Azərbaycandan 4 reklam agentliyi "AdAsia"da

15 Dekabr 2021 Xəbər
news-inner-photo

"AdAsia" "Creativity And Craft Ranking" kateqoriyasının nəticələrini açıqlayıb, 11-ci dəfə Mərkəzi Asiya regionunda və Azərbaycanda ilin ən yaxşı agentlikləri müəyyən edilib. Reytinq 2021-ci il ərzində regional agentliklərin beynəlxalq reklam festivallarında iştirakının nəticələrini nəzərə alır, burada münsiflər heyəti kreativ reklam agentliklərinin, brendinq studiyalarının və dizayn bürolarının, rəqəmsal və SMM, PR və BTL agentliklərinin yaradıcılığını və bacarığını qiymətləndirir.

Ümumilikdə 4 ölkənin - Özbəkistanın, Qazaxıstanın, Azərbaycanın və Qırğızıstanın agentlikləri reytinqə düşə biliblər. Qeyd edək ki, ötən illərlə müqayisədə Azərbaycanın daha çox agentliyi festivallarda mükafatlar alıb və bu siyahıya düşə biliblər. Bu agentlikləri aşağıda sizə təqdim edirik:

“Creativity And Craft Ranking” kateqoriyasının TOP 10-na daxil olmağı bacaran “Endorphin” reklam agentliyi iştirak etdiyi “Kiyev Beynəlxalq Reklam Festivalı”nda 32 bal, “WhiteSquare”dən 5 bal və “Red Jolbors” festivalından isə 4 bal alaraq ümumi 41 bal toplayıb və  26 agentlik arasından 8-ci yerə layiq görülüb. Bundan əlavə, “Digital & SMM Ranking” kateqoriyası üzrə də sözügedən agentlik TOP 5-də 5-ci yerdə qərarlaşıb.

Reytinqdə yer alan növbəti reklam agentliyi - "FCB Artgroup" isə “AdStars” festivalından 12 bal, “Red Jolbors” agentliyindən 8 bal alaraq ümumilikdə 20 bal ilə ili sonlandırıb və reytinqin 12-ci yerinə layiq görülüb. “Digital & SMM Ranking”də isə “Red Jolbors” festivalından qazandığı 8 bal ilə TOP 5-ə daxil olaraq 4-cü yerə layiq görülüb.

Doyle Dane Bernbach Agentliyinin Azərbaycan qrupu “Creativity & Craft Ranking” kateqoriyasında “Red Jolbors” festivalından qazandıqları 12 bal ilə 13-cü yerdə qərarlaşıb.

“Creativity & Craft Ranking” kateqoriyası üzrə Azərbaycanı təmsil edən bir digər şirkət isə "Düymə" agentliyidir. Agentlik bu kateqoriyada "Red Jolbors” festivalından aldığı 4 bal ilə 15-ci yerə layiq görülüb.

Bu məqalə sizin üçün faydalı oldumu?