Aysel Hüseynova: Azərbaycanda ilk dəfə keçirilən moda tədbirlərinin təşkilatçısı ilə uğur söhbətləri

8 Mart 2021 Uğur hekayələri
news-inner-photo

Uğurlu insanlar vaxtının çoxunu yeniliklərə fokuslanmaq və onların tətbiqi yollarını araşdırmaqla keçirir. Uğursuz insanlar isə gileylənir. Yerli moda sahəsində müəyyən boşluqlar var idi, həmçinin üzə çıxmamış böyük potensial. Kiminsə o ulduzlara yaxınlaşaraq əslində onların nə qədər parlaq və gözəl olduqlarını deməsi lazım idi. Bundan sonra isə hər şey əvvəlkindən daha yaxşı olacaqdı. Həmin potensialı dünyanın görməsinə vasitəçi olan Azərbaycan Moda Dizaynerləri Assosiasiyasının təsisçisi Aysel Hüseynova ilə maraqlı müsahibəni təqdim edirik.

Aysel xanım, özünüz haqqında məlumat verə bilərsinizmi?

1992-ci ildə rəssamlar və memarlar ailəsində doğulmuşam. Kiçik yaşlarımdan bəri həmişə yaradıcı sahə gözümün qarşısında olub, yaradıcılıq işləri, yeni fikirlər mənim həyat tərzimi təşkil edirdi. Yaradıcılığa bağlı bir ailədə böyümək məndə incəsənətə böyük maraq yaratmışdı. Təhsilimi Rəssamlıq Akademiyasında davam etdirməyim yəqin ki, sizi təəccübləndirməz. Akademiyanın interyer dizayn fakültəsini bitirdikdən sonra çox fərqli sahədə investisiyalarla işləməyə başladım. Bu isə məndə biznes yanaşma tərzi yaratdı və bu işin sayəsində mən incəsənət və biznesi birgə düşünürdüm. Harda işləməyimdən asılı olmayaraq içimdəki yaradıcılıq həvəsi məni daim yaradıcılığa yönləndirirdi.

Fərqli sahədə işlədiyim müddətdə mən demək olar ki, hər gün moda ilə bağlı oxuyurdum, araşdırmalar aparırdım, ölkədə moda sənayesinin vəziyyətini analiz edirdim. Növbəti təhsilimi Moskavada PR və jurnalistika üzrə aldım və bu mənim ikinci təhsilim idi. Oradakı təhsilim moda istiqamətini seçməkdə məndə əminlik yaratdı. Azərbaycanda moda sahəsini oxuyub araşdırdıqca mövcud potensialı və problemləri görə bildim. Yüksək potensialı canlandıra biləcəyimə o qədər güclü inam yarandı ki, tamamilə özümü yaradıcılığın moda istiqamətində işlər görməyə həsr etdim.

“Bir zamanlar yalnız kağıza yazdıqlarım indi gözümün önündədir.”

Bəs AFDA ideyası necə yarandı? Həmin anda yaşadığınız hissləri necə ifadə edərdiniz?

İlk öncə bildirmək istəyirəm ki, bu mənim üçün ən vacib və ən xoş layihələrdən biridir. AFDA ideyası təsadüfi deyildi, illər ərzində məndə yaranan sualların cavabı idi. 6 ildən çox moda sahəsində Mercedes-Benz Fashion Week Baku, Azerbaijan Fashion Week kimi layihələrdə çalışdığım zaman əmin oldum ki, ölkədə moda sahəsinə dəstək olan, kömək edən və bu sferada çalışan şəxsləri əlaqələndirən bir layihə yoxdur. Məşhur amerikan yazıçı Toni Morrisonun belə bir sözü var: "Oxumaq istədiyin, lakin hələ yazılmamış bir kitab varsa, onu özün yazmalısan." Mən də elə etdim. Anladım ki, dizaynerlərə kömək edəcək heç bir layihə yoxdur, amma ona ehtiyac var. Deməli, biz belə bir təşkilat yaratmalıyıq və Azərbaycanda modanın inkişafına dəstək olmalıyıq, artıq ideyam hazır idi. İdeyamı dizaynerlərlə bölüşdüm və onların hər biri bu fikri böyük sevinc hissi ilə qarşıladılar. Nəhayət dizaynerləri bir araya toplayan bir təşkilatın yaradılmasına olan ilk reaksiyalar unudulmaz idi. Onların dəstəyi məni daha da həvəsləndirdi. Mən artıq daha aktiv şəkildə bu ideya üzərində işləməyə başladım. Bir neçə dizayner və peşəkarlarla birgə Azərbaycan Moda Dizaynerləri Assosiasiyanı yaratdıq.

Assosiasiyanın qapıları bütün dizaynerlərə, həvəskarlara açıqdır. Həmçinin yeni istedadları üzə çıxarmağa biz həmişə hazırıq. Həvəskar dizaynerlər bizə müraciət etdikdə, biz onları peşəkarlar ilə tanış edib, konsultasiya veririk. Biznes ideyası üzərində necə işləməli olduqları haqqında onları məlumatlandırırıq.

İdeya gələndə, adətən insan həyəcanlı olur və gələcək haqqında təxminlər yaratmağa başlayır. Məndə də elə oldu, beynimdə artıq təşkilatın fəaliyyətini canlandırırdım. Onu reallaşdırdığım zaman keçirdiyim hissləri isə ifadə etmək həqiqətən çətindir. Bir zamanlar yalnız kağıza yazdıqlarım indi gözümün önündədir. Bu, bir həvəsdən çox məsuliyyətdir. Hədəflər və planlar hər gün böyüyür və onlar davamlı hərəkət tələb edir. Ən böyük məqsəd AFDA sayəsində moda sənaye sahəsində böyük müvəffəqiyyətlər qazanmaqdır.

İtaliyanın Azərbaycandakı Səfirliyi üçün təşkil etdiyiniz Etro-nun 100 illik yubiley moda nümayişi xəyallarınızı reallaşdıra bildimi?

Biz hər bir işimizə həm də eksperiment kimi yanaşırıq. Baxmayaraq ki, bu balaca moda nümayişi idi, biz onu təşkil edərkən və tədbirdən sonra əvəzedilməz təcrübə əldə etdik. Komandamız cəsarətlidir, yeniliklər gətirməyə qorxmur. Ona görə də hər bir şouda eksperiment yolu ilə yenilikləri üzə çıxartmağa çalışırıq. Bu, mediada böyük reaksiyaya səbəb olmuşdu.

Amma mənim üçün ən möhtəşəm tədbir 2019-cu ilin mayında baş tutan Baku Fashion Expo daxilində Gianni Versace-nin xüsusi muzey kolleksiyasının moda nümayişi idi. Nümayiş şəxsi kolleksiyadan, 50 obrazdan ibarət idi. Həmin dizaynlar dünyanın hər yerində muzey şəklində sərgilənir, bizim layihədə isə eksklüziv olaraq onlar podyumda nümayiş etdirildi. Bəlkə də bir neçə il əvvəl belə bir layihəni ərsəyə gətirəcəyimi desəydilər, özüm də inanmazdım, amma bu real olaraq baş verirdi.

Baku Fashion Expo layihəsi – AFDA-nın əsas layihələrdən biridir. Layihədə moda nümayişləri ilə yanaşı ustad dərsləri, installyasiyalar, görüşlər baş tutur. Əsas məqsədimiz yeni və tanınmış dizaynerlər üçün netvörkinq mühiti yaratmaq, moda ilə bağlı əlaqələr sistemi qurmaqdır.

Xüsusilə qeyd etmək istəyirəm ki, mənə ən çox motivasiya verən, məni gücləndirən məqamlardan biri tədbirlərdən sonra aldığım rəylərdir. Bu günə qədər həyata keçirilən layihələrdə xarici və yerli dizaynerlərdən çox sayda müsbət şərhlər almışam. Düşünürəm ki, bunun səbəbi professional komandadır. Mən onlara innovativ nüanslarda çevik olduqları və qorxmadan yenilikləri tətbiq etdikləri üçün təşəkkür edirəm!

“Önəmli olan içinizdəki alovun sönməməsidir.”

Təşkilatçısı olduğunuz tədbirlərdə hansı çətinliklərlə üzləşirdiniz?

Məncə, ən böyük problem bütün məsələləri bir anda həll etməkdir - təşkilatçılıq, PR, satış. Bizim tədbirlərdə əsas çətinliyimiz partnyorları inandırmaq idi. Sıfırdan başlayırdıq və əlimizdə nümunə üçün göstərəcəyimiz heç bir nəticə yox idi. Buna görə ilk dəfə keçirilən layihələrə adətən tərəddüdlə yanaşılırdı: insanlar əminlik istəyir. Necə deyərlər, göz görmədən inanmır. Əlimizdə heç bir göstərici yox idi, tək edə biləcəyimiz sponsorları inandırmaq idi. Bunun özü böyük məsuliyyətdir, gözləntiləri mütləq şəkildə doğrultmaq lazımdır. Bütün bu çətinliklərə baxmayaraq konsepti həyata keçirmək möhtəşəm duyğudur. Həmin anda “Biz bacardıq” deyə bilmək üçün bütün çətinliklərə sinə gərməyə dəyər.

Tədbirdə iştirak edən hər kəsin gözləntilərini reallaşdırmaq, verdiyimiz sözləri tutmaq. Komandanın həvəsinə və enerjisinə baxanda bu yolları yenidən keçmək həvəsim alovlanır.
Bəzən bir saatlıq layihə üçün yarım il çalışmaq lazım gəlir. O bir saatda yaşanılan adrenalin, həyəcan və ifadə edə bilmədiyim onlarla duyğu üçün nəinki yarım il, hətta daha çox çalışmağa dəyər. Əzmkarlıqla əldə olunan uğur daha şirin olur.

Birinci moda nümayişi zamanı biz yalnız 3 dizayner cəlb edə bilmişdik, indi isə onların sayı 500-dən çoxdur və say hər gün artmaqda davam edir. Mən bunu ilk başda çəkdiyimiz əziyyətin bəhrəsi kimi görürəm. Əvvəl insanları inandırmaqda çəkdiyimiz çətinliklərə baxmayaraq bizim 2019-cu ildə keçirdiyimiz kiçik moda nümayişindən sonra dizaynerlərimiz Londondan, Milandan dəvət aldılar. 9 dizayner Londona getdi və orada öz dizaynlarını nümayiş etdirdi. İlk başda olan çətinliklər özünü tamam başqa duyğularla əvəz etmişdi. O an qürurumu ifadə etməkdə çətinlik çəkirdim. Hətta indi belə bu haqda danışanda həyəcanlanıram. Bizim istedadlara dünya şahidlik edirdi: xarici dizaynerlər, məşhur professionallar. Buradan moda sahəsinə yeni başlayacaq şəxslərə demək istəyirəm: çətinliklər, problemlər həmişə olacaq, bu həyatın reallığıdır. Önəmli olan içinizdəki alovun sönməməsidir. Onu qoruyub saxlayın, çətinliklərə qarşı çıxın, siz bu sahədə uğurlu olacaqsınız.

Dəb dizaynı sahəsində karyera qurmaq istəyən gənclərə hansı tövsiyələriniz var?

Təcrübəmə, əsasən deyə bilərəm ki, kompleks yanaşma mütləqdir. İstər peşəkar olsun, istər həvəskar çox vaxt olur ki, bütün diqqətini işinə yönəldir və digər amillər kənarda qalır. İndiki halda sadəcə yaxşı işlərinin olması kifayət deyil, onları tanıtmaq, necə satış edəcəyini əvvəlcədən müəyyənləşdirmək vacibdir. Biznes yanaşma tərzini tətbiq etməyi öyrənməliyik. Dünyanın dörd bir yanında tanınmağı hədəfləmək, limitləri aşmaq lazımdır. Mən çox istəyirəm dünyanın yüksək imicə sahib dərgilərində bizim dizaynerlər haqqında məqalələr yazılsın, məşhur dizaynerlər onların işləri haqqında rəy bildirsin.

Digər bir vacib məsələ təhsildir. Güclü istedadın, mükəmməl əl qabiliyyətin, əsrarəngiz dizaynların olsa belə təhsil barədə düşünməlisən. İllərin təcrübəsinə sahib müəllimlərdən öyrənmək yalnız bilik deyil, həm də cəsarət, motivasiya, ideya verir. Mənim AFDA ideyamın yolu Moskavada aldığım təhsildən başlamışdı. Müəllimlər içimdəki həvəsi o qədər gözəl üzə çıxarmışdılar ki, artıq mən özümdən, nə etmək istədiyimdən əmin idim. Məhz təhsil alarkən insanın beynində tam olaraq nə istədiyi formalaşa bilir.

