İşinizdə daha çox kreativ olmaq üçün 5 üsul

18 Yanvar 2021 Məqalalələr
news-inner-photo

Bu başlığı görüb məqaləni oxumaq qərarı almısınızsa, deməli, siz işinizdə hər gün əvvəlkindən daha yaxşı olmağa çaışırsınız. Sahəniz nə olur olsun fərqli yanaşma sizi unikal edəcək. İstər teleaparıcı olun, istər bütün gününü emalatxanada keçirən rəssam. Bəzi yeni vərdişlər işinizə kreativ toxunuşlar etməkdə sizə kömək edəcək. Dediyimiz fikirlər birbaşa işinizlə əlaqə olmaya bilər, amma kreativ düşüncə tərzinin inkişafında əhəmiyyətli rol oynayacaq.

Baxış bucağınızı dəyişin.

İlk öncə bunu tətbiq edərkən özünüzü bir qədər məcbur etməli olacaqsınız, amma bir müddət sonra bu sizə zövq verəcək. Məsələn, qeyd dəftərinizi hansı formada istehsal edərsiniz? Bəlkə Yupiter formasında dizayn diqqətinizi çəkər. Bəlkə də görünməz olması.

Fantastik ideyalar irəli sürün, özünüzü limitləməyin. Kreativliyin ən böyük düşməni qəbul etdiyimiz alışqanlıqlardır. İş masanızda nəhəng bir qələm təsəvvür etmək sizi sadəcə əyləndirə bilər.

Araşdırma aparın.

Çalışdığınız sahəyə aid araşdırmalar aparın, maraqlı faktlarla tanış olun. Gündəlik məlumatlar oxuya biləcəyiniz hər hansı platformaya abunə olun. Dünyanın fərqli yerində sizinlə eyni sahədə çalışan insanların məsələlərə yanaşma tərzini analiz edin. Bu sahənin problemləri nələrdir? Onu həll etmək üçün mütəxəssislər hansı yeni fikirləri irəli sürürlər? Siz necə edərdiniz?

Bu araşdırma sizi kreativ yanaşmalara aparacaq. Müəyyən fikrə sahib olmaq üçün əlinizdə kifayət qədər resurs olmalıdır. Beyniniz məlumat topladıqca yeni ideyalar istehsal etməyə başlayacaq.

Qaralama tutun.

Qaralamanız ən yaxın dostunuz olsun! Getdiyiniz hər yerdə onu üzərinizdə daşıyın. Əgər memarsınızsa getdiyiniz məkandakı kiçik bir detal maraqlı ideyaya cığır aça bilər.
Ağlınıza nə gəlsə, sualsız qeyd aparın. Əsas odur, ətraflı qeyd edin ki, növbəti dəfə baxanda anlaya biləsiniz.

İdeya bir anda gəlir və çox zaman qısa vaxtda onu unuduruq. Buna görə bütün fikirləri qeyd etmək vacibdir. Düşünməyin ki, bu yaxşı deyil və ya işə yaramayacaq. Kiçik bir fikirlə başlayan ideya üzərində işləyərək siz böyük nailiyyətlər əldə edə bilərsiniz. Fikirlərinizi rəsmlərlə də vizuallaşdıra bilərsiniz, bunun üçün rəssamlıq qabiliyyətinizin olmasına ehtiyac yoxdur. Qaralama adına layiq şəkildə çəksəniz bəs edər.

Kreativ insanlarla görüşün.

Kreativ dostlar qazanın!

Yəqin ki, “Filankəs çox kreativdir” ifadəsini eşitmisiniz. Həmin filankəslə tanış olun, onun baxış açısını, düşüncə tərzini incələyin. Həmin şəxslə qısa söhbət etmək sizin üçün maraqlı olar və yeni fikirlər qazanmağınıza kömək edər. Onun bəzi mövzularda fikrini alın.

Mümkün olduqca əhatənizi kreativ insanlarla genişləndirin, tez-tez onlarla görüşüb fərqli mövzularda müzakirələr aparın, bu zaman öz ideyalarınızı səsləndirməkdən çəkinməyin.

Fərqli yerlərə səyahət edin.

Beyninizi xoşbəxt edin ki, o da sizi sevindirsin.

Yeni məkanlara səyahət etmək, müxtəlif mədəniyyətləri və insanları müşahidə etmək unikal fikirlərə yol açır. Beyniniz yeni məlumatları qəbul edir, toplayır və onlardan ideyalar çıxarır.

Səyahət edərkən işinizin istiqamətləndiyi konkret mövzuya fokuslana bilərsiniz. Getdiyiniz bölgənin adət-ənənəsi və ya mətbəxi sizin maraq dairənizdə ola bilər.

Belə düşünək. Hər hansı maşın brendinin yeni modeli təqdim olunacaq və siz onun təqdimat mətnini yazmalısınız. Təbii ki, burada siz maşının xüsusiyyətlərini sadalayacaqsınız, amma necə? Təsiredici olması üçün nələri vurğulamaq lazımdır?
Bu suallara cavab tapmaq üçün həmin modelin hədəf auditoriyasını müşahidə edə bilərsiniz. Auditoriya ilə eyni dildə danışmaq sizin üçün çox vacibdir. Onların diqqətini çəkəcək, maşının həyat tərzlərinə uyğun olduğunu göstərəcək nüanslara toxunmalısınız.

Biz kreativliyə dəstək olan bəzi üsullar haqqında danışdıq. Burada individual yanaşmalar da ola bilər. Bəs siz hansı metodları tətbiq edirsiniz?

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?