Moda karyeranıza başlamaq üçün 8 yol

13 Sentyabr 2021 Məqalalələr
news-inner-photo

Moda başlamaq üçün olduqca çətin sənaye sahəsidir. Səbəbi isə aydındır: moda sahəsində işləməyi sevən insanların sayı (xüsusilə zirvədə olmağı istəyənlərin) mövcud biznes imkanlarından çoxdur. Belə çətinliklər həmişə olub və olacaq, bu cür məsələlərin sizi saxlamasına icazə verməyin. Doğru bacarıqlar, təcrübə və kifayət qədər əzmlə xəyalınızdakı moda karyerasına nail ola bilərsiniz, hətta yeniyetmə olaraq da bu sahə üçün çalışa bilərsiniz. Bu məqalədə moda sahəsində gələcək qurmaq üçün ata biləcəyiniz bəzi addımlara nəzər salacağıq.

Moda və tekstil dizaynını öyrənin.

Gələcək moda karyeranız üçün səyahət etməyi düşündüyünüz zaman ağla gələn ilk şəhər Oksford olmaya bilər - amma bəlkə də belə olmalıdır!

13-15 yaş aralığındasınızsa, “Moda və Tekstil Dizaynına giriş” kursu üçün Oxford məktəbinə qoşulmağı düşünə bilərsiniz. Bu iki həftəlik yay məktəbi kursu moda və tekstil dizaynı dünyasının icmalıdır: kurs moda tarixindən, rəsm texnikalarından, müxtəlif materialların xüsusiyyətlərindən, ən yaxşı dizaynerlərin fikirlərini necə inkişaf etdirməsinə qədər hər şeyi əhatə edir. Kursun sonuna qədər üniversitetə müraciət zamanı istifadə edə biləcəyiniz iş qovluğunuz (portfolio) hazır olacaq. Əlavə olaraq peşəkar müəllim heyəti karyera planınız mövzusunda sizi yönləndirə bilər. Əgər modanın sizin üçün doğru karyera olduğuna əminsinizsə, bu kurs atılacaq növbəti addımları müəyyənləşdirmək üçün əla bir yoldur. Əgər siz  fərqli karyera yollarını araşdırırsınızsa, modanın sizin üçün uyğun olub olmadığını öyrənmək üçün də bu kurs faydalı olacaq.

Sizin üçün hansı növ moda karyerasının doğru ola biləcəyini müəyyənləşdirin.

Modada nə qədər fərqli karyera seçimlərinin olduğunun fərqində olmaya bilərsiniz: bu sadəcə dizayner və stilist arasındakı seçim deyil, bəzi karyera növlərinə daxil olmaq digərlərindən daha asandır. Tekstil dizaynerləri, geyim texnoloqları (istehsal xəttinə baxanlar, keyfiyyətə nəzarət edən və səmərəliliyin artırılması yollarını axtaranlar) və moda illüstratorları kimi istehsal funksiyaları var. Pərakəndə müştərilər, satıcılar və butik sahibləri kimi satış funksiyaları da mövcuddur. Modellər, PR koordinatorları və moda stilistləri kimi moda məhsullarının marketinqində də karyera imkanları var. Daha sonra moda jurnalistləri və fotoqrafları kimi əlaqəli peşə seçimləri mövcuddur.

Siyahının uzunluğundan təxmin edə bilərsiniz ki, bu yalnız ümumi baxışdır. Moda sahəsində olduqca fərqli bacarıqlar tələb edən çox sayda peşələr vardır. Bunların hamısı modaya baxış qabiliyyəti tələb edir: məhsulu bir butikdə satmaq, yaxud məşhur birinin üslubuna uyğunlaşdırmaq jurnalistlərin ehtiyac duyduğu yazı bacarığından və dizaynerlərin yaradıcılıq tələbindən çox fərqlidir. Nə etməyi xoşladığınızı bilmək onu davam etdirməyə kömək edəcəkdir. Məsələn, əgər siz moda haqqında yazıçılıqla maraqlanırsınızsa, jurnalistikada iş təcrübəsinə üstünlük verməlisiniz. Digər tərəfdən pərakəndə satış ilə maraqlanır, amma modaya məxsus imkanlar tapa bilmirsinizsə, kitab mağazasından supermarketə qədər istənilən pərakəndə satış təcrübəsi sizə faydalı ola bilər.

Şəxsi moda bloqunuza başlayın.

Modaya olan marağınızı göstərməyin və daha çox öyrənməyin asan yolu hansı formada moda bloqu yaratmaqdır. Bu gündəlik geyiminizi paylaşmaqdan onu niyə seçdiyinizin izahına, modanın fərqli tərəfləri, mənaları və əhəmiyyəti haqqında davamlı yazılara qədər hər hansı bir məhsul ola bilər. Saysız-hesabsız belə bloqlar var, buna görə də siz gərək özünüzün məxsusi nəzər nöqtənizi təqdim etmək üçün vaxt ayırmalısınız: moda dünyasına hansı yeni baxış bucağını gətirə bilərsiniz?

Yazmağa və fotolar çəkməyə başlayın! Dəb bloqu yaratmağın ən yaxşı tərəfi öz bacarıqlarınızı inkişaf etdirdikcə məşhurluğunuzun artmasıdır. İlk növbədə dostlarınızdan bunu sosial mediada tanıtmalarını istəməkdən çəkinməyin, ancaq şəbəkənizdən kənara çıxdıqca sizə məxsus oxucu kütləsi qazanmalısınız. Daha sonra auditoriyada daha çox maraq yaradan mövzuları seçə və onların rəylərini öz inkişafınız üçün istifadə edə bilərsiniz. Əgər siz modanın marketinq istiqaməti ilə maraqlanırsınızsa, bu onu öyrənmək üçün əla yoldur. Ümid edirik ki, siz mövzuları tapmaqdan və onlar haqqında yazmaqdan zövq alacaqsınız. Yazmaq sizlik deyilsə, YouTube üzərindən vlogging ilə məşğul ola bilərsiniz.

Moda sahəsində təcrübə proqramı tapın.

Moda haqqında daha çox məlumat əldə etmək üçün sürətli üsul təcrübə yolu ilə sahəyə daxil olmaqdır. Bir çox təcrübə yerlərindən rədd cavabı alsanız, narahat olmayın. Moda dünyasının çox rəqabətcil olduğunu unutmayın və cəhdlərinizi davam etdirin! Fərqli yanaşmalar sizə kömək edə bilər, məsələn çox insanlar elektron məktub göndərəcək, siz isə zəng edin və ya şəxsən əlaqə yaradın. Ümumiyyətlə, moda karyerası özgüvən tələb edir və özünüzü göstərməyin yolu budur.

Maraqlı olduğunuz hər hansı müraciət varsa, sizi fərqləndirə biləcək yollar haqqında düşünün. Güman edin ki, yüzlərcə olmasa belə onlarca namizəddən birisiniz. Sadə dildə desək, yaxşı, amma ənənəvi CV və motivasiya məktubu yetərli olmayacaq. Bir yığın müraciətlər arasında sizi xatırladacaq yol tapmaq istəyəcəksiniz. Bu, fərqlənmək naminə qəribə olmalısınız mənasını vermir, sadəcə fərqlənməlisiniz – burada balansı tapmaq bir qədər çətin ola bilər. Xəyallarınızdakı təcrübə proqramından imtina cavabı alsanız belə, ümidinizi itirməyin, nəzakətli bir cavab göndərin (başqa fürsətlərin olub olmadığını və ya müraciətinizi yaxşılaşdırmaq üçün nə edə biləcəyinizi soruşmaq ola bilər) və gələn il yenidən müraciət edin.

Tapa bildiyiniz formada iş təcrübəsi qazanın.

Moda sahəsində xüsusi təcrübə proqramı əldə edə bilmədiniz? Belə halda iş təcrübəsi əldə edin. İdeal moda iş təcrübəsinə çatmaq təcrübə proqramı qədər çətin ola bilər, amma kreativ düşünün. Dərzidə, hətta bir üzlük çəkəndə parça və tikiş texnikalarınızı inkişaf etdirə bilərsiniz? Bir xeyriyyə mağazası üçün eBay hesabını idarə edərək fotoqrafiya və moda satışları haqqında daha çox şey öyrənə bilərsinizmi? Toy butikində satış və moda təcrübəsi əldə edə bilərsinizmi? Bəlkə də yerli bir teatrda kostyum dizaynı haqqında öyrənə bilərsiniz?

Bunların hamısı moda təcrübə proqramı keçməkdən daha asandır. Moda karyerası üçün sizə birbaşa yol təqdim etməmələrinə baxmayaraq, bunlar sizə əvəzsiz bacarıqlar öyrədə bilər və eyni zamanda siz həmin bacarıqları CV-nizə əlavə edə bilərsiniz. Bunlar nəticə vermirsə, digər variantlara baxın, jurnalistika ilə maraqlanırsınızsa, bəlkə yerli qəzetinizdə iş təcrübəsi axtarmalısınız. Fotoqrafiya haqqında öyrənmək istəyirsinizsə, bir neçə gün bir toy fotoqrafının işlərini izləyə bilərsiniz. Bir çox moda bacarıqları digər sahələrdən ötürülə bilər; onları tapmaq üçün yalnız moda sənayesinə baxmağınıza ehtiyac yoxdur. Real iş təcrübəsi əldə etmək üçün çox gəncsinizsə, öz məktəbiniz çərçivəsində nə edə biləcəyinizə baxın – bəlkə xeyriyyə məqsədilə moda sərgisi təşkil edə və ya məktəb tamaşasının kostyumlarının hazırlanması ilə məşğul ola bilərsiniz.

Əlaqəli bacarıqları öyrənin.

Moda sahəsində CV-nizdə gözəl görünəcək və hal-hazırda öyrənməyə başlaya biləcəyiniz bir çox bacarıqlar var. Məsələn, sərbəst şəkildə təcrübə qazanmaqdan hansısa rəsm kursuna getməyə qədər istədiyiniz vaxt çəkmək bacarıqlarınız üzərində işləyə bilərsiniz. Bu moda qrafikası ilə əlaqəsiz görünə bilər, amma texnikalarınızın inkişafına kömək edər.

Əlavə olaraq proqram təminatı bacarıqlarınız üzərində işləyə bilərsiniz. Bunu məktəb vaxtı etmək növbəti mərhələdə etməkdən daha asan ola bilər, çünki məktəbiniz sizin almağınız üçün baha olan proqram təminatı lisenziyasına sahib ola bilər. Bunun vacib nümunəsi “Adobe Photoshop” proqramında işləyə bilməkdir. Fotoşop real olmayan görüntülər üçün həddindən artıq istifadə və təbii nöqsanları aradan qaldıraraq qeyri-real görüntülər yaratmaq mövzusunda yaxşı nüfuza sahib olmasa da, bu və ya digər növ retuşların tətbiqi uzun müddətdir ki, fotoqrafiyanın bir parçasıdır. Modelin üzərindəki ləkələrin və ya nizamsız xətlərin düzəldilməsini öyrənməyə meyilli olmasanız belə Fotoşopda rəng səviyyələrini tənzimləmək və diqqəti yayındıran arxa plan detallarını silmək kimi öyrənmək istəyəcəyiniz bir çox alətlər mövcuddur.

Bunlar indi inkişaf etdirməyə başlaya biləcəyiniz bacarıqların yalnız bir neçə nümunəsidir. Xüsusilə moda üçün faydalı olan bir çox universal bacarıqlar vardır. Bunlardan başqa fotoqrafiyanı öyrənmək barədə düşünə bilərsiniz; tikiş qabiliyyətinizi təkmilləşdirmək; yazı, redaktə və korrektə ilə məşğul olmaq; veb dizaynı öyrənmək; pul və hesablarla daha yaxşı işləmək; video çəkiliş və redaktəsi və s. Həmçinin şəxsi bacarıqlarınıza laqeyd yanaşmayın, məsələn, şəbəkənizi genişləndirin. Moda kimi əlaqələrin vacib olduğu bir sahədə bu sizin üçün faydalı olacaq.

Moda dünyasını yaxından izləyin.

Bütün sadalananlar arasında bu demək olar ki, ən asanıdır. Əgər siz moda karyerasında istəklisinizsə, böyük ehtimal bunu artıq edirsiniz. Moda dərgiləri olduqca bahadır, amma xoşbəxtlikdən izləmək istədiklərinizin çoxu onlayndır.

Moda təqviminin ən böyük tədbirlərindən xəbərdar olmalısınız. Təcrübə və ya iş üçün müraciət edəcəksinizsə, bu önəmlidir, çünki hər kəsin məşğul olduğu vaxtda sizinlə əlaqə saxlanılmasını istəməzsiniz. Həm ümumi, həm də kəşf etmək istədiyiniz sahədə hansı trendlərin olduğunu bilməlisiniz.

Üstəlik moda sənayesini fərqli bucaqlardan tanımalısınız. Bir idman növünü izlədiyiniz kimi modanı da izləyə bilərsiniz: kim irəlidədir, kim geridə qalır, kim udur və kim uduzur. Bunu biznes kimi təqib edə bilərsiniz: cari vaxtda nə yaxşı satılır və kim maliyyə problemi yaşayır. Sənət kimi izləyə bilərsiniz: indi yaşadığımız dünya haqqında dəbdə olanlar nə deyir və bu ifadələrin hansı təsirləri var. Təbii olaraq maraqlarınıza görə bu yanaşmalardan birinə başqalarından daha çox meylli ola bilərsiniz, buna görə baxış bucağınızda balans əldə etdiyinizdən əmin olun.

Nə əldə edə biləcəyiniz barədə kreativ düşünün.

Demək olar ki, bütün karyera istiqamətləri üzrə gedə biləcəyiniz müxtəlif yollar vardır; bəziləri asta və etibarlı, digərləri daha sürətli, amma uğur ehtimalı az olan. Moda sahəsində sonuncu kateqoriyada sizi kütlədən fərqləndirən parlaq bir fikir var. Yeni və həyəcanverici moda məhsulu haqqında düşünə bilsəniz - eyni şeyi etməklə dayanmadan işləyən çox-milyardlı sənayenin olduğunu nəzərə alsanız - asta marşrutu atlayaraq birbaşa zirvəyə çıxa bilərsiniz.

Bu ideyaların bəzilərini yeniyetmə ikən etmək çətin ola bilər. Böyük ehtimal sakit qalıb, hər kəsin diqqətini üzərinizə cəmləyəcək şəxsi parlaq, yenilikçi geyim üslubunuzu yarada bilməyəcəksiniz. Siz vebsayt və ya tətbiq, xüsusi çap edilmiş köynək və ya nişanlar üzərində işləyə bilərsiniz. Təhsilinizdən kənarlaşmadan və bütün boş vaxtınızı sərf etmədən üzərində işləyə biləcəyiniz böyük ideyanız varsa, gözləməyin. İndi başlamaq üçün nə edə biləcəyinizə baxın, əgər indi bu ideya nəticə vermirsə, bir neçə il sonra yenidən bu ideyaya qayıdıb cəhd edə bilərsiniz.

Mənbə: https://www.oxford-royale.com/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?