V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının açılış mərasimi keçirildi

8 Sentyabr 2022 Xəbər
news-inner-photo

Nizami Kino Mərkəzində sentyabrın 7-də V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının açılış mərasimi keçirildi.

Açılış tədbirində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, nazirliyin əməkdaşları, xarici ölkələrdən qonaqlar və kinosevərlər iştirak edirdi.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev qeyd etdi ki, Azərbaycan kinematoqrafiyası dünya kinematoqrafiyasının tərkib hissəsidir və bu sahənin inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılması çox vacibdir. Həmçinin birinci müavin  ekran məzmunlu əsərlərin ənənəvi kitablarla böyük rəqabət apardığını və demək olar ki, bu rəqabətdən qalib ayrılıdlığını qeyd etdi. 

Elnur Əliyev bildirdi ki, Mədəniyyət Nazirliyi animasiya sahəsinə dəstək olmaq sahəsində işləri davam etdirir: “Bildiyiniz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Kino Agentliyi yaradılır. Agentliyin əsas məqsədi kinematoqrafiya sahəsini sənayeləşdirməkdir. Bununla sözügedən sahə daha çox inkişaf edəcək. Mədəniyyət Nazirliyi tərəfindən keçən il “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi keçirildi. Müsabiqədə “Tarix” və “Qarabağ nağılı” adlı iki animasiya ssenarisi qalib oldu. Həmin ssenarilər əsasında filmlərin istehsalı davam edir. Bu il də yeni bir animasiya filminin istehsalına başlamışıq. Yəni Mədəniyyət Nazirliyi bu sahədə öz imkanları çərçivəsində vacib addımlar atır”. 

Sonra tədbir iştirakçıları iqlim dəyişikliyi ilə bağlı “Kimsə bizdən soruşsun”, “Qorxu pəriləri”, “Donuz”, “Kəpənəyin qanadları” animasiya filmlərini izlədirlər.

Qarabağ Dirçəliş Fondunun ictimaiyyətlə əlaqələr və kommunikasiya üzrə koordinatoru Pərvin Məmmədova bildirdi ki, V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının mövzusundan əlavə maraqlı və anlamlı kompaniyası da var. Belə ki, bilet satışından əldə olunacaq vəsait işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

Festivalın təsisçisi və direktoru, “Azərbaycan Animasiya Assosiasiyası” İctimai Birliyinin sədri Rəşid Ağamalıyev və festivalın art-direktoru Nəzrin Ağamalıyeva V ANİMAFİLM festivalı haqqında məlumat verdilər. Qeyd olundu ki, bu il festival tamaşaçılara müsabiqə, müsabiqədənkənar və peşəkarlar olmaqla 3 əsas proqram təqdim edəcək. Bildirildi ki, ölkəmizdən 16 film müsabiqədə iştirak edir. Uşaq münsiflər heyətinə 22 yerli uşaq, beynəlxalq heyətə isə 6 peşəkar xarici münsif daxil edilib. Bu il “Tamaşaçı seçimi” müsabiqəsinin qalibi izləyicilərin səsverməsinin nəticələri əsasında müəyyənləşəcək. Bütün seçilmiş filmlərə beynəlxalq münsiflər heyəti baxacaq, qaliblər festivalın bağlanış mərasimində elan olunacaq. Festivalın ən dəyərli mükafatı Fransada keçirilən “Annecy” Beynəlxalq Animasiya Film Festivalına səyahətdir. Digər kateqoriyalarda pul mükafatı, planşetlər və keramik heykəlciklər təqdim ediləcək.

Nəzrin Ağamalıyeva çıxışının sonunda 2023-cü ildə keçiriləcək altıncı festivalın mövzusunun “Gender bərabərliyi”nə həsr olunacağını diqqətə çatdırdı.

İsveçrə Əməkdaşlıq Təşkilatı Bakı ofisinin rəhbəri Alberto Hernandez və “Val” animasiya filminin rejissoru Jonathan Laskar festival haqqında fikirlərini bölüşdülər. Sonda “Val” filmi nümayiş olundu.

Qeyd edək ki, festival çərçivəsində Nizami Kino Mərkəzində beynəlxalq münsiflər heyəti ilə görüşlər, rejissor Jonathan Laskarnın (İsveçrə) ustad dərsi təşkil olunacaq. Bundan əlavə, proqramda Nitya Ramloqan (ABŞ), Tilly Vallace (İngiltərə) və Nəzrin Ağamalıyeva (Azərbaycan) iştirakı ilə “Stop montion” və “Şüşə üzərində animasiya” vorkşopları da nəzərdə tutulub. “Animasiya refreyminqi: rəqəmsal texnologiyalar əsrində hərəkətli təsvirin qorunması və bərpası” adlı konfrans da festivalın əsas proqramına daxil edilən tədbirlərdəndir.

Festivalın builki tərəfdaşları Mədəniyyət Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Qarabağ Dirçəliş Fondu, “Culture Network House Assosiation”, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası, Nizami Kino Mərkəzi, “Annecy” Beynəlxalq Animasiya Film Festivalı və digər qurumlardır. İqlim dəyişikliyinə həsr olunan builki festivalın devizi “Bir bilet – bir ağac”dır. Festivalın media tərəfdaşları “Baku” və “Nargis” jurnallarıdır.

Mənbəhttps://culture.gov.az/az

Bu məqalə sizin üçün faydalı oldumu?