Təhsil vaxtı dizaynerlərin yanında assistent kimi işləmək karyera pilləsində addımları sürətləndirir. Rahatlıqla deyə bilərəm ki, dizaynerlər təcrübəçi götürməkdə çox həvəslidirlər. Biz assosiasiyaya müraciət edən şəxslərə fürsət yaradırıq və onları professionallara yönləndiririk. Onlar özləri də hansısa kumirləri və ya idolları varsa və həmin şəxs əlçatandırsa, asanlıqla müraciət edə bilərlər. Bir çox dizaynerlər sosial şəbəkə hesablarına özləri nəzarət edirlər. Qısa motivasiya məktubu yazaraq onları təsirləndirmək mümkündür. Həm də onlar assistent müraciətindən məmnun olacaqlar. Portfoliosu olan şəxslər onu da göndərə bilər. Bu çox böyük fürsətdir. Birbaşa praktika ilə bütün nüansları öyrənmək. Öyrənmək istəyənlər üçün hər tərəfdən yollar açıqdır. Heç kəs qapını onların üzünə bağlamayacaq, bağlayan olsa da döyüləcək başqa qapılar olacaq. İradəli olmaq və istəyini reallaşdırana qədər çalışmaq mütləqdir.

“Pandemiya bir növ kölgədə qalmış yenilik imkanlarını üzrə çıxardı.”

Son olaraq, istərdik dəb dizaynı sənayesinin təmsilçisi olaraq bu sahədə qarşılaşdığınız əsas problemlər haqqında danışasınız. Pandemiya dövrü bu sənaye sahəsi üçün hansı çətinliklər və öyrənilmiş dərslərlə xarakterikdir?

Dünyanın hər yerində istənilən sahədə problemlər var. Problemin olması həm də inkişafın bir göstəricisidir. Hər zaman daha yaxşısını edə bilərik və ona görə bu problemlər üzə çıxır. Yerli bazarda vacib məsələlərdən biri potensial müştəriləri tapmaqdır. Biz moda nümayişləri, satış nöqtələri yaradaraq alıcıları istehsalçılarla bir araya gətirməyə çalışırıq. Hətta Azərbaycanlı dizaynerlər üçün bir böyük miqyasda satış nöqtəsi yaratmaq ideyamız da var. Dizaynerlər və alıcılar arasında qırılmalar var, uğurlu əlaqələrin sayı azdır. Onlar bir-birini tapmaqda çətinlik çəkirlər. Bu problemi aradan qaldırmaq üçün e-commerce platformaları yaratmağı planlaşdırırıq. Təqribən 5-6 il əvvəl yaratdığımız saytlardan biri ilk e-commerce platforması olmuşdu. Moda sahəsində digər bir problem isə yüksək vergilərdir. Dizaynerlər keyfiyyətli parçaları idxal etməli olur və bu qiymət məhsulun maya dəyərinə təsir edir. Nəticədə, son məhsul yüksək bazar qiymətinə bərabər olur və alıcıların tələbinə cavab vermir.

Pandemiya bir anda moda sahəsində biznes əlaqələrini dayandırdı. Xüsusilə, toy və nişan mərasimlərinin olmaması əlaqələri tamamilə kəsdi. Stəkanın dolu tərəfində isə biz görürük ki, mərasim geyimləri özünü gündəlik geyimlərlə əvəz etdi. Bu dizaynerlər üçün yeni bir mərhələ oldu. Daha sonra sosial media kanalları üzərindən satışlar edilməyə başladı, amma əvvəllər bu istiqamət dəyərləndirilmirdi. Pandemiya bir növ kölgədə qalmış yenilik imkanlarını üzrə çıxardı. Pandemiya pozitiv təsirlər göstərdi və çətin tərəfləri görən dizaynerlər adaptasiya prosesinə başladılar. Uğurlu və sürətli adaptasiyanın olması məni çox sevindirdi.

Sonda, Mədəniyyət Nazirliyinə və “Kreativ Azərbaycan” komandasına dəb dizaynı sahəsinə göstərdikləri marağa və fəaliyyətlərimizə verdikləri dəstəyə görə təşəkkürümü bildirirəm.

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?