Effektiv beyin həmləsi üsulları

17 Mart 2021Məqalalələr
news-inner-photo

Kreativ sahələrdə çalışanların ortaq nöqtələrindən biri ideya axtarışıdır. Demək olar ki, hər gün yeni ideyaya tələb yaranır və onun tapılması maraqlı olduğu qədər də çətindir. Komandaları tez-tez beyin həmləsi (breynstorminq) edərkən müşahidə edə bilərik. Həyəcanlı və yorucu prosesin sonunda axtarılan ideyanı tapmaq əsl qalibiyyət hissi yaşadır.

Bəzi səbəblərdən breynstorminq prosesi effektiv alınmaya bilər. Məsələn,

  • Qeyri-bərabər söhbət – ekstravert və çevik düşünən komanda üzvlərinin olması bu halın yaranmasına gətirib çıxarda bilər. Onlar ilk ağla gələn ideyaları paylaşmaqda maraqlıdırlar. Beləliklə, digər komanda üzvlərinin fikirlərini səsləndirməsinə vaxt qalmır və qısa müddət sonra hər kəs yorğun halda prosesi tərk edir.
  • Lövbər effekti – komanda ilk ağla gələn ideya üzərində fikrini cəmləyir. Bu prosesi zəiflədir və növbəti ideyaların qarşısını alır.
  • Səssizlik – komanda üzvləri hazırlıqsızdırlar, axtarış etməyiblər. Breynstorminqdən öncə müəyyən qədər məlumatlı olmaq, hansı problemi həll edəcəyinizi bilmək mütləqdir. Əks halda, qısa müddət sonra proses uğursuz başa çatacaq.

Breynstorminq prosesinin daha məhsuldar keçməsini təmin edəcək üsullar ilə tanış olaq.

Breynraytinq

Bu üsulla ideya axtarışı zamanı komandanın hər bir üzvünə 3-4 dəqiqə vaxt verilir. Onlar ilk ağla gələn ideyaları kağıza qeyd edirlər. Daha sonra hər kəs kağızı sağ tərəfində oturan komanda yoldaşına ötürür. Yenidən eyni qədər vaxt verilir və kağızda qeyd olunan ideyaya komanda üzvləri öz əlavələrini edirlər. Bu qayda ilə hər bir ideya üzrə bütün komanda üzvləri öz fikirlərini yazırlar. Proses tamamlandıqdan sonra bütün ideyalar səsləndirilir və komandanın qərarı ilə bir və ya bir neçə ideya seçilmiş olur.

Breynraytinq üsulu yuxarda sadaladığımız ilk 2 problemi – qeyri-bərabər söhbət, lövbər effektini aradan qaldırır.

Sürətli düşünmə

Sürətli düşünmə üsulu zamanı komanda üçün müəyyən vaxt limiti qoyulur və hər kəs bu zaman periodunda mümkün olduğu qədər çox ideya yazır. Vaxt limitinin qısa olması və bu zaman çərçivəsinə əməl etmək prosesin daha effektiv olmasına şərait yaradır.

Bu üsul ideyanı dəyişdirməyə, tənqidi yanaşmaya imkan vermir. Həmçinin, kölgədə qalmış ideyaları işıqlandırır. Fikrini səsləndirməyə çəkinən iştirakçılar vaxt limitinə görə ağıllarına ilk gələn fikri kağıza yazırlar. Təkbaşına breynstorminq edən şəxslər də bu üsuldan istifadə edə bilər. Vaxtın limitli olması beynin düşünmə sürətini də artırır.

Şəxsiyyətlər üzrə düşünmə

Komanda üzvləri müzakirə otağında olmayan tanınmış bir şəxsi seçirlər. Həmin şəxs rəhbər, yaradıcı insan, ictimai xadim və ya bədii personaj ola bilər. İştirakçılar özlərini həmin şəxsin yerinə qoyur və onun adından düşünməyə başlayırlar. Məsələn, Uorren Baffett bu məsələ üzərində necə düşünərdi? Bir qədər qəribə səslənə bilər, amma bu üsul bəzi maneələri (büdcə, vaxt) aradan qaldırır. Həmçinin, komandanın məsələyə daha fərqli baxış bucağından baxmasına, müxtəlif cür düşünməsinə kömək edir.

Bəzi komanda üzvləri ideyalarını irəli sürməyə tərəddüd edə və ya utana bilərlər. Başqa biri kimi düşünmək isə onlarda daha çox rahatlıq hissi yaradar.

  

Vizuallaşdırma metodu

İlk öncə komanda üzvlərinin bu fikri qəbul etmələri üçün çalışın. Məsələn, hər kəs yeni qablaşdırma dizaynı haqqında düşüncələrini toplasın. Bu mərhələ tamamlandıqdan sonra ideya axtarışı prosesində iştirak edən hər kəs gözlərini bağlayır və axtardıqları fikri vizuallaşdırmağa çalışırlar. Məsələn, komandanın məqsədi məhsul qablaşdırma dizaynını təkmilləşdirməkdirsə, onlar xəyali olaraq onu təsvir edirlər.

Komandadan bir şəxs prosesi aparır və iştirakçıları yönləndirir. Onlardan arzu etdikləri xüsusiyyətləri dizayna əlavə etmələrini istəyir. Rəng, ölçü, detallar, material və s.
Hər kəs öz ideal qablaşdırma dizaynını xəyalında tamamladıqdan sonra onu təsvir etməyə başlayır. Bütün ideyalar qeyd edilir. Əgər komanda üzvləriniz çoxdursa, bu o deməkdir ki, siz artıq kifayət qədər ideyaya sahibsiniz.

Vizuallaşdırma metodu 0-dan nəyisə yaratmaq üçün yox, onu daha da yaxşılaşdırmaq, təkmilləşdirmək üçün ideya axtarışı zamanı daha yaxşı işləyir. İştirakçılar burada büdcəyə yox, mümkünlük dərəcəsinə fokuslanmalıdırlar.

Onlayn breynstorminq, digər adıyla beyin toru

Qarşılaşdığımız pandemiya onlayn işləmə qabiliyyətinin nə qədər önəmli olduğunu bizə göstərdi. Belə hallarda breynstorminq üçün ən yaxşı vasitə onlayn formatıdır. Ən sadə üsul Google faylı yaratmaq və komandadan ideyalarını bu fayla yazmaqlarını xahiş etməkdir. Müəyyən vaxt limitində ideyalarını yazıya köçürən iştirakçılar ilə daha sonra müzakirə prosesi başladıla bilər. Slack, On Demand, All Access kimi platformalar bu prosesdə köməyinizə çatacaq.

Dəyirmi oturaq (Round robin)

Bu metodun əsas özəlliyi iştirakçıların bir-birinə mane olmadan bir otaqda dəyirmi formada əyləşməklə və hamının bir-birini görməsi ilə hər birinin fikirlərini səsləndirməsidir. Komandada hər kəs növbə ilə öz fikrini izah edir və heç bir fikir müzakirə edilmir. Həmçinin “Bu, mənim fikrim idi” ifadəsinə də bu üsulda yer yoxdur. Elə bir hal yaşanarsa, həmin şəxsə bir müddət sonra yenidən müraciət etmək olar, bu düşünmək üçün əlavə vaxt deməkdir. Round robin üsulu icazə verir ki, komanda üzvlərinin hamısı prosesdə iştirak etsin və hər kəs öz fikrini ifadə etsin.

Əgər komandanızda introvert və danışmağı sevməyən üzvlər varsa, bu üsulla onların fikirlərini rahatlıqla öyrənə bilərsiniz.

Addım-addım metodu

İdeya sahiblərinin bəzən müəyyən kompleksləri olur. Fikirlərini paylaşmaqda çəkinirlər, bunun səbəbi çox vaxt başqası tərəfindən neqativ reaksiya gəlmə ehtimalı olur. Addım-addım metodu belə vaxtlarda köməyinizə çatır.

Komanda rəhbəri hamıya müzakirə otağında mövzu haqqında məlumat verir. Daha sonra komanda rəhbəri və ideyası olan yalnız 1 şəxs otaqda qalır. Həmin şəxs öz ideyasını rəhbərə izah edir. Sıra ilə ideyası olan hər kəs öz fikrini demək üçün otağa daxil olur. Heç bir ideya üzərində müzakirə aparılmır. Həmçinin, ideyası olmayan şəxslərə düşünmək üçün vaxt verilir. Burada əsas şərt ideyanı düşünən şəxsin tapdığı fikirləri heç kəslə paylaşa bilməməsidir. Bütün ideyalar tamamlandıqdan sonra müzakirə prosesi başladılır.

Böyük komandası olanlar üçün bu üsul əla vasitədir.

Zehin xəritələməsi

Bəzən ilk tapılan ideya ən yaxşısı olmur, amma ondan daha yaxşı fikirlər əldə etmək olur. Zehin xəritələməsi üsulu ilə komanda ilk ideya ilə əlaqəli törəmə fikirlərini yazır və onları əlaqələndirir. Bu metodla həmçinin ideyaları təkmilləşdirmək, vizuallaşdırmaq, dizayn etmək və təsnifatlaşdırmaq mümkündür.

Əgər ilk ideyanız hazırdırsa, kağız və qələm alın və zehin xəritənizi hazırlamağa başlayın. Bu linkdən bəzi zehin xəritəsi nümunələrinə baxa və onlardan istifadə edə bilərsiniz.

Sorğulama üsulu

Bu metod breynstorminqin sonrakı mərhələlərindəndir. Əgər komanda artıq ideya müzakirəsini tamamlayıb, birini seçibsə, bu üsuldan istifadə etmək olar. Sorğulama üsulunda seçilmiş ideyanı mərkəzdə saxlamaqla ətrafına altıguşəli ulduz çəkilir. Ulduzun hər bir guşəsinə suallar qeyd olunur: kim, nə, nə vaxt, harada, niyə və necə.

Suallar qeyd olunduqdan sonra komanda həmin suallar ətrafında düşünməyə başlayır. Məsələn, məhsulun hədəf kütləsi kimlərdir? Məhsulu bazara çıxarmaq üçün ən yaxşı vaxt hansıdır?

Bu suallar ideyanı hərtərəfli dəyərləndirir və analiz edir. Fikri bu şəkildə təqdim etmək ideyanı yaradan insanı onu müdafiə etmək və ya təkbaşına necə həyata keçirəcəyini tapmaqdan azad edir. Bunun əvəzinə komanda birlikdə həll yolları üzərində işləyir.

Bəzi sorğulama nümunələri ilə buradan tanış ola bilərsiniz.

Məkanı dəyişmə

Breynstorminq etdiyiniz məkanı dəyişmək ideya yaratmaq prosesinin effektivliyini artırar. Məkan işçilərin işləmək, düşünmək və hiss etmək qabiliyyətində böyük rol oynayır. Bir komanda davamlı olaraq eyni otaqda, eyni qrup insanlarla birlikdə breynstorminq etdikdə ideyalar təkrarlana və ruhlandırıcı olmaya bilər. Yeni məkan komandanın qısa müddətdə fərqli düşünməsinə və yeni fikirlər yaratmasına kömək edə bilər.

Hansı üsuldan istifadə edilməsindən asılı olmayaraq aşağıdakılar breynstorminqin effektiv keçməsində mühüm rol oynayır:

  • Hazırlıq üçün vaxtın verilməsi
  • Mövzunun ətraflı izahı
  • Komandaya yeni insanların dəvət olunması
  • Dəstəyin göstərilməsi
  • Sonrakı izləmə

Ənənəvi olaraq breynstorminq fəaliyyətləri yeni fikirlərin yaradılması və konsepsiyalaşdırılması üçün istifadə olunur, lakin düzgün yerinə yetirildiyi təqdirdə beyin həmləsinin faydaları düşünüləndən də çox ola bilər. Bunlara aşağıdakılar daxildir.

  • Komandanın əhvalını yüksəldir.
  • Kreativliyi artırır.
  • Müxtəlif fikirləri bir araya gətirir.
  • Çoxlu sayda ideyalar ortaya çıxarır.

Sınaqdan keçirdiyiniz breynstorminq üsullarını və onun nəticələri haqqında rəy və təcrübələrinizi bizimlə paylaşara bilərsiniz.

Mənbə: https://www.wework.com/

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Abunəçi olun və yeniliklərdən xəbəriniz olsun

Abunəçi ol
Success subscribeFail subscribe
Təşəkkür edirik