Əsmər Abdullayeva: yaradıcı sənayelərə ekspert baxışı

4 May 2021Uğur hekayələri
news-inner-photo

Əsmər Abdullayeva ilə daha yaxından tanış ola bilərik?

Mən incəsənətin pedaqoji tərəfi ilə məşğul oluram. Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətimlə yanaşı xarici və yerli layihələrdə kreativ sahələr üzrə ekspert kimi də fəaliyyət göstərirəm. Gənclərlə çalışıram, onları dinləməkdən, xəyallarını reallaşdıran zaman onlara dəstək olmaqdan zövq alıram. İçindəki sevgi üçün çalışan gəncləri görmək məni çox sevindirir. Onların 5 il, 10 il sonra harada necə uğurlu olduqlarını görə bilirəm. Təsisçisi və rəhbəri olduğum ASMART CREATİVE HUB təşkilatında gənclərə müxtəlif yaradıcılıq təlimləri, dərsləri keçirik. Hər dəfə incəsənət sevgisi ilə yaşayan, parlaq gənclərlə tanış oluram. Onlar çox istedadlıdırlar, mənim məqsədim isə onların öz yollarında əmin addımlarla davam etməsinə dəstək olmaqdır.

Komandamız da elə gənclərdən təşkil olunub. Maksimum yaş 25-i keçmir deyə bilərəm. Hərdən mənə sual verirlər ki, sən necə uşaqlarla, gənclərlə dil tapa bilirsən? Onları necə başa düşürsən? Axı yeni nəsil çox fərqlidir. Bu suallara cavabım heç vaxt dəyişmir: Mən onları dinləyirəm, istəklərini, problemlərini anlamağa çalışıram. Hətta işlərimdə onların fikirlərini soruşuram, çünki fərqli baxış bucağından gələn ideyalara ehtiyacımız var. Dünya sürətlə dəyişir və ona gənc nəsil daha asan uyğunlaşır. Bizim gələcəyimiz onlardırsa, gələcək üçün yaradacaqlarımız haqqında onların fikirlərini almalıyıq.

İncəsənət həvəsinizi necə təsvir edərsiniz?

Bir sevgi deyərdim. Yaxşı mənada həyatımın çox hissəsi, hətta ən maraqlı hissəsidir. Həyatım incəsənət və incəsənət həyatımdır. İncəsənətə uşaqlıqdan böyük marağım olub və məşğul olmuşam. Ailəmdə bu sahə ilə məşğul olan kimsə yox idi, yəni mən o ab-hava ilə böyüməmişəm. Buna baxmayaraq həmişə rəsm çəkmişəm və arzulamışam ki, İncəsənət Akademiyasına daxil olacam. O vaxtlar hələ Rəssamlıq Akademiyası yox idi.

Mən öz xəyallarımı qururdum, amma burada bir problem var idi. Ailəm mənimlə razı deyildi. Təbii ki, bütün narazılıqlara baxmayaraq mən öz mövqeyimi saxladım, amma atamla kiçik bir güzəştə getməli oldum. Atam dedi ki, məhz rəssamlıq yox, sənətşünaslıq fakültəsini seç. Beləliklə, ənənəvi və patriarxal formada mən universitet seçimimi etdim. Lakin mən yenə də təəssüflənmirəm. Universitetə daxil olduğum vaxt ölkəmizin müstəqilliyinin ilk illəri idi və təhsildə bu özünü çox müsbət formada göstərirdi, inkişaf hiss olunurdu. Həmçinin, mən çox gözəl və maraqlı insanlarla birgə təhsil alırdım. Onların çoxu indi Azərbaycanın görkəmli və tanınmış mədəniyyət xadimləridir – rəssamlar, heykəltaraşlar, rejissorlar, aktyorlar və s.

5 illik gözəl təhsilim olub. Həmin illərdə incəsənətlə yanaşı əlavə müəllimlə rəssamlıqla da məşğul olurdum. Rəssam Bəyim Hacıyeva mənim müəlliməm olub. O mənə tamamilə yeni tərzi öyrədirdi. Yeni metodika ilə müasir incəsənəti ondan öyrəndim. Deyərdim ki, o xanım müasir düşüncəni mənə sevdirdi.

