Ağıllı və kreativ şəhərlər

7 Oktyabr 2021 Məqalalələr
news-inner-photo

Ötən əsrin 80-ci illərində kompüterlər həyat və iş tərzimizi dəyişdirdi, daha sonra internet kompüterlərdən istifadə qaydalarını dəyişdirdi. Bu proses davam hələ də davam edir və informasiya texnologiyaları (İT) hər gün həyatımızda nələrisə dəyişir. Artıq İT təsiri özünü ətraf-mühitdə “Ağıllı şəhər” (Smart city) və “Ağıllı kənd” (Smart village) konsepsiyalarında özünü göstərir.

Son zamanlar ölkəmizdə də bu konsepsiyalar aktuallaşmışdır. Belə ki, işğaldan azad edilmiş bölgələrdə analoji layihələrin icrasına başlanılacağı gözlənilir. İlk olaraq, Zəngilanın Ağalı kəndində icra ediləcək “ağıllı kənd” layihəsi əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir.

Texnologiya şəhərlərin inkişafına birbaşa və dolayı yolla təsir göstərir. Məsələn, məlumatların toplanmasının avtomatlaşdırılması, şəhərin mərkəzində bir alış-veriş sahəsinin istifadəsi kimi şəhərin aspektləri haqqında fikir verir. Sensorlar və tətbiqetmələrin əlaqələnməsi ilə əraziyə neçə nəfərin daxil olduğu, üstünlük verilən marşrutlar, insanların orada kimlərlə və necə işlədikləri barədə məlumatlar toplana bilər. Memarlar, yaradıcı şəxslər də bu məlumatları şəhərin inkişaf etdirilməsində istifadə edə bilərlər.

Ağıllı şəhərlərin qurulmasında yaradıcı şəxslərin əsas rolu nədən ibarətdir?

Ağıllı şəhər layihələrinin icrası zamanı ortaya müəyyən problemlər çıxır. Bu məsələlərin həllində yaradıcı insanların rolu mütləqdir. Digər tərəfdən, hal-hazırda ağıllı şəhər etiketini daşıyan bəzi şəhərlər, əsasən transmilli İT şirkətləri tərəfindən kifayət qədər qapalı bir modelə uyğun olaraq formalaşdırılmışdır. Həmin modellərin təkmilləşdirilməsinə və fərqli aspektlərdən inkişaf etdirilməsinə ehtiyac var. Bu ehtiyacın qarşılanması üçün isə yaradıcı insanların prosesdə iştirakı mütləqdir.

Şəhərlərin transformasiyası - ağıllı şəhərlərin yaradılması kreativliklə icra edilir. Bu ziyarətçiləri, sakinləri və ağıllı beyinləri cəlb etməyin yeganə yoludur.

Ağıllı yaradıcı şəhərlər hansı xüsusiyyətlərə malik olmalıdır?

  • Yaradıcı şəhərlər öz simvolları ilə tanınır. Şəhərlər memarlıq abidəsi, milli yemək, heykəl və ya təbiətinin xüsusiyyəti ilə tanına bilərlər. Məsələn, Avropanın bəzi şəhərləri şəhər içərisində şəhər statusu ilə məşhurdur. Maltanın Mdina şəhəri orta əsr divarları ilə ziyarətçilərin diqqətini çəkir.
  • Tarixi məkanlar. Hər şəhərin xüsusi bir tarixi mütləq ki, olur. İnsanların fikrincə, bu zonanın necə görünməli olduğuna dair stereotip bir təsəvvür var: piyada keçidləri, köhnə binalar və küçə kafeləri. Bundan əlavə köhnə şəhər müasir infrastruktur və bərpa edilmiş binalar ilə xarakterizə olunmalıdır. Tarixi məkanlar turistlər tərəfindən tez-tez ziyarət olunduğu üçün həmin məkanların yerləşdiyi şəhərlərdə yaradıcılığı inkişaf etdirmək vacibdir.
  • Əlçatanlıq. Dizayner Mihai Stamati bir tədbir zamanı belə bir ifadə işlədir: “İncəsənət hər kəs üçün əlçatan olmalıdır, buna görə də o küçələrdə nümayiş olunmalıdır.” Söhbət təkcə qrafiti və digər divar şəkillərindən deyil, həm də şəhər sərgilərindən gedir. Məsələn, Kişinyovun kənarında paslanmış dəmirdən hazırlanmış heykəllər sərgisi var. Araşdırılmadığı üçün yox olma riski yüksəkdir. Sərgi Sovet sisteminə xas olan bəzi vəziyyətləri ələ salmağı hədəfləyən bir sıra heykəlləri təmsil edir və bədii dəyəri danılmazdır.
  • İctimai məkanlar. Yaradıcı şəhərlər həmçinin ictimai məkanları ilə də diqqət çəkməlidir. Buraya fərqli dizaynda təqdim edilmiş kafeləri, “Creative Hub” mərkəzlərini və s. qeyd edə bilərik.

Ağıllı şəhər və ağıllı kənd konsepsiyasında yaradıcılıq, mədəni kimlik və yaddaş

Konsepsiyanın vacıb elementlərindən biri kimi şəhər kreativliyi kontekstində mədəni kimlik və yaddaş baxımından yeni yaradıcı imkanlar açılır: rəqəmsallaşan və interaktiv yaradıcı proseslər, ifadəlilik və demonstrasiyalar. Bu konsepsiyanın tətbiq edildiyi yaşayış məkanlarında insan fəaliyyətlərinə gündəlik təsirə malik yeni texnologiyalarla işləməyi bacaran yaradıcı insanlar tərəfindən yeni bədii yaradıcı və rəqəmsal işlər və göstərilər bu şəhər və kəndlərin yaradıcı ahənginə və koloritinə birbaşa təsir göstərir. Binaların fasadlarında qurulan video proyeksiyalar və bədii təsvirlər küçələrə daha dinamik təəssürat və kreativ görkəm bağışlayır.

Şəhər yerlərinin idarəedilməsi müntəzəm olaraq dəyişir və texnoloji tərəqqini izləyir. Mobillik və dayanıqlılıq konsepsiyanın daha çox diqqət etdiyi əsas amillərdən hesab edilir. Şəhər və insanlar arasında interaktivlik onu daha yaşanılır yerə çevirərək yaradıcılıq üçün də imkanlar açır.

Son illərdə artıq Bakıdakı binalarda və küçələrdə də biz mədəniyyətimizi əks etdirən incəsənət nümunələrini görə bilirik. 

“Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının yaradıcılıqla vəhdətinin ölkəmizdə uğurla reallaşdırılacağına inanırıq. Mədəniyyətinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin şəhərlərinin dünyanın yaradıcı şəhərləri siyahısında görməyi arzu edirik!

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?