6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına filmlərin qəbulu başlanıb

16 Fevral 2023 Xəbər
news-inner-photo

Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə 2023-cü il sentyabrın 6-dan 10-dək 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək. Festivalın təşkilat komitəsi animasiya peşəkarlarını və studiyaları müsabiqə proqramında iştirak etməyə dəvət edir.

Animasiya filmləri festivalın onlayn FilmFreeway platforması vasitəsilə qəbul olunur. Müraciətlər üçün ən son tarix 2023-cü ilin iyulun 1-dir. Əsərlər yerli və beynəlxlaq kateqorıyalar üzrə qəbul olunur.

Qaliblər üçün mükafatlar nəzərdə tutulub:

·Yerli müsabiqənin “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafatı – 500 ABŞ dolları və 2024-cü ildə Annecy Beynəlxalq Animasiya Film Festivalına (Fransa) səyahət.

·Beynəlxalq müsabiqənin “Ən yaxşı qısametrajlı animasiya filmi ­­– GRAND PRIX” kateqoriyası üzrə mükafatı – 1000 ABŞ dolları.

·Beynəlxalq müsabiqənin “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafatı – 500 ABŞ dolları.

·Tamaşaçı rəğbəti mükafatı.

·Tərəfdaşların xüsusi mükafatları.

Filmlər aşağıdakı şərtlərə uyğun olmalıdır:

·Filmlər 2020-ci il yanvarın 1-dən sonra çəkilməlidir;

·Filmin 50 %-indən çoxu animasiya olmalıdır. Filmdə istifadə edilən animasiya texnikalarına məhdudiyyət qoyulmur;

·Animasiya filmini təqdim edən iştirakçı (rejissor, prodüser və ya digər səlahiyyətli şəxs) film üzərində hüququ olmasını və onun festivalda nümayişinə səlahiyyətli olduğunu bəyan edir.

ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı Azərbaycanın ilk və tək animasiya festivalıdır. 2018-ci ildən başlayaraq təşkil olunan festival uşaq və gəncləri, animasiya rejissorlarını və studiyaları bir araya gətirərək onları beynəlxalq təcrübə ilə tanış edir, peşəkar yerli və xarici animasiya ustaları ilə onları görüşdürüb yüzlərlə animasiya filmləri nümayiş etdirir, ustad dərsləri, konfranslar, konsertlər, tamaşalar və sərgilər keçirir.

 

Bu məqalə sizin üçün faydalı oldumu?