V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı ilə bağlı mətbuat konfransı keçirilib

7 Sentyabr 2022 Xəbər
news-inner-photo

Ötən gün Nizami Kino Mərkəzində “Azərbaycan Animasiya Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə sentyabrın 7-11-də Bakıda keçiriləcək V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı ilə bağlı mətbuat konfransı keçirilib.

Mətbuat konfransında festivalın təsisçisi və direktoru, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamaliyev, media menecer Bahar Zeynallı, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının sədr müavini Telman Məlikzadə, animator rəssam Nitya Ramloqan və başqaları iştirak ediblər.

Rəşid Ağamalıyev festivalın proqramı barədə geniş məlumat verərək builki festivalın daha fərqli olacağını vurğulayıb. Həmçinin qeyd edib ki, “Bir bilet-bir ağac” şüarı altında keçiriləcək festival iqlim dəyişikliyinə həsr olunmuşdur. Tədbirdə bilet satışından əldə olunacaq gəlir azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası üçün Qarabağ Dirçəliş Fonduna ianə ediləcəkdir.

Festivala 50 müxtəlif ölkədən 230 film daxil olub və bunlardan seçim komissiyası trəfindən müsabiqəyə 29 ölkədən 75 film qəbul edilib. Bu filmlər 1 yerli və 6 beynəlxalq kateqoriyalar üzrə yarışacaq. Azərbaycandan isə müsabiqədə 16 film iştirak edir. Beynəlxalq münsiflər heyəti tərəfindən bütün filmlərə baxıldıqdan sonra festivalın qalibləri V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının bağlanış mərasimində elan olunacaqlar. 

Festivalın media meneceri Bahar Zeynallının sözlərinə görə, builki festival tamaşaçılara üç əsas proqram təqdim edir: müsabiqə və müsabiqədənkənar, eləcə də peşəkarlar üçün proqram. O bildirib ki, festivalda animasiya filmlərinin nümayişi ilə yanaşı, yerli və xarici peşəkarların iştirakı ilə vörkşoplar və ustad dərsləri də təşkil olunacaq.

Mədəniyyət Nazirliyinin əməkdaşı Elşad Əliyev ölkəmizdə animasiya filmlərinin istehsalından danışıb. Bildirib ki, mütəmadi olaraq Mədəniyyət Nazirliyinin sifarişi ilə müxtəlif şirkətlərlə əməkdaşlıq çərçivəsində animasiya filmləri istehsal olunur. Elşad Əliyev həmçinin, Mədəniyyət Nazirliyinin mütəmadi olaraq animasiya layihələrinə dəstək olduğunu qeyd edib. 

“Animafilm” Beynəlxalq Animasiya Festivalının art direktoru Nəzrin Ağamalıyeva qeyd edib ki, festivalın müsabiqədənkənar proqramda iqlim dəyişikliyi ilə bağlı filmlər, uşaqlar üçün “Ana təbiət” proqramı, Çexiyanın “Hətta siçanlar da cənnətə aiddir” tammetrajlı filmi, Ukrayna animasiyası, virtual sərgi və Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalib filmləri təqdim olunacaqdır. Həmçinin Azərbaycanla Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə “Hava övladı” adlı tammetrajlı animasiya filmi nümayiş etdiriləcək. 

V “Animafilm” festivalının seçim komissiyası tərəfindən müsabiqə proqramına daxil edilmiş filmlərin siyahısı www.animafilm.az rəsmi saytında dərc olunub.

Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının sədr müavini Telman Məlikzadə festival təşkilatçılarını təbrik edərək  Federasiyanın bütün yaradıcılıq sahələrində fəaliyyət göstərən peşəkarların, assosiasiyaların, şirkətlərin fəaliyyətini əlaqələndirir və ölkəmizdə yaradıcılıq sahəsi üzrə bir çox tədbirlərdə aktiv şəkildə tərəfdaşlıq edərək dəstək göstərir. 

Daha sonra, animator rəssam, V “Animafilm” Festivalının qonağı Nitya Ramloqan festivallarda bağlı öz təəssüratlarını bölüşərək təşkilatçılara xoş arzularını çatdırıb.

Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Mənbə: https://acif.az/

Bu məqalə sizin üçün faydalı oldumu?