Akademiyanı bitirdikdən 2 il sonra mən universitetə müəllim kimi qayıtdım və çalışmağa başladım. Artıq 25 ilə yaxın müəllimlik təcrübəm var. İllər sonra başa düşdüm ki, sənətüşünaslıq fakültəsində oxumağım mənim üçün daha yaxşı oldu. Əgər mən rəssam olsaydım, incəsənətlə bu qədər yaxın olmayacaqdım. Müəllim kimi bu işi çox sevirəm.

ASMART ideyası nə vaxt yarandı?

Çox spontan ideyadır. Uşaqlıqdan mən xəyal edirdim ki, öz emalatxanam, studiyam olacaq. Bu mənim arzum idi. Tələbəlik illərində isə müəlliməm Bəyim xanım mənə həmişə deyirdi ki, sənin öz emalatxanan olmalıdır ki, sən orada rəssamlıq fəaliyyətini davam etdirəsən. Mən ürəyimdə bu arzu ilə müxtəlif yerlərdə çalışdım. İllər keçdi və mən İçərişəhər Qoruq İdarəsində böyük bir beynəlxalq layihədə koordinator kimi işləməyə başladım. Həmin müddətdə mən öz məkanımı açmaq qərarına gəldim. Arzum artıq bir ideya idi və mən onu reallaşdırmağa başlayırdım. Açılış prosesinin əsas layihələrindən biri də ad tapmaq məsələsidir. Gənclər mənə məsləhət görürdülər ki, öz adınız olsun. Mən isə bunun tərəfdarı deyildim, açığı belə adları xoşlamırdım. Fikrimi bildikdən sonra gənclər maraqlı bir ideya təklif etdilər: “Mərkəzin adı “Asmart Creative Hub” olsun. Həm adınıza uyğundur, həm də mənası ağıllı incəsənətdir.” Dedim: “Gəmiyə necə ad versən elə də gedər, olsun.” Həmin müddət həqiqətən çətin idi. Tək qururdum, gələcəyi görmürdüm. İndi əldə etdiyimiz uğurlara baxıram və yadıma düşür ki, illər öncə onların heç birini təsəvvür etmirdim. Lakin böyük bir arzum var idi və mən onu izləyirdim.

“Bizim ASMART kollektivi olaraq missiyamız yaradıcılıq arzusu olanlara dəstək verməkdir.”

Təşkilatı yaradarkən bəzi seçimlər qarşısında qalırdım. QHT kimi fəaliyyət göstərməlidir, yoxsa özəl şirkət? Bu suala mənim cavabım ikinci variant idi. Düşünürəm ki, sahibkarlıq dövlətin aparıcı sahəsidir və kiçik-orta bizneslər onun əsas hissəsini təşkil edir. Bu səbəbdən özəl təşkilat olmasını seçdim. Mən təşkilatımızı sosial sahibkarlıq adlandırıram. Həmçinin, mən öz təcrübəmi bura gələn gənclərlə də bölüşürəm. Onların bir çoxunun mənim kimi arzuları var. Mən onları dövlətin sahibkarlığa dəstəyi barədə də məlumatlandırıram. KOB agentliyinin burada müstəsna rolu var və gənclər demək olar ki, bu məsələlərdən xəbərsizdirlər. Bizim ASMART kollektivi olaraq missiyamız yaradıcılıq arzusu olanlara dəstək verməkdir. Biz onlarla layihənin başlanğıc nöqtəsindən 10 il sonra gələcəyi nöqtəyə qədər müzakirələr aparırıq. Hal-hazırda da Rəssamlıq Akademiyasında müəllim kimi çalışıram. Tələbələrimin öz kiçik sahibkarlığına başlamaq prosesi burada, ASMART-da formalaşır. Mən inanıram ki, onların hər biri cəmiyyəti daha da irəliyə aparacaq.

ASMART mənim üçün tarixi məkandır. Biz burada müxtəlif sərgilər, təlimlər, proqramlar, dərnəklər keçirmişik, 2 il Nəsimi festivalında iştirak etmişik. İncəsənət yay məktəbimiz baş tutub. 1 ilə yaxın müddətdə biz məkanı teatr platforması üçün təmannasız vermişdik ki, öz təlimlərini keçirsinlər. Məkanda, hətta Rock konserti keçirilib. Mən çalışıram ki, bu məkan incəsənətin bütün sahələrinə dəstək göstərən bir dayaq nöqtəsi olsun. “Creative hub” anlayışı dünyada çoxdan formalaşıb, amma 2000-ci illərdə populyarlaşmağa başlayıb. ASMART açıldığı zaman biz birinci idik, indi isə fərqli formatda məkanlar var. Təbii ki, biz buna sevinirik.

Hər şeyin sürətlə irəlilədiyi vaxtda təbii ki, pandemiya dövrü çətin mərhələ oldu. Bütün sahibkarlıq prosesində durğunluq yaşandı. Bununla belə biz yeniliklər etdik, onlayn formatda və kiçik auditoriyalarla müəyyən tədbirlər keçirdik. Dərslərin tədrisi  distant formatda təşkil olundu. İstər dünya, istər Azərbaycan incəsənət tarixinə baxsaq, görərik ki, şah əsərlər ən çətin dövrlərdə yaradılıb. Görkəmli əsərlərin çətin dövrlərdə yazıldığı kimi, ən böyük işlərin də çətin vaxtlarda yaradıldığına inanıram. Post pandemiya dövründə yeni formatlar meydana çıxacaq. Formatlarımızı dəyişməyə məcbur qalacağıq. Fəaliyyətin digital formatda icra edilməsi isə daha uğurlu olacaq.

Yaradıcı sənayelər sahəsində ekspert kimi hansı təcrübənizi paylaşmaq istəyərsiniz?

Mən ilk olaraq Britaniya Şahzadə məktəbi ilə olan təcrübəmi paylaşmaq istəyərəm. Təhsil Nazirliyinin də tərəfdaşlığı ilə biz Rəssamlıq Akademiyasının SABAH qruplarına Britaniya Ənənəvi İncəsənət üzrə Şahzadə məktəbinin müəlllimlərini dəvət etdik. Həmin müəllimlər tələbələrlə və akademiyanın müəllimləri ilə öz təcrübələrini bölüşdülər. Bu onlara yeni yanaşma tərzi, praktika qazandırdı. Nəticələrimiz də çox gözəl oldu. Mən çox şadam ki, proqram uğurlu olmaqla yanaşı biz böyük nəticələr əldə edə bildik. Rəssamlıq Akademiyasının SABAH tələbələrinin 50%-i öz şirkətini açıb, onlar arasında xarici ölkələrə magistratura təhsili üçün gedənlər də çoxdur. Şahzadə məktəbi ilə əməkdaşlığımız ölkədə ilk beynəlxalq proqramın implementasiyası idi və çox uğurlu alındı.

Həmçinin, bu yaxınlarda British Council və Bermuda Kolleci ilə başladığımız yeni layihə haqqında danışmaq istəyirəm. Layihənin məqsədi “Sənətkarlığın gələcəyi” mövzusunda yeni təhsil proqramlarının Azərbaycan tədris sistemində tətbiq olunmasıdır. Proqram müxtəlif peşə məktəblərinin, o cümlədən Əzimzadə adına İncəsənət Kollecinin müəllim və tələbələri üçün modullar şəklində tədris olunur.

Əldə etdiyim təcrübələrə əsasən deyə bilərəm ki, gənclərimiz istedadlı və bacarıqlıdırlar. Onların yeni tədris metodikasına ehtiyacı var. Bu istiqamətdə çalışmaqdan və gənclərə dəstək olmaqdan zövq alıram və onlara çox güvənirəm.


Yaradıcılıq sahəsində öz ulduzunun parlamasını istəyən gənclər nələr etməlidirlər?

Öz gənclik və həyat təcrübəmə əsaslanaraq gənclərə tövsiyələrim bunlardır:

  • Öz individuallıqlarını saxlasınlar.
  • Özlərinə inansınlar.
  • Öz yolları üzrə getsinlər.
  • Qorxmasınlar.
  • Başqaları üçün xəyallarını qurban verməsinlər.

Hər kəs öz yolunu müəyyən etməli və o yolu davam etdirməkdə iradəli olmalıdır. Belə bir nümunə deyə bilərəm sizə: 38 yaşım var idi və mən ingiliscə danışa bilmirdim. Halbuki işlədiyim layihələrdə xaricilərlə ünsiyyət qurmalı olurdum. Dil öyrənmək üçün heç vaxtım da yox idi. Mən qorxmadım, özümə inandım və çalışdım. İndi ingilis dili mənim üçün ana dili kimidir. Rəsmi yazışmalardan layihələrin hazırlanmasına qədər bütün proseslər ingiliscə gedir və mən asanlıqla işin öhdəsindən gəlirəm. Bunun səbəbi özümə olan inamdır. 0-dan başlayırıq və böyük ədədlərə doğru yol alırıq. Qorxanlar geri çəkilir, əzmkar olanlar irəli gedir. Öz yolunuzla davam edin, hər kəs bacarıqlarınızın şahidi olsun.

Azərbaycanda və dünyada yaradıcılıq necə fərqlənir?

Bir misal çəkmək istəyirəm. Çox diqqət etmədən və düzgün qulluq göstərmədən bar verən bitkilər olur. Bizdə yaradıcılıq buna bənzəyir. Xarici ölkələrdə qulluğu düzgün edirlər, amma bəzən çox sulayırlar və onun da nəticəsi bir qədər fərqli olur.

“Biz yaradıcı olmaq üçün həyatımız yaradıcı olmalıdır.”

Dünya tədris sistemində artıq yaradıcı düşünmə sənəti üzrə dərslər keçirilir. Bu çox vacib moduldur. İdeyanı necə tapacağını öyrətmək bizim cəmiyyət üçün də vacibdir. Belə bir təcrübəni sizinlə paylaşım. Xarici müəllimlərin bizim müəllimlərə tədris etdiyi bir proqramda iştirakçılara bağlama verdilər və onu fərqli formaya salmalarını istədilər. İştirakçılar fərqli yanaşma və ideya baxımından çətinlik çəkdilər. Məsələn, bizim tələbələr keramika ilə xarici tələbələrdən də yaxşı işləyirlər, onların qabiliyyəti çox yaxşıdır. Amma ideya tərəfinə gəldikdə boşluq hiss olunur. Ən böyük problem ilham mənbəyini və konsepsiyanı tapmaqdır. Biz yaradıcı olmaq üçün həyatımız yaradıcı olmalıdır. Əl işləri məhsullarına üstünlük verən, sənət əsəri alan şəxslərin sayı çox azdır. Bunların hamısı birbaşa bizim yaradıcı düşünmə qabiliyyətimizə təsir göstərir.

Başqa bir misal çəkim. Fənnlərarası metodika hal-hazırda dünyanın fərqli ölkələrində tətbiq edilir. Finlandiyada Aalto Universiteti var. Burada elm, biznes. incəsənət və dizayn universitetləri birləşib. Bu kompleks yanaşma imkanı yaradır. Məsələn, dizayner bir masa hazırlayır bu işin vizual tərəfidir, texnoloq onun üçün optimal texnoloji üsullar təklif edir, biznes tərəfi onun necə satılacağını araşdırır. Metodika çox uğurludur. Dünya inkişaf etdikcə bizdən də dəyişməyi tələb edir. 10 il öncəki sistemi tətbiq edərək uğur gözləmək doğru deyil.

Uşaqlar və yaradıcılıq sözlərini sizcə nə birləşdirir?

Mənim üçün ikisi də eyni sözdür. Bütün uşaqlar yaradıcı doğulur sonrakı mərhələ tərbiyə və təhsildən asılı olaraq dəyişir. Uşaqlar doğulduğu zaman onlara bütün kodlar verilir. Uşaq ailədən, cəmiyyətdən bu kodları açmasını gözləyir. Yaponların belə bir məsəli var: Əgər uşağın 1 yaşı varsa, sən artıq tərbiyə üçün gecikmisən. Mən tanıdığım bütün valideynlərə deyirəm uşağınız iməkləməyə başladığı anda ona boyaları verin qoyun o öz dünyasını rəngləndirsin. Uşaqla danışmaq lazımdır. Onun üçün dünyanı biz kəşf edirik. Biz onlara deməliyik bu günəşdir, bu təbiətdir və s. Uşaq yaradıcılıq içərisində böyüməlidir və burada ailənin rolu böyükdür. Əsas iş ananın üzərinə düşür. Ana və övladı dostluq etməlidir. Mən başa düşürəm ki, işgüzar xanımlar üçün bu daha çətindir. Vaxt çox azdır. Amma mümkün ən az vaxtda belə övladınız ilə məşğul olmağınız kifayətdir. Sadəcə düzgün istiqaməti seçməlisiniz.

Uşaqları düzgün yetişdirmək üçün ilk öncə onları doğru anlamalıyıq. Bizim təlimlərimizdə əsas məqsədimiz həm də ana və qadınları məlumatlandırmaqdır. Təlimlər zamanı bir növ biz onlara uşaqlarını tanıdırıq. Həmişə deyirəm övladlarınızla danışın, onları dinləyin, amma heç vaxt onları sındırmayın. Bu çox vacibdir. Onların fikirlərinə hörmətlə yanaşın. Onların əvəzinə qərar verməyin, məsləhətləşin. Öz işlərinizdə belə onların fikirlərini soruşun. Onlardan gələn fikirlər yeni nəfəsdir, fərqlidir. Elə şərait qurun ki, övladlarınız özlərini yarımçıq qoymasınlar. Xəyallarını dağıdan yox, quran şəxs siz olun. Onun həyatda tutduğu status sizin onu yetişdirməyinizdən asılıdır. Həmçinin onun uğurlu olmağına dayaq durun. Mən bunları bir ana kimi, müəllim kimi sizinlə paylaşıram. Sadaladıqlarımın hər birini mən tələbələrimlə yerinə yetirirəm. Onlarla dostam və məsləhət verdiyim zaman deyirəm ki, mənimlə razı deyilsinizsə, bunu bildirin. Fikrinizi deməkdən qorxmayın. Çox sevinirəm ki, uşaqlarla və gənclərlə ünsiyyətim alınır və mən onlara dəstək ola bilirəm.

Bu gün kreativ sektorun inkişafı çox vacib məsələdir. Hər birimiz onun inkişafı uğrunda nələrsə etməliyik. Son 5 ildə inkişaf individual olaraq gedir və bu irəli getməyin təməl şərtlərindən biridir. Mədəniyyət müxtəlifliyi olmalıdır və fərdi şəxslər öz töhfələrini verməlidir. Şadam ki, son illərdə yerli brendlərin, patentlərin sayı artıb. Artıq mən 15 bəlkə də çox uğurlu moda brendi saya bilirəm. Pandemiya müəyyən pauzalar yaratsa da, bir çox yeniliklərə təkan verdi. Bununla da kreativ sənayedə yeni bir dövrün başlayacağını düşünürəm.

Ərsəyə gəlməsi prosesində məsləhətçi olaraq iştirak etdiyim Kreativ Azərbaycan platformasına müsahibə vermək maraqlı oldu. Komandaya təşəkkkür edirəm və uğurlar arzulayıram.

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Abunəçi olun və yeniliklərdən xəbəriniz olsun

Abunəçi ol
Success subscribeFail subscribe
Təşəkkür edirik