Aut quia eos reprehe
Tarixi fotolara yenidən həyat verən qrafik dizayner Tural Hüseyn ilə müsahibə
Tarixi fotoları rəngləyərək bizi həmin dövrə aparan, Rənglənmiş Tarix səhifəsinin müəllifi qrafik dizayner Tural Hüseyn ilə qısa söhbətimizi sizə təqdim edirik.
Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.
Neçə ildir qrafik dizayner kimi çalışırsınız?
2014-2018-ci illərdə ADMİU-nun Rəssamlıq fakültəsində təhsil aldığım dövrdən etibarən davamlı olaraq qrafik dizaynla məşğul olmağa başlamışam. Lakin, son 2 ildir ki, yalnız tarixi fotoların rənglənməsi ilə məşğulam. Bu qrafik iş hesab olunsa da, dizaynla əlaqəsi yoxdur.
"Bakıda çayxana, 1910-cu illər"
Necə oldu ki, köhnə şəkilləri rəngləmək qərarına gəldiniz?
Rəssamlığa, fotoqrafiyaya, qrafik işlərə və ən əsası ağ-qara tarixə marağım məni bu sənətə yönəltdi. Bunlardan hər hansısa birinə marağım olmasaydı, gümanki fotoları rəngləmək həvəsinə düşməzdim. Yəni, hər birinin öz rolu oldu.
Paris Sülh Konfransındakı Azərbaycan nümayəndə heyəti iş zamanı, "Klaric" oteli, Paris, 1919-cu il.
İndiyə qədər təqribi neçə şəkil rəngləmisiniz?
2017-ci ildə bir neçə foto rəngləsəm də, təhsilimlə bağlı başım qarışıq olduğu üçün davamını gətirə bilmədim. Lakin, 2019-cu ildən etibarən artıq bu işi daimi görməyə başladım. Bu 4 ildə sırf "Rənglənmiş Tarix" üçün rənglədiyim fotoların sayı 100-ü keçib.
Əsasən ağ-qara fotoların rənglənməsi ilə məşğul olsam da, bu yaxınlarda, rənglədiyim fotolardan birinin üzərində kiçik bir eksperiment etmək qərarına gəldim. Fotoya əlavə etdiyim təbii səslər və animasiya ilə birlikdə tamam başqa bir görüntü yarandı. Videoya baxdıqda qədim Bakını daha yaxından hiss etmək mümkün olur. Yaxın zamanlarda başqa fotoları da bu üslubda videoya çevirməyi düşünürəm.
Rənglənməsi ən çətin foto sizin üçün hansı oldu?
Çətinlik deməzdim, lakin bəzi fotolara çox uzun vaxt sərf edirəm. Mürəkkəb fotolar böyük diqqət və vaxt tələb edir. Məqsədim təbii və realistik nəticə əldə etmək olduğu üçün çalışıram ki, bacardığım qədər çox vaxt sərf edərək detallı işləyim.
Vaqif Mustafazadə qızı Əzizə ilə. Bakı, İçərişəhər, 1970-ci illərin ortaları.
İşləri ərsəyə gətirərkən hansı çətinliklərlə qarşılaşırsınız?
Əsas problem fotoların tapılması ilə bağlıdır. Təəssüf ki, Azərbaycan və azərbaycanlılarla bağlı tarixi fotoları onlayn olaraq əldə etmək mümkünsüzə yaxındır. Təbii ki, söhbət orijinal fotoların keyfiyyətli, rəqəmsal nüsxəsindən, yəni, skan versiyasından gedir.
Arxivlərdəki, muzeylərdəki fotoların hamısı gizli saxlanıldığı üçün onlara çatmaq çox çətindir. Məcbur qalıram ki, hər birini tək-tək gəzim, gördüyüm işi izah edim və fotoları toplayım. Muzeylərdəki fotolar əksər hallarda orijinal vəziyyətdə tapılmır. Bu böyük problemdir. Əməkdaşlar özləri də həvəssiz yanaşırlar. Niyəsə, fotoların rənglənməsi onlara elə də maraqlı olmur.
Yaxın günlərdə AMEA Əlyazmalar İnstitutunda bir neçə tarixi şəxsiyyətin fotolarını skan etməklə məşğul idim. Təəssüflə bildirmək istəyirəm ki, burada da fotoların tapılması, fondlardan gətirilməsi prosesi çox qəlizdir. Əslində oradakı bütün fotoları rəqəmsal hala çevirmək bir neçə həftə tələb edən işdir. Amma heyf ki, hələ də bunu edən olmayıb.
Üzeyir Hacıbəyov tələbələri Qara Qarayev, Səid Rüstəmov, Niyazi və Əşrəf Həsənov ilə birlikdə. Bakı, 1941-ci il.
Sizi bu işə bağlayan və motivasiya verən nədir?
Həmişə ağ-qara gördüyümüz tarixə öz reallığını qaytararaq həm özümü, həm də digər insanları keçmişə səyahət etdirən şəxs olmağım ən böyük motivasiyamdır.
Əbdürrəhim bəy Haqverdiyev, Bakı, 19 aprel, 1933-cü il.
Rəngləyəcəyiniz şəkilləri nəyə əsasən müəyyən edirsiniz?
Bütün tarixi fotolar bizə maraqlı hiss yaşatmaq gücünə malik deyil. Ona görə çalışıram ki, rəngləyəcəyim foto unikal və az bilinən olsun. Məsələn, Cəlil Məmmədquluzadənin son illərində çəkilmiş fotosu çoxu üçün yenilik oldu. Əksər insanlar onu orta yaşlarına aid görünüşü ilə xatırlayırdı.
Diqqət yetirdiyim məsələlərdən biri də fotonun dövrüdür. Çalışıram ki, rəngli fotoların çəkilmədiyi dövrə müraciət edim. Bu da əsasən fotoqrafiya tarixinin başlanğıcından 20-ci əsrin ikinci yarısına qədər olan dövrü əhatə edir.
Cəlil Məmmədquluzadənin son fotolarından biri, 1930-cu illərin əvvəli.
Rəng seçimini həmin dövrə necə uyğunlaşdırırsınız?
Fotoları rəngləyərkən ilk öncə çalışıram ki, detalların rənginin nə olduğunu dəqiq öyrənim. Bu barədə mənə həm o dövrdə yaşamış şəxslər, həm də yazılı mənbələr kömək olur. Lakin, bir çox fotolarda da müəyyən detallara aid dəqiq məlumat olmadığı üçün rəngin seçilməsində məntiq, təxmin, rəngkarlıq bilikləri rol oynayır. Təbii və realistik nəticə üçün fotonun çəkildiyi dövrün vizual xarakteristikası barədə məlumatlı olmaq vacibdir.
Bazar camaatı, Bakı, 1917-ci il.
Çay və şərbət zamanı. Kubinka bazarı, Bakı, 1912-1913-cü illər.
Tarzən Sadıqcan öz ansamblı ilə, Tiflis, 1878-ci il.
Soldan sağa: dəfçi Vaso Kikialişvili, nağaraçı Hüseynbala, xanəndə Bülbülcan, tarzən Sadıqcan, kamançaçı Ata Bağdagüloğlu.
Hüseynqulu Sarabski ailəsi ilə masa başında, Bakı, 1933-cü il.
Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbində dərs vaxtı, 1911-ci il.
Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA