"Azərbaycan milli animasiya sənayesi üçün kommersiyalaşdırılma və ixrac imkanları perspektivləri” mövzusunda dəyirmi masa təşkil olunub

14 Sentyabr 2023 Xəbər
news-inner-photo

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi və “Azərbaycan Animasiya Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə 2023-cü il sentyabrın 6–10-da keçirilən 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı çərçivəsində 7 sentyabr 2023-cü il tarixində dövlət və özəl qurumların nümayəndələrinin iştirakı ilə "Heydər Əliyev Mərkəzi"ndə “Azərbaycan milli animasiya sənayesi üçün kommersiyalaşdırılma və ixrac imkanları perspektivləri” mövzusunda dəyirmi masa təşkil olunub.

Giriş sözü ilə çıxış edən Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova hazırda yeni mədəniyyət konsepsiyası üzərində iş getdiyini və onun bir hissəsinin kino sənayesinin inkişafı üçün əlverişli mühitin yaradılması məsələlərini nəzərdə tutduğunu bildirib: "Animasiya kino sənayesinin müstəqil qollarından biridir. Məqsədlərdən biri ölkəmizdə animasiya kinosunun sənayeləşməsi, kommersiya baxımından cəlbedici olması, dövlət-özəl əməkdaşlığı bünövrəsində onun inkişafına nail olmaqdır."

Azərbaycan Animasiya Assosiasiyasının sədri və ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyev Azərbaycan animasiya sahəsində aparılmış təhlillər və dayanıqlı inkişaf həlləri ilə bağlı təqdimatla çıxış edib.

Dəyirmi masada, həmçinin 20-ə yaxın animasiya studiyası və oyun, kino sahəsində fəaliyyət göstərən  qurumların nümayəndələri, Azərbaycan Respublikasının Elm Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, “CinemaPlus”, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, “AZPROMO”, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndələri iştirak edib. İştirakçılar dəyirmi masada Azərbaycanda animasiya sənayesinin kommersiyalaşdırılması üçün müxtəlif həll yolları təklif edərək hazırda üzərində iş gedən animasiya layihələrindən danışdılar. Tədbirdə "3 Dost" və "ALOVE" animasiya studiyalarının animasiya filmlərinin treylerləri nümayiş etdirilib.

Statistikaya əsasən, Azərbaycanda 13 yerli animasiya studiyası fəaliyyət göstərir. Onlardan yalnız 2-si 2023-cü ildə peşəkar qısametrajlı animasiya filmi istehsal edib. Müxtəlif animasiya sahələrində 150-dən çox peşəkar çalışır. Hər il ortalama bir və ya iki peşəkar animasiya filmi istehsal olunur.

Qeyd edək ki, ANİMAFİLM Festivalı 2018-ci ildən etibarən hər il Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir. Festival çərçivəsində 20 tədbirin keçirilməsi və 60-dan çox animasiya filminin nümayişi nəzərdə tutulur. Festival müsabiqə, müsabiqədənkənar və peşəkar proqramlardan ibarətdir.

 

 

Bu məqalə sizin üçün faydalı oldumu?