Ən yaxşı ideya necə seçilir?

6 Sentyabr 2021 Məqalalələr
news-inner-photo

İdeya axtarışı prosesi bir çox hallarda maraqlı və fərqli fikirlərlə bitir. Növbəti mərhələ isə onları təsnifatlandırmaq və ən uyğun olanını seçməkdir. Bu mərhələ heç də əvvəlkindən asan sayılmır.

Dünya təcrübəsində ideyanın seçilməsi fərqli metodlarla aparılır. Gəlin onlarla tanış olaq!

Səsvermə metodu

  • Tapılan bütün ideyaları iştirakçılara yazılı və ya şifahi formada təqdim edirsiniz.
  • Əvvəlcədən müəyyənləşdirilmiş bal sisteminə uyğun onlardan səs vermələrini və ən çox bəyəndiklərini qeyd etmələrini istəyirsiniz.
  • İştirakçıların hansı fikirləri daha çox bəyəndiklərinə və ya ən az bəyəndiklərinə səs vermələrinə imkan yaratmaq üçün rənglərdən də istifadə edə bilərsiniz.
  • Sizin üçün vacib olan hansısa özəlliyi səsverməyə daxil edə bilərsiniz.
  • Nəticədə toplanan ballara, əsasən ilk üç ideyanı və ya tək bir ideyanı seçə bilərsiniz.

Bu metod bütün iştirakçıların fikirlərini ifadə etməsinə və seçimə daxil olmasına imkan yaradır. Digər üstünlüyü isə həm oflayn, həm də onlayn şəkildə reallaşdırılmasının mümkünlüyüdür.

Dörd kateqoriya metodu

Dörd kateqoriya metodu, ən rasional seçimdən “uzun atış”a qədər fikirlərin nisbi mücərrədliyinə görə bölünməsini nəzərdə tutur. Dörd kateqoriyaya bunlar daxildir: ən rasional, ən çox zövq verən, səmimi və “uzun atış”. “Uzun atış” o mənaya gəlir ki, siz böyük risk alırsınız, amma ideya uğurlu alınarsa, böyük nailiyyət əldə edəcəksiniz.

Bu metoddan istifadə zamanı ən yaxşı təcrübə odur ki, proses iştirakçıları bu kateqoriyaların hər biri üçün bir və ya iki fikir seçirlər. Dörd kateqoriya üsulu komandanın yenilikçi həllər təqdim etməsi üçün ən praktiki ideyadan tutmuş ən potensiallı olanına qədər hamısının əhatə olunmasını təmin edir.

Binqo seçimi

Binqo seçim metodu ideya seçimi prosesinin iştirakçılarını ideyalar üzərində daha çox düşünməyə və onları müəyyən xüsusiyyətlərə görə qruplaşdırmağa həvəsləndirir. Komanda ideyaları onların istifadə olunma potensialına görə 3 fərqli kateqoriyaya bölür:

  • fiziki prototip,
  • rəqəmsal prototip,
  • təcrübi prototip.

Beləliklə, siz artıq ideyalarınızın hansı istiqamətdə işləyəcəyindən əmin olursunuz. Daha sonra ehtiyacınız olan prototipə uyğun ideyanı seçirsiniz.

Oxşar ideya diaqramları

Bu metodun əsas özəlliyi bir-birinə yaxın olan ideyalar arasında bağlantı qurulmasıdır. Belə halda siz harada boşluqların və ya üstünlüklərin olduğunu daha rahat görə bilərsiniz. Oxşar ideyaları bir araya gətirmək və arasından daha yaxşılarını seçmək üçün oxşar ideya diaqramlarından istifadə edə bilərsiniz.

Bu metoddan istifadə etmək üçün ideya müzakirəsi zamanı toplanan ideyaların hamısını bir araya gətirin və komanda şəklində təkrarlanan hissələri çıxarın və ən yaxşı konsept və ya mövzunu formalaşdırın. Bu üsul ən yaxşı fikri və ya mövzunu seçməkdə sizə kömək edəcək.

