Petrikor layihəsinin təsisçisi Təhminə Əhmədzadə ilə müsahibə

21 İyun 2021 Uğur hekayələri
news-inner-photo

Son zamanlar yerli sosial sahibkarlıq sahəsində inkişaf gözəçarpan dərəcədədir. Bu cür layihələr arasında yaradıcılığa aid layihələrin olması da xüsusi sevindirici haldır. Bu birbaşa cəmiyyətdə yaradıcı biznes düşüncəsinin formalaşmasına və sahəyə olan marağın artmasına gətirib çıxarır. Sosial sahibkarlıqlar yaradıcı ekosistemə həmçinin öyrədici məzmunla da töhfə verirlər. Bu təşəbbüs də öz növbəsində öyrənmək istəyən gənclər üçün resurs rolunu oynayır. Bu gün belə sosial sahibkarlıq layihələrindən biri – Petrikor layihəsi haqqında layihənin təsisçisi Təhminə Əhmədzadə ilə söhbət edəcəyik.

Petrikor ideyası necə yarandı?

Magistr təhsilimi ADA Universitetində Dövlət qulluğunun təşkili və idarə olunması üzrə almışam. İxtisasımdan dolayı daim sosial araşdırmalar edir, sorğular aparır, müəllimlərlə müzakirələr aparırdım. Bu proseslər məndə müəyyən suallar yaradırdı:

  • Mənim uzunmüddətli məqsədim nədir?
  • Cəmiyyətə faydam nədir?
  • Necə bir işlə məşğul olmalıyam ki, bunu sadəcə gəlir əldə etmək üçün etməyim, cəmiyyət üçün də faydalı olum?

Həmin vaxtda artıq görəcəyim işin sosial tərəfinin olması üzərində düşünürdüm. Sanki ideya mövcud idi və məndən kəşf olunmasını gözləyirdi. Qəflətən fərqinə vardım ki, ətrafımda çoxlu sayda evdar xanımlar var və onlar gündəlik məişət problemləri ilə məşğuldurlar. Elə bu fikir üzərindən yola çıxdım və evdar xanımların boş vaxtlarını maddi vəsaitə çevirə bilməsi üçün Petrikor sosial sahibkarlıq layihəsini yaratdım. Petrikor layihəsinin məqsədi cəmiyyətdə yaradıcı bacarıqları olan evdar xanımları işlə təmin etmək, onlara gəlir mənbəyi yaratmaq və sosial fəaliyyətlərini təmin etməkdir.

Olduqca maraqlı addır. Adın yaranması nə ilə bağlıdır?

Sözün düzü layihə üçün artıq çalışmağa başlamışdıq, evdar xanımları tapır, onlara layihə haqqında məlumat verirdik, amma heç cürə ad tapa bilmirdik. Oxuyurduq, araşdırırdıq, şirkətlərə müraciət edirdik, amma adlar bizi qane etmirdi.

Daha əvvəllər məqalə oxuyarkən isə mən petrikor sözü ilə qarşılaşıb mənasını axtarmışdım. Petrikor yağış yağmağa başlayan zaman torpaqdan qalxan spesifik qoxuya deyilir. Həmin qoxu mənim çox xoşuma gəlir və düşünürəm ki, bir çox insan da petrikoru sevir. Hətta mən sosial şəbəkələrdə də bu sözü çox istifadə edirdim. Elə bu an özümə dedim ki, niyə Petrikor olmasın? Dünyada fəaliyyət sahəsi ilə adı tam uyğunluq təşkil etməyən, amma uğurlu çox sayda biznes var. Həm də layihənin petrikor kimi unudulmaz olmasını istədiyim üçün Petrikor adını verdim.

Layihədə iştirak etmək üçün yaradıcı evdar xanımları necə tapırsınız?

Layihəyə yeni başlayan zaman öz ətrafımdakı əlaqələrdən istifadə edərək evdar xanımlara çatmağa çalışırdım. Müəyyən saya çatdıqdan sonra artıq biz sosial media kanallarımızı aktivləşdirdik və Petrikor haqqında burada məlumat paylaşdıq. Kanalların aktivləşməsindən sonra müraciət edənlərin sayı kəskin şəkildə artdı. İndi hər gün bizə ən azı 10 evdar xanım sosial şəbəkələr üzərindən müraciət edir.

Məhsullar üçün eskiz dizaynları necə əldə edirsiniz? Layihənizin kreativ komandası haqqında öyrənmək istərdik.

“təqdim edilən əl işi mükəmməldir, amma bazarda ona tələbat yoxdur.”

Məhsul dizaynı müəyyən etmədən öncə çox geniş və ciddi bir araşdırma edib bazardakı tələbatı öyrənirik. Xanımlar bizə müraciət zamanı öz əl işlərini təqdim edirlər. Bəzən belə hal ilə qarşılaşırıq ki, təqdim edilən əl işi mükəmməldir, amma bazarda ona tələbat yoxdur. Bu səbəbdən biz tələbatı araşdırırıq və yeni hansı məhsulları təqdim edə biləcəyimizi müəyyən edirik. Ən çox tələbatın olduğu məhsulları seçdikdən sonra xanımlara göndəririk. Onlar bu məhsullara uyğun yeni dizaynlar hazırlayır və məhsul üçün lazımi xammal siyahısını bizə göndərirlər. Xammal alınıb təhvil verilir və məhsulların hazırlanması başlayırlar. Daha sonra marketinq və satış addımlarına keçirik.

Əl işlərinin hazırlanması nə qədər vaxt alır? Ümumiyyətlə, istehsal prosesi ilə bağlı, ola bilsin xammal ilə bağlı və digər hansısa çətinlikləriniz varmı?

Sərf olunan vaxt məhsula görə dəyişir. Bir neçə saatdan bir neçə həftəyə qədər məhsulun hazırlanması üçün vaxt lazım ola bilir. Ölçü və digər faktorlar bu müddətə təsir edir.

Xanımlar çox yaradıcı və qabiliyyətlidirlər buna görə istehsal prosesində heç bir problemlə qarşılaşmırıq. Xammal tapmaq da çox asandır. İşə ilk başladığımız vaxtlarda biz xammalı idxal etməyi düşünürdük, lakin xarici saytlarda qiymətləri nəzərdən keçirdikdən sonra əmin olduq ki, bizdə xammal bazarı daha yaxşı inkişaf edib. İstər çeşidin genişliyi, istərsə də qiymət Bakıda çox yaxşıdır. Bu məsələ demək olar ki, işimizi asanlaşdırır.

Satışlar və bazarlar barədə nə deyərdiniz? Cəmiyyətdə əl işlərinə olan maraq sizi qane edirmi?

“...cəmiyyətdə hələ əl işi dəyəri tam olaraq formalaşmayıb”

Bizim üçün işin ən çətin tərəfi satışdır. Məhsulların tamamilə əl işi olmasına və keyfiyyətlə hazırlanmasına baxmayaraq mövcud satış göstəriciləri bizi qane etmir. Düşünürəm ki, cəmiyyətdə hələ əl işi dəyəri tam olaraq formalaşmayıb. Alıcılar bir qismi daha aşağı qiymətə və keyfiyyətə olan məhsullara üstünlük verir, əl işi olması onlar üçün xüsusi məna kəsb etmir. Buna görə də biz hal-hazırda xarici saytlarda məhsulların satışı üçün çalışırıq. Xarici bazara çıxış üçün araşdırmalar edirik.

Qarşıda hansı planlarınız var?

Sosial media səhiflərimiz vasitəsilə bizə xeyli suallar daxil olur: mənim xüsusi bacarığım yoxdur, necə pul qazana bilərəm? Mən bu işi necə öyrənə bilərəm?

Bu suallardan yola çıxaraq biz öyrədici məzmuna olan ehtiyacı qarşılamaq qərarına gəldik. Tezliklə komandamızda çalışan xanımlar ilə əl işlərinin hazırlanması sahəsində öyrədici videolar çəkib, YouTube kanalına yerləşdirəcəyik. Həmin videolardan istifadə edərək izləyicilər yeni bacarığa yiyələnə biləcək. Hal-hazırda həmin məzmunların yaradılması üçün çalışırıq.

Təcrübələrimə əsasən gənclərə tövsiyə edirəm ki, öz istəklərini reallaşdırsınlar. Rahat olacaq deyə bilmərəm, amma sevdiyiniz işlə məşğul olursunuzsa, hər zaman onun öhdəsindən gələcək həvəsiniz olacaq.

Petrikor sosial sahibkarlıq layihəsi

http://petrikor.az/

https://www.instagram.com/petrikor.az/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?