Əyləncə sənayesinin nümayəndəsi “Günəşim” kukla teatrı

21 Yanvar 2022 Xəbər
news-inner-photo

Əyləncə sənayesinin nümayəndəsi “Günəşim” kukla teatrı 

Dünyada sürətlə inkişaf edən əyləncə sənayesinin bir hissəsi olan kukla teatrları tətbiqi sənətin (performing arts) bir növü olmaqla həmçinin, iqtisadi və sosial təsirə malik yaradıcılıq nümunəsidir. Məsələn, Böyük Britaniyaya gələn bütün turistlərin 9,2%-i teatra, musiqi konsertlərinə, opera və balet tamaşalarına, parklarda, pablarda, restoranlarda və hətta düşərgələrdə göstərilən yerli tamaşalara baş çəkirlər ki, bu da Avropada turizm dövriyyəsinin mühüm elementi hesab edilir. 

Sənayenin bu növü Azərbaycanda da diqqət görməyə başlayıb. Belə ki, 2019-cu ildən etibarən Sumqayıtda fəaliyyətə başlamış “Günəşim” kukla teatrı 16 yanvar 2022-ci il tarixində maraqlı tamaşaları ilə balaca dostların görüşünə gəlib. Nümayiş olunan “Qırmızı papaq” və “Tıq-tıq xanım” tamaşaları balaca dostlar tərəfindən maraqla qarşılanıb və davamlı olması istənilib.

“Günəşim” kukla teatrı layihəsinin ideya müəllifi və rəhbəri Ayişə Səfərli bu mövzu ilə bağlı bizimlə fikirlərini bölüşdü:

“Gələcək nəsillərin milli teatr sənətinə sevgi ruhunda yetişməsi, ənənəvi həvəskar aktyorların formalaşması və kukla sənətinə uşaq yaşlarından marağın yaranması məqsədi ilə azyaşlı uşaqların teatra cəlbi bizim üçün ön plana keçmişdir. Teatr uşaqların dünya görüşünün inkişafına, teatr estetikasının dərk edilməsinə, teatra sevgisini aşılayır. Nağıllar vasitəsilə uşaqlar fantaziyanı gerçəyə çevirərək təxəyyülünü inkişaf etdirir, nağıllarda olan müsbət xarakterli obrazlara rəğbət bəsləyərək onları özünə nümunə seçir.
 
Mən də Sumqayıtda müasir standartlara cavab verən kukla teatrının olmadığını nəzərə alaraq “Günəşim” kukla teatrını yaratmaq qərarına gəldim. “Günəşim” kukla teatrı 16 aprel 2019-cu ildən güclü komandanın əməyi nəticəsində fəaliyyətə başlamış və həmin gündən “balaca dahilərin” sevimli teatrına çevrilmişdir. Teatrın repertuarında “Tıq-Tıq xanım”, “Qırmızı papaq”, “Qoğal”, “Cırtdan” və digər məşhur nağıllarımız var.
2020-ci ilin mart ayında pandemiya başlayanda bütün teatrlar, o cümlədən “Günəşim” kukla teatrı tamaşa zallarının qapılarını bağlamalı oldular. Buna baxmayaraq, tamaşalar onlayn təqdim olunmuş və yenidən fəaliyyətini bərpa etmişdir.

Qeyd edək ki, “Günəşim” kukla teatrı yalnız Sumqayıtda deyil Xızı rayonunda da səyyar tamaşalarla uşaqları sevindirir.

Bu məqalə sizin üçün faydalı oldumu?