“Evdə qal evdə yarat”

21 Mart 2020 Xəbər
news-inner-photo

Məlum olduğu kimi, bütün dünyanı bürüyən yeni koronavirus (COVİD-19) infeksiyası bizim ölkəmizdə də insanlar üçün çətinliklər yaradıb. Məktəblər, muzeylər, teatrlar bağlıdır, insanlara ictimai yerlərə getməmək, mümkün olduğu qədər evdə oturmaq tövsiyyə olunur.

Bu çətinliklərə baxmayaraq vətəndaşlarımızın yaradıcı bacarığı həmişə olduğu kimi, indi də yüksək səviyyədədir. Bu bacarığa güvənərək Kreativ Azərbaycan Portalı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Facebook sosial şəbəkəsi vasitəsilə “Evdə qal evdə yarat” adlı təşəbbüsü elan edir!

Dünya əl sənətinin, musiqisinin, ədəbiyyatının, rəssamlığının ən gözəl nümunələri məhz evdə yaradılıb. Gəlin biz də evdə olduğumuz müddətdə bu şansdan istifadə edək və yaradıcılığımızla virusla mübarizəni pozitivə fokuslanaraq gücləndirək!

Evdə keçirdiyimiz vaxt ərzində yaradıcılığımızı işə salaq və pozitivliyə töhvə verək! Və bu həmçinin dəyərli hədiyyələr qazanmaq üçün şans yaradacaqdır.

Təşəbbüsdə iştirak şərtləri çox sadədir:

  1. “Kreativ Azərbaycan” portalının Facebook səhifəsini (fb.com/creative.az) öz profilinizdən bəyənin,
  2. Koronavirus infeksiyasının yayıldığı müddətdə evdə olaraq yaratdığınız işi (əl işi, rəsm əsəri, musiqi əsəri, dizayn, video, yazılı mətn, foto, yaradıcı texnologiya və s.) öz səhifənizdə #evdəqalevdəyarat həştəqi ilə paylaşın,
  3. Paylaşımda həmçinin “Kreativ Azərbaycan” Facebook səhifəsini qeyd (tag) etməyi unutmayın.

 

Əgər 2020-ci ilin 30 aprel tarixinə kimi sizin işiniz ən çox bəyənilən ("like" alan) işlərdən olsa, deməli qaliblərdən birisiniz və Kreativ Azərbaycan portalı və Mədəniyyət Nazirliyi tərəfindən müxtəlif maraqlı hədiyyələr sizi gözləyir.

Qeydlər:

  • Əgər yaratdığınız musiqi, video, yazılı əsər və ya yaradıcı texnologiyadırsa, digər səhifələrdən linki qeyd edə bilərsiz (Youtube, Vimeo və s.).
  • #evdeqalevdeyarat həştəqi də yararlı sayılacaq.
  • Müsabiqə 2020ci ilin 30 aprel tarixinə kimi davam edəcəkdir.
  • Müsabiqə ilə bağlı sualları Kreativ Azərbaycan portalının Facebook səhifəsinə ünvanlaya bilərsiz.

Evdə qalıb evdə yaradaraq virusa birlikdə qalib gələk!

#evdəqalevdəyarat #evdeqalevdeyarat #creativeaz #SayNotoCovid

Bu məqalə sizin üçün faydalı oldumu?