“Now Wow How” Matrisi

Bu matris üsulu ilə ideyalar aşağıdakı meyarlara uyğun olaraq dəyərləndirilir:

  • Now – dərhal həyata keçirilə bilən, qeyri-innovativ ideyalar
  • Wow – həyata keçirilə bilən və yenilikçi ideyalar
  • How – gələcəkdə həyata keçirilə biləcək ideyalar

Matris 2 oxdan ibarətdir: şaquli istiqamətdə yerləşən ox çətinlik dərəcəsini, üfüqi ox isə yenilik dərəcəsini göstərir. Yaradılan qrafikdə üç kateqoriya alınır: sol aşağı (Now), aşağı sağda (Wow) və sağ yuxarıda (How) yerləşir, həyata keçirmək mümkün olmayan ideyaları təqdim etmək üçün yuxarı sol xana boş qalır. Nəticədə, ideyaların mümkünlüyü və onların innovativliyini asanlıqla göstərən bir fiqur alınır.

İştirakçıların hər biri mövcud ideyaların hansı xanaya uyğun olduğunu qeyd edir. Bütün iştirakçıların rəyləri qeydə alındıqdan sonra ideyalar alınmış qrafik üzrə dəyərləndirilir və uyğun olanlar seçilir.

Edvard de Bononun altı düşünən papaq metodu

Altı düşünən papaq metodu ideya seçimində tətbiq oluna biləcək bir sıra düşüncə tərzlərini cəmləşdirir. Qiymətləndirilən ideyaların mümkün olan ən geniş çeşidini ortaya çıxarmaq üçün müxtəlif düşüncə tərzləri ilə ideyaların qiymətləndirilməsini əhatə edir. İştirakçıları öz düşüncə tərzlərindən ayırmağa kömək edir, qiymətləndirilən ideyalara fərqli baxış və qiymətləndirmə meyarlarından baxmağa məcbur edir.

Ağ papaq: ağ papaq bilinən və ya ehtiyac olan informasiyaya çağırış edir. Faktlar əsas götürülür.

Sarı papaq: Sarı papaq nikbinliyi, inamı və aydınlığı simvolizə edir. Bu papaq altında müsbət cəhətləri və dəyər və faydaları araşdırırsınız.

Qara papaq: Qara papaq mühakimə ilə əlaqəlidir. Bu papağı qoyduğunuz zaman bir işin nəyə görə alınmadığını aydınlaşdırmağa çalışırsınız. Çətinlikləri və təhlükələri görüb işlərdə nəyin səhv ola biləcəyini araşdırmaq indi sizin işinizdir.

Qırmızı papaq: Bu papaq hissləri və intuisiyanı ifadə edir. Qırmızı papaqdan istifadə etdiyiniz zaman hiss və emosiyalara fokuslanmalı, qorxu, sevgi və nifrətinizi paylaşmalısınız.

Yaşıl papaq: Yaşıl papaq kreativliyə - imkanlar, alternativlər və yeni fikirlərə fokuslanır. Bu, sizin yeni fikir və konseptləri ifadə etmək imkanınızdır.

Mavi papaq: Mavi papaq düşünmə prosesini idarə etmək üçün istifadə olunur. Altı düşünən papaq təlimatlarının yerinə yetirilməsini təmin edən nəzarət mexanizminizdir.

Qeyd edilən üsullardan istifadə etməklə siz öz ideyalarınızdan ən yaxşısını seçə bilərsiniz. Bu sizin komandanızın baxış açısına görə təyin olunduğu üçün ideyaları daha bir dəyərləndirmə mərhələsindən keçirməyə ehtiyac yaranır. Həmin ideya seçimi meyarları mərhələsində siz ideyanızın hədəflərinizə, istifadəçilərinizlə bağlı araşdırmalarınıza, onların ehtiyaclarına uyğunluğunu dəyərləndirməyinizə yardım edir.

Mənbə: https://www.interaction-design.org/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?