“Gilavar” Azərbaycan Foto Klubu “Mədəniyyət/Culture” jurnalı ilə birgə layihə həyata keçirir

9 Aprel 2020 Xəbər
news-inner-photo

Cari ilin yanvar ayından etibarən “Gilavar” Azərbaycan Foto Klubu Mədəniyyət Nazirliyinin təsisçiliyi ilə yeni adla nəşr olunan “Mədəniyyət/Culture” elmi-metodiki, publisistik jurnalı ilə birgə yeni rubrikaya start verib.

“Həmkarlarımız” adlanan rubrikada Azərbaycan foto sənətinin inkişafına töhvə verən, çəkdikləri fotolarla tarix yazan, Azərbaycanı xarici ölkələrdə və beynəlxalq foto müsabiqələrdə təmsil edən fotoqraflar və fotomüxbirlər ilə söhbətlər yer alacaq. Eyni zamanda, onların qazandıqları nailiyyətlər, onlara uğur gətirən fotolar, fotoqraf həmkarlarına  tövsiyələr də oxuculara çatdırılacaq. Dərginin ilk nömrəsində jurnalın baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Zöhrə Əliyeva “Gilavar” Azərbaycan Foto Klubunun həmsədrləri Dilavər Nəcəfov və Rəşad Mehdiyev ilə həmsöhbət olub. Söhbət zamanı klubun gördüyü işlər və layihələr, fotoqrafların beynəlxalq foto müsabiqələrdə əldə etdiyi nailiyyətlər, eləcə də onların statistikası barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, “Gilavar” Azərbaycan Foto Klubu 2017-ci ilin dekabr ayının 1-də yaradılıb. Klubun məqsədi ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, yaradıcı insanların imkanlarından istifadə etmək, istedadlı fotoqrafları üzə çıxarmaq, onların bu sahəyə maraq göstərmələrinə, beynəlxalq foto müsabiqələrdə iştirak etmələrinə dəstək vermək və ölkəmizi dünyada fotolar vasitəsi ilə tanıtmaqdır.

Bu məqalə sizin üçün faydalı oldumu?