Keyfiyyətli təqdimatın 8 sirri

12 Iyul 2021 Məqalalələr
news-inner-photo

Yüksək yaradıcılıq qabiliyyətiniz olsun, möhtəşəm dizaynlar hazırlayın və ya çox faydalı tətbiq yaradın. Əgər təqdimat və ünsiyyət bacarıqlarınız yoxdursa, ərsəyə gətirdiyiniz işi tanıda bilməyəcəksiniz, yaxud lazımi səviyyədə yaradıcılığınız nümayiş olunmayacaq.

Məhz buna görə ən yaxşı aparıcıların təqdimat və ünsiyyət qabiliyyətinin yüksək olma səbəblərini öyrənmək vacibdir.

Vaxtdan düzgün istifadə

Ən yaxşı aparıcılara diqqət yetirsəniz, onların limitli vaxtda maksimum informasiyanı necə uğurlu təqdim etdiklərini görə bilərsiniz. Onlar özlərinə ayrılan vaxta sahiblənirlər və onu düzgün idarə edirlər. Hansı məlumatlar veriləcək və ən qısa şəkildə necə ifadə etmək olar.

Vaxtdan düzgün istifadəni təcrübədən keçirmək üçün işinizlə bağlı təqdimat hazırlayın və onu qısa vaxtda (bu 15 dəqiqəyə qədər ola bilər) təqdim etməyə çalışın. Sonda özünüzdən razılıq səviyyənizi ölçün.

Bədən dili haqqında məlumatlı olmaq

Auditoriyanız ilə kommunikasiya qurmağın və onlarda inam yaratmağın yollarından biri bədən dilidir. Peşəkar aparıcılar sanki birbