Aut quia eos reprehe
9 may – Faşizm üzərində Qələbə günü: Müharibə dövrünün yaradıcılıqda əksi

Bü gün Faşizm üzərində Qələbədən düz 76 il keçir!
Bəşəriyyəti təhdid edən faşizm kabusunun məhv edilməsində Azərbaycan xalqının və Azərbaycan dövlətinin böyük rolu olmuşdur. Bu tarixi qələbədə Azərbaycan övladları böyük qəhrəmanlıqlar göstərmiş, dövlətimiz özünün bütün resursları, xüsusilə Bakı nefti ilə qələbənin əldə edilməsində həlledici rol oynamışdır. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. Müharibə illərində Azərbaycandan 600 mindən çox oğlan və qızları cəbhəyə getmişdir və onların 300 mindən çoxu bu qələbə üçün canlarını fəda etmişlər.
Müharibədə yalnız bilək gücü ilə deyil, həm də yaradıcılıq gücü ilə qalib gəlmək önəmlidir. Tarixə nəzər yetirsək, ən möhtəşəm əsərlərin çoxunun müharibə dövrlərində yaradıldığını görə bilərik. Müharibə dövründə ərsəyə gətirilən yaradıcılıq əsərləri əhval-ruhiyyəni yaxşılaşdırmaq, motivasiyanı artırmaq məqsədi daşıyır.
II Dünya Müharibəsi illərində öz mərdliyi ilə sözünü deyən xalqımız mədəniyyətin inkişafı üçün də böyük töhfələr vermişdir. Həmin dövrdə mədəniyyət müharibənin qanunlarına uyğun inkişaf edirdi və bu illərdə onlarla yeni marş, simfoniya, mahnı, opera yaranmış, əsgərlərimizin qəhrəmanlığından bəhs edən filmlər çəkilmiş, təsviri sənət ustaları maraqlı əsərlər yaratmış və qalereyalarda nümayiş olunmuşdur.
Musiqi
II Dünya Müharibəsi illərində xalqın vətənpərvərlik hissini oyadan musiqi də “silah” olmuşdur.
Musiqi sənətinin görkəmli nümayəndələri – bəstəkarlar Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Soltan Hacıbəyli, Tofiq Quliyev, Süleyman Ələsgərov, Şəfiqə Axundova, Adilə Hüseynzadə və Əfrasiyab Bədəlbəyli xalqın vətənpərvərlik hissinin inkişafına dəyərli töhfə veriblər. Bir çox musiqiçi və bəstəkarlar öz əsərlərini ordu sıralarında olarkən yaradıblar. Gənc bəstəkarlar Məmməd İsrafilzadə, Hacıağa Nemətov və başqaları isə qəhrəmancasına həlak olublar.
II Dünya Müharibəsi illərində Azərbaycan peşəkar musiqisinin banisi Üzeyir Hacıbəyov özünün fundamental əsəri olan, 1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı kitabı üzərində çoxillik işini yekunlaşdırıb. Bu illərdə o, “Vətən və cəbhə” kantatasını, “Qələbə marşı”, “Vətən ordusu”, “Yaxşı yol”, “Şəfqət bacısı”, “Ananın oğluna nəsihəti” mahnılarını, “Sevgili canan” və “Sənsiz” romanslarını yazıb.
Qara Qarayevin “Azərbaycan marşı”, Fikrət Əmirovun “Ürəkçalanlar” musiqili komediyası və (həlak olmuş qəhrəman bəstəkar Məmməd İsrafilzadəyə həsr olunmuş) “Simfonik poema”, Əfrasiyab Bədəlbəyli və Boris Zeydmanın “Xalq qəzəbi” operası da müharibə dövrünün məşhur musiqi əsərlərinə aid edilməlidir.
SSRİ xalq artisti Bülbül Məmmədovun rəhbərliyi ilə Azərbaycan artistlərinin cəbhə briqadası konsert proqramları ilə cəbhə xəttinə, hospitallara yola düşürdülər. Azərbaycanlı artistlər hərbi hissələrdə 35000 konsert vermişlər.
Ədəbiyyat
Müharibə mövzusu ədəbiyyatın əsas mövzusuna çevrilib. Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Əhməd Cəmil, Mir Cəlal və başqalarının əsərləri bu baxımdan təsir gücünə malik olub.
Azərbaycanın bədii intelegensiyasının nümayəndələri, necə deyərlər, xalqın arasına qatılıb. Onların arasında görkəmli şair Səməd Vurğun da yer alır. Onun “Ananın oğluna nəsihəti”, “Qəhrəmanın şücaəti” və “Şəfqət bacısı” əsərləri böyük populyarlıq qazanıb. müharibənin ilk günündə, 22 iyun 1941-ci il tarixində Səməd Vurğun “Vətəni qorumaq” adlı şeir yazıb. 1942-ci ildə isə o, “Fərhad və Şirin” pyesinə görə SSRİ Dövlət Mükafatına layiq görülüb.
Azərbaycanlı şair və yazıçılar cəbhənin ən qaynaq nöqtələrində döyüşüb, siyasi işçi kimi döyüş meydanlarına yola düşüblər. Onların arasında Əbülhəsən Ələkbərzadə, Böyükağa Qasımzadə, Ənvər Əlibəyli, İslam Səfərli, Hüseyn Abbaszadə və başqaları var. Ümumilikdə, Azərbaycan ədəbiyyatının 40-dan çox nümayəndəsi cəbhəyə yola düşüb.
Müharibə dövrünün çətinliklərinə baxmayaraq, Azərbaycan ədəbiyyatı klassiklərinin yubileyləri Bakı ilə yanaşı, başqa şəhərlərdə də keçirilib. Məsələn, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyi 17 oktyabr 1941-ci il tarixində mühasirədə olan Leninqrad şəhərində keçirilib.
Təsviri sənət
Bu gün Azərbaycan Milli İncəsənət Muzeyinin zəngin kolleksiyasında saxlanılan eksponatlar içərisində 1941-45-ci illərə həsr edilmiş yüzlərlə qiymətli əsər vardır. Bu əsərlər Azərbaycanın tanınmış rəssamlarından Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Tahir Salahov, Salam Salamzadə, İsmayıl Axundov, Əzim Əzimzadə, Kazım Kazımzadə, Böyükağa Mirzəzadə, Oqtay Sadıqzadə, Çingiz Fərzəliyev, Vidadi Nərimanbəyov, Hüseyn Kərimov, Nəcəfqulu İsmayılov, Cahangir Rüstəmov, Sadıq Şərifzadə, Rasim Babayev, Elbəy Rzaquliyev, Hafiz Məmmədov, Tağı Tağıyev, Baba Əliyev, Gülnaz Salamova, Əlibala Kazımov, Ağalar Abdullayev, Əyyub Məmmədov və digərlərinə məxsusdurlar. Adları çəkilən rəssamların müharibə mövzusuna həsr etdikləri əsərlərin bir çoxu müharibənin davam etdiyi alovlu illərdə yaradılmışlar. Onları yaradan rəssamlar real mənzərələrdən bəhrələnmiş, bəzi hallarda karikatura, plakat janrına müraciət etmişlər. Daha sonrakı quruculuq illərində ərsəyə gəlmiş ikinci qism əsərlər isə sübut edirlər ki, müəlliflər qələbə sevincindən ilhamlanaraq bu mövzunu tərənnüm etmişlər. Bununla da rəssamlar hərb tariximizi, xalqımızın qəhrəmanlığını dünya miqyasında təbliğ etmişlər.
Teatr
Teatr sahəsində də az bir vaxta tarixi mövzularda, eləcə də müharibələrdən, azadlıq, insan hüquqları uğrunda mübarizədən bəhs edən yeni əsərlər yazıldı. Müxtəlif teatrlarımızın səhnəsində bir-birinin ardınca Məmmədhüseyn Təhmasibin “Aslan yatağı”, Zeynal Xəlilin “İntiqam”, “Qatır Məmməd”, Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz”, Əfrasiyab Bədəlbəyli və Boris Zeydmanın “Xalqın qəzəbi”, Aleksandr Borodinin “Knyaz İqor”, Niyazinin “Xosrov və Şirin”, Qara Qarayev və Cövdət Hacıyevin “Vətən”, Valentin Valentinovun “Od möbidəsi” və sairə əsərlər tamaşaya qoyulurdu.
Müharibə illərində bir sıra teatr xadimlərimiz cəbhədə də döyüşüb. Bunların sırasında Tofiq Kazımov, Həsənağa Salayev, Əşrəf Quliyev, Zəfər Nemətov, Yusif Vəliyev, Qeybulla Rəsulov, Niyaz Şərifov, Kamil Qubuşov, İmamverdi Bağırov, Dadaş Kazımov, Məmmədağa Dadaşov, Kərim Həsənov kimi sənətkarların adlarını çəkə bilərik. Təəssüf ki, o illərdə teatrın səhnəsindən birbaşa cəbhəyə gedib geri qayıtmayan sənətkarlarımız da oldu. Fərəc Süheyli, Musa Hacızadə, Ağabala Dadaşov, Hüseynbala Zeynalov, Əsgər Həsənov, Sədrəddin Babayev, Əli Kamalov, Hidayət Qasımov, Süleyman Balayev... bu siyahını bir qədər də uzatmaq olar...
Onların hər birinin xatirəsi bizim üçün çox əzizdir.
İstənilən sahə üzrə ərsəyə gətirilən yaradıcılıq nümunələri müharibə illərində ön cəbhədə ruh yüksəkliyi yaratmaqla yanaşı, tarixi anları açıq şəkildə əks etdirmişdir. Yaradıcılıq millətindən asılı olmayaraq hər kəs üçün ortaq dildir. Ona görə də yaradılan hər bir yaradıcılıq işi baş verənlərin aydın formada insanlara çatdırılması deməkdir. Oxuduğumuz əsərlərdə, izlədiyimiz tamaşalarda, dinlədiyimiz musiqilərdə biz bunu görə bilərik. Yaradıcı əsərlər emosional təsirə malik olduqları üçün insanlar onları daha asan yadda saxlayır və demək olar ki, unutmurlar.
II Dünya Müharibəsində alman faşizmi üzərində əldə olunmuş qələbədə və bəşəriyyəti təhdid edən faşizm kabusunun məhv edilməsində Azərbaycan dövlətinin və Azərbaycan xalqının misilsiz rolu olmuşdur. Dillərə dastan olan qəhrəmanlıq nümunələri tarixi salnamələrə, yaradıcılığın müxtəlif növlərində ərsəyə gətirilən əsərlərə böyük zövqlə köçürülməklə gələcək nəsillərə çatdırılmışdır. İnanırıq ki, 44 günlük Vətən Müharibəsi ilə erməni faşizmi üzərində əldə etdiyimiz Böyük Zəfər də illər boyunca xalqımızın genetik yaddaşına özünəməxsus yaradıcılıq nümunələri ilə həkk edilərək əbədiləşdiriləcəkdir.
Qeyd: yazının hazırlanmasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılmış "museum.az" internet bələdçisindən istifadə edilmişdir.
Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA