafqazda peşəkar fəaliyyət göstərən ilk inklüziv teatrın – “ƏSA”nın yaranmağına səbəb oldu.
Teatra “ƏSA” adını vermisiniz. Necə oldu ki, bu adı seçdiniz?
Hər zaman komanda fəaliyyətinə üstünlük vermişəm. Teatrımızın ilkin fəaliyyət yolu və heyəti məlum olsa da, adı yox idi. İstəyirdim ki, ölkəmiz üçün yeni olan teatrın adını heyətimizlə birgə verək. Hər kəs bir ad fikirləşirdi və biz bunu müzakirə edirdik. Nəhayət teatrımızın baş meneceri Nicat Qulam “ƏSA” adını təklif etdi.
Biz yekdilliklə bu adı qəbul etdik. Çünki “ƏSA” dayaq deməkdir, biz də fəaliyyətimizlə cəmiyyətimizə, mədəniyyətimizə dayaq olmaq niyyətində idik. Həmçinin bu ad əngəlsiz, sərhədsiz, azad sözlərini özündə birləşdirir. İstəyirik hər kəs bilsin ki, teatrın heyətində əlilliyi olan şəxslər olsa da, biz səhnədə əngəlsizik, inkişaf üçün özümüzə sərhəd qoymuruq, müasir və inkişaf etməkdə olan Azərbaycanda azad sənətlə məşğul ola bilirik.
İlk gündən 4 ilə nələr dəyişib?
İlk gündən bu yana nəinki “ƏSA” Teatrında, ölkədə də bir çox dəyişikliklər baş tutub. 4 il əvvəl əlilliyi olan insanların incəsənət sahələrindəki iştirakı zəif idi, kollektiv şəkildə inklüziv fəaliyyətlər demək olar ki, yox idi. Hazırda isə bu sahədə bir çox inkişaf meylləri var. Fəxrlə deyə bilərik ki, ölkəmizdə inklüziv fəaliyyətlərin çoxalmasında ƏSA Teatrının da rolu böyükdür. Biz inklüzivliyi daha geniş kollektiv fəaliyyətə daşıdıq və bu fəaliyyəti böyük auditoriyalara təqdim etdik. Bununla da cəmiyyətdə bir növ oyanış yaratdıq. Bir çox insanlar “ƏSA” Teatrının fəaliyyətindən bəhrələnərək, yeni ideyalar meydana gətirdilər. Teatrımız yeni yaranan inklüziv fəaliyyətlərə hər zaman dəstək göstərib və öz təcrübəsini onlarla bölüşüb.
İlk günlərdə teatrımızın heyəti 5 nəfərdən ibarət idi. Teatrın baş meneceri Nicat Qulamla kirayə yaşadığımız 20 kv/m-lik otaqda fəaliyyətə başlamışıq. Burada ilk tamaşamız olan “DUMB”u ərsəyə gətirmişik. Teatrımız yeni yarandığı üçün çox çətinliklər yaşamışıq. Lakin dərhal Mədəniyyət Nazirliyinə və ya digər dövlət qurumlarına dəstək üçün müraciət etməmişik. Düşünürdük ki, əvvəlcə əziyyət çəkib, özümüzü təsdiq etməliyik. Çətinliklə də olsa, istəyimizə nail olduq. ƏSA Teatrı 4 ildir ki, aktiv şəkildə fəaliyyət göstərir. Zaman-zaman teatrımızın heyəti 30-dan çox olur. 2018-ci ildə təqdim etdiyimiz “Göy quş” (Moris Meterlink) tamaşasının hazırlanmasında 30 aktyor olmaqla, 50-dən çox yaradıcı-texniki heyət iştirak edirdi. Bu tamaşada xalq artisti, əməkdar artist, peşəkar və həvəskar aktyorlar, gimnastlar çıxış edirdi. Hazırda teatr icarə əsasında şəhərin mərkəzində yerləşən ofisdə fəaliyyət göstərir. Pandemiyaya qədər mütəmadi olaraq ayda bir dəfə tamaşaçıların qarşısına çıxırdıq. Karantin rejimi elan olunduqdan sonra ƏSA Teatrı ölkədə ilk dəfə virtual tamaşa nümayişləri həyata keçirdi. İlk dəfə virtual tamaşa nümayişini 2017-ci ildə etmişdik, bu səbəbdən bu dəfəki nümayişlərdə digər teatrlara nisbətən daha təcrübəli idik. Bu səbəbdən və teatrımıza olan marağa görə virtual tamaşa nümayişlərimiz digər teatrların nümayişlərindən daha çox baxılırdı.
Teatra qarşı olan həvəs Sizi qane edir?
“ƏSA” Teatrı yarananda çox böyük maraqla qarşılandı. Hər kəs tərəfindən dəstəklənsə də, müəyyən çoxluq da teatrımızın bir neçə aydan sonra fəaliyyətini dayandıracağını deyirdi. Belə bir fikir var idi ki, əlilliyi olan şəxslər teatrla məşğul ola bilməz. Çünki bu günə qədər cəmiyyət şux, qamətli və sağlam görünüşə malik aktyorlar görmüşdü.
Hətta bəzi peşəkarlar da düşünürdü ki, teatr aktyoru olmaq üçün mükəmməl fiziki sağlamlığa malik olmaq lazımdır. Lakin “ƏSA” Teatrı qısa zamanda öz fəaliyyəti ilə bu tabuları sındırmağı bacardı. Biz sübut etdik ki, teatr ilk növbədə mənəviyyat məsələsidir. Daxili zənginliyə sahib olursansa, qarşındakı sənin enerjini hiss edə bilirsə və sən emosiyanı qarşındakına düzgün şəkildə çatdıra bilirsənsə, məhdud fiziki imkanının olması aktyor olmaq üçün sənə ciddi maneə yaratmır. “ƏSA” Teatrı bu gün ona görə sevilir və tələbata çevrilir ki, biz əlilliyi olan və olmayan aktyorlar arasında balans yarada bilirik. Bununla da fiziki məhdudiyyət səhnədə bizə əngəl yaratmır. Hər yeni tamaşadan sonra teatrımıza olan maraq, həvəs artır. Bu da bütün çətinliklərə baxmayaraq fəaliyyət göstərməyimiz üçün bizə ilham verir. Lakin təəssüf ki, Azərbaycanda teatra həvəs göstərən kəsim ümumən azdır. Cəmiyyətdə teatra qarşı maraq yaratmaq ilk növbədə dövlət teatrlarının üzərinə düşür. Çünki dövlət tərəfindən onlara bir çox şərait yaradılıb. İnanıram ki, bu gün Mədəniyyət Nazirliyində aparılan islahatlar Azərbaycan teatrının inkişafına öz müsbət təsirini göstərəcək. Əgər inkişaf istəyiriksə, hər birimiz əlimizdən gələn xidməti yerinə yetirməliyik.
Bölgələri qarış-qarış gəzməyi və müxtəlif tamaşaların nümayiş etdirməyi məqsəd qoyduğunuzu qeyd etmisiniz. Hansı bölgələrdə tamaşalar təşkil edilib və reaksiya necə idi?
Biz paytaxtda bir çox uğurlar əldə etmişik. Tamaşalarımız dəfələrlə anşlaqla baş tutub. Buna görə də istəyirik ki, fəaliyyətimizi Azərbaycanın bütün bölgələri ilə tanış edək. Naxçıvan Muxtar Respublikasına və Lənkəran şəhərinə qastrol səfəri etmişik. Hər ikisi uğurla baş tutub. Xüsusən Naxçıvan MR-da tamaşamız böyük maraqla qarşılanıb. Bu qastrol səfərindən bir hadisəni qeyd etmək istəyərdim. Azərbaycan teatr tarixində nadir hadisə idi ki, 200-dən çox tamaşaçı zalda yer olmadığı üçün geri qayıtmışdı. Bununla bağlı bizim foto və video görüntülərimiz var. Naxçıvan Dövlət Musiqili Dram Teatrının qarşısında böyük tamaşaçı izdihamı var idi. Zala daxil ola bilməyən tamaşaçılar teatrın rəhbərliyinə müraciət etmişdi ki, “ƏSA” Teatrı ikinci nümayişi təşkil etsin. Təəssüf ki, növbəti gün Bakıda premyeramız olduğundan həmin gecə qayıtmalı olmuşduq. Lənkəran şəhərində də yay ayları olmağına baxmayaraq, kifayət qədər tamaşaçı nümayişimizi izləmişdi. Qarşıdakı qastrol planlarımız cəbhə bölgəsində yerləşən rayonlarımıza və Gəncə, Şəki, Qazax, Mingəçevir şəhərlərinədir. Düşünürük ki, bölgələrimizdə də teatrın və inklüzivliyin təbliğinə böyük ehtiyac var.
Ən çox rəğbətlə qarşılanan tamaşa hansı olub?
Biz daima çalışmışıq ki, keyfiyyətli tamaşalarla səhnəyə çıxaq. Müstəqil fəaliyyət göstərən teatr üçün peşəkar iş ortaya qoymaq çətindir, xüsusən teatr həm də inklüzivdirsə. Teatrımızın ən böyük uğurlarından biri də 4 il müddətində heyət formalaşdırmaq və onu qoruyub saxlamaqdır. Təbii ki, zaman-zaman heyətdə müəyyən dəyişikliklər olur, lakin hər keçən gün heyətimiz daha da təcrübə qazanaraq, peşəkarlaşır. Bu da tamaşalarımızda öz əksini tapır.
Bu günə qədər 7 tamaşa hazırlamışıq. Bu tamaşalar bir-birindən çox fərqlənir. Ona görə deyə bilərəm ki, hər tamaşamız ayrılıqda rəğbət qazanıb. Xüsusən sonuncu hazırladığımız “AND” tamaşası peşəkar nöqteyi-nəzərdən tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib. Etiraf etmək lazımdır ki, teatrın ilk cəhdlərində tamaşaçılar bizə çox güzəştə gedirdilər. Məsələn ilk tamaşamız olan “DUMB”da kifayət qədər problemlər olsa da, tamaşaçılar inklüzivliyimizə görə bizi alqışlayırlardı. Amma indi tamaşaçıların bizi bəzi hallarda tənqid etməsi və bizdən daha yaxşı iş tələb etməsi onu göstərir ki, artıq ƏSA-ya güzəşt olunmur.
Gələcək planlarınız barədə nə deyə bilərsiniz?
Bizim gələcəklə bağlı ən böyük planımız yaşamaqdır. İstəyirik ki, teatrımızın fəaliyyəti hər zaman davam etsin. Çünki hələ görəcək işlərimiz, faydalarımız irəlidədir. Bölgələrimizlə yanaşı, xarici ölkələrə qastrol səfəri etməyi düşünürük. Bir neçə dəfə festivallara dəvət almışıq lakin maliyyə olmadığından gedə bilməmişik.
2018-ci ildə Amerika Birləşmiş Ştatlarının paytaxtında yerləşən “Open World” Liderlik Mərkəzinin “Əlillik haqları və sosial islahatlar” proqramının məzunu olmuşam. Burada inklüziv fəaliyyətlərlə tanış olanda aydın olurdu ki, ABŞ-da olan inklüziv teatrlar “ƏSA” Teatrı ilə müqayisədə çox geri qalırlar. Biz bu baxımdan sürətlə inkişaf etmişik. Düzdür onların hər şeyi – özlərinə məxsus binaları, nəqliyyat vasitələri, ştatlı işçiləri var. Lakin fəaliyyətləri peşəkar müstəvidə deyil, bunu özləri də etiraf edir. Orada amerikalı investorlara və startaplara “ƏSA” Teatrı haqda danışanda çox təəccüblənirdilər. Bəziləri deyirdi ki, biz inanmazdıq ki, sizin ölkədə inklüziv incəsənət bu qədər inkişaf edib. “ƏSA” Teatrı olaraq biz də dünyaya məhz bunu göstərmək istəyirik. Təbii ki, bunun üçün də dövlətimizin dəstəyinə ehtiyac var.
Bu gün, yəni ƏSA Teatrının 4 illiyini qeyd edərkən hansı hissləri keçirirsiniz?
Hər bir insan gördüyü işlərlə qürur duymaq istəyər. Mən də ilk növbədə qürur duyuram ki, təsisçisi olduğum, sözün əsl mənasında min-bir əziyyətlə bu günlərə gətirdiyimiz teatrın yaranmasının 4 ili tamam olur. Biz ilk günlərdən bilirdik ki, bu teatrı ayaqda saxlamaq asan olmayacaq. Lakin bəzən elə məhdudiyyətlərlə qarşılaşırıq ki, təəssüflənməmək olmur. Axı nəticədə biz mənsub olduğumuz cəmiyyətə, ölkəmizə xidmət edirik. İllərdir öz hesabımıza kirayələrdə fəaliyyət göstərməyimiz bir yana, hər dəfə tamaşa nümayişimiz üçün səhnə axtarmaq, bunun üçün çətin prosedurlar keçmək bizi həm də mənəvi olaraq sıxır. “ƏSA” Teatrının tamaşalarının nümayişi üçün əlverişli və təchizatlı səhnəyə ehtiyacı var. 2019-cu ilə qədər tamaşa nümayişi üçün səhnə tapmaq bizim üçün xüsusən çətin idi. Hər dəfə hazırladığımız tamaşanın aqibətinin necə olacağı bizi çox düşündürürdü. Çünki tamaşa ilə bağlı hər şey hazırlansa da, nümayişin harada olacağı naməlum idi. Tamaşa oynamaq üçün səhnə tapmaq bəzən bir aydan çox vaxtımızı alırdı. Bu da fəaliyyətimizdə durğunluq yaradır, tamaşaçı itirməyimizə səbəb olurdu. Səhnə problemi ilə bağlı çətinlikləri nəzərə alaraq Mədəniyyət Nazirliyinə ilk dəfə açıq şəkildə müraciət ünvanladıq. Bundan sonra “ƏSA” Teatrına ayda bir dəfə dövlət teatrlarının səhnəsində tamaşa nümayişi üçün imkan yaradıldı. Hətta məhz bu müraciətdən sonra təkcə “ƏSA” Teatrına yox, digər müstəqil teatrlara da dövlət teatrlarının səhnəsində yer verildi. Bu müstəqil teatrların inkişafı üçün atılmış təqdirəlayiq addım idi. “ƏSA” Teatrı da bu fürsətdən yararlanaraq, repertuar yaratdı və hər ay mütəmadi olaraq tamaşalarını təqdim etdi. Ümid edirik ki, yaxın zamanlarda digər problemlərimiz də öz həllini tapacaq.
ƏSA Teatrı ilə bağlı ən böyük arzunuz nədir?
Təkcə mənim yox, teatrımızın bütün heyətinin ən böyük arzusu “ƏSA”ya məxsus kiçik də olsa teatr binasının olmasıdır. “ƏSA” Teatrı 4 il ərzində özünü kifayət qədər təsdiq edib. Bu günə qədər qazandığımız uğurların çətin şəraitdə ərsəyə gəlməsi, teatra şərait yaradılacağı təqdirdə daha böyük işlər görəcəyimizi deməyə əsas verir. İkinci arzum isə teatrımızın heyətinin stabil və davamlı gəlirinin olmasıdır. Bu gün hər nə qədər heyətimizə ödənişlər etsək də, bunun stabil və davamlı olmaması onlar üçün güzəran çətinliyi yaradır.
Teatrımızın fəaliyyətinə göstərdiyi diqqətə görə “Kreativ Azərbaycan” komandasına təşəkkür edirəm!
Əsa Teatrının YouTube kanalı:
https://www.youtube.com/channel/UC-z0iH8jkhUV8bnmglv6JHA
Teatrın yaradıcı heyəti:
Təsisçi və rəhbər
Nihad Qulamzadə
Baş menecer
Nicat Qulam
Multimedia meneceri
Elxan Xanəlizadə
Menecer
Salatın İbrahimbəyli
Fotoqraf
Famil Mahmudbəyli
İşıq rəssamı
Binyamin Sailov
Rejissor
Abdulqəni Əliyev
Aktyor və rejissor
Elşən Əsgərov
Aktyor və rejissor asistenti
Səmayə Ağayarova
Aktyor heyəti
İmran Lalayev
Elvin Mirzəyev
Könül Şahbazova
Cəmilə Məmmədli
Rəsul Zəkiyev
Günay Məmmədova
Niyaz İlyasoğlu
Aysel Feziyeva
Bəhram Rəhimli
Elsevər Rəhimov
Mehdi Cənnəti Fərd
Rafael Şahbəyli
Orxan Əliyev
Riad Sultanov
Gülnar Əlfidatı
Fərid Əliyev
Surdo tərcüməçi
Nuranə Abıyeva
Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/