Azərbaycan Annecy Festivalında təmsil olunur

13 İyun 2023 Xəbər
news-inner-photo

Azərbaycanın animasiya müəllifləri dünyanın ən böyük və ən qədim animasiya festivalı olan Fransanın Annecy Beynəlxalq Animasiya Film Festivalında təmsil olunur. 11-17 iyun tarixlərində keçirilən festivalda 103 ölkədən 15 640 tamaşaçının iştirak edəcəyi gözlənilir.

Festivalda rejissoru Nəzrin Ağamalıyeva, prodüseri Rəşid Ağamalıyev olan “Hədis” qısametrajlı animasiya filminin dünya premyerası baş tutacaq. “ANİMAFİLM Studio” animasiya studiyasının istehsal etdiyi “Hədis” filmi “Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzi”nin maliyyə və ideya dəstəyilə çəkilib. Azərbaycan Animasiya Assosiasiyası, “Əkinçi” platforması və “Skwigly” online animasiya jurnalı filmə media dəstəyi verib.

“Hədis” qısametrajlı animasiya filmi 2022-ci ilin sentyabrın 21-də İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş 22 yaşlı Azərbaycan Türkü Hədis Nəcəfiyə həsr olunub, İranda gender, etnik və mədəni ayrıseçkiliklə mübarizə aparanlara ithaf olunub. Hədis hazırda İranda Azərbaycan müqavimətinin və etnik mübarizənin simvolu kimi də hörmətlə qarşılanır.

Qeyd edək ki, qısametrajlı kateqoriyada yarışa cəmi 71 film layiq görülüb. “Hədis” 112 ölkə üzrə 3250 film arasından seçilib. Annecy müsabiqəsinə daxil edilmək Azərbaycan kino sənayesi üçün mühüm nailiyyətdir.

Annecy festivalında gənc animasiya rejissoru Ülviyyə Məmmədova da iştirak edir. Onun festivalda iştirakı 5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının “Ağ qorxu” filmi ilə "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" mükafatını qazanması sayəsində mümkün olub. Qeyd edək ki, həmin mükafatın sponsorları Azərbaycandakı Fransız İnstitutu (IFA), Fransanın Azərbaycandakı səfirliyi və Annecy festivalıdır.

Qeyd edək ki, növbəti – 6-cı ANİMAFİLM festivalı 6-10 sentyabr 2023-cü il tarixlərində Bakıda keçiriləcək. Festivalın mövzusu “Qadın haqları” olacaq. Festivalın təşkilat komitəsi animasiya peşəkarlarını və studiyaları müsabiqə proqramında iştirak etməyə dəvət edir. Müraciətlər üçün ən son tarix 2023-cü ilin 1 iyul tarixidir. Əsərlər yerli və beynəlxalq kateqorıyalar üzrə qəbul olunur. Qaliblər üçün mükafatlar nəzərdə tutulub.

Bu məqalə sizin üçün faydalı oldumu?