Beynəlxalq Caz Günü

30 Aprel 2021 Xəbər
news-inner-photo

Bu gün Beynəlxalq Caz gününün elan olunmasının onuncu ildönümüdür. UNESCO sülh, dialoq və qarşılıqlı anlaşma üçün cazın gücünə inanaraq 2011-ci ildən başlayaraq 30 aprel tarixini Beynəlxalq Caz Günü elan etmişdir.

Məşhur müğənni, bəstəkar Nina Simone cazı belə təsvir edir: “Caz yalnız musiqi deyil, həyat, var olma, düşüncə tərzidir.” Caz musiqisi insan ləyaqəti, demokratiya və vətəndaş hüquqları axtarışlarından ayrı-seçkiliyə və irqçiliyə qarşı mübarizəyə qədər dünyəvi mövzulara, eləcə də insanlar arasında empatiya, dialoq və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi kimi məsələlərə güclü bədii təkan vermişdir.

  • Caz maneələri dəf edir və qarşılıqlı anlaşma və tolerantlıq üçün imkanlar yaradır.
  • Caz fərdlər, qruplar və icmalar arasındakı gərginliyi azaldır.
  • Caz mədəniyyətlərarası dialoqu stimullaşdırır və təcrid edilmiş cəmiyyətlərdən olan gənclərin inkişafına dəstək verir.

Ölkəmizdə də caz musiqisi məşhurdur, həmçinin Azərbaycan cazı dünyada öz unikallığı ilə seçilir. Azərbaycan xalq musiqisi və muğam harmoniyası ilə birləşdirərək ifa edilən yerli cazın ölkə mədəniyyətində özünəməxsus yeri vardır. Bakı Beynəlxalq Caz Festivalı Azərbaycanda caz mədəniyyətinin formalaşdığının sübutudur. 2005-ci ildən bəri keçirilən bu festivalda yerli və xarici caz ulduzları iştirak edir. Bakı Beynəlxalq Caz Festivalında seminarlar, master-klasslar, “Uşaqlar caz günü”, müsabiqə ("Ən yaxşı caz ifaçısı"), incəsənət və foto sərgilər, dünya caz ifaçıların caz konsertləri və başqa tədbirlər təşkil olunur. Bu festival 2016-ci ildə Avropa Caz Birliyinə (European Jazz Network EJN) daxil olunub.

Özünəməxsus tərzi ilə seçilən Azərbaycan cazı gənc ifaçılarımızın əməyi sayəsində inkişaf etməkdə davam edir. Gənc ifaçı İsfar Sarabski 2009-cu ildə İsveçrədə keçirilən 43-cü Montrö Caz Festivalının qalibi olmuşdur. Bu yalnız İsfar üçün yox, Azərbaycan musiqisi adına böyük uğur idi.

Bu siyahıya Rain Sultanov, Əminə Fiqarova, Şahin Növrəsli, Sevda Ələkbərzadə, Salman Qəmbərov kimi əvəzedilməz ifaçıları da əlavə edə bilərik.

Beynəlxalq Caz Günü münasibətilə ölkəmizin caz ifaçılarını təbrik edir, onlara uğurlar arzulayırıq!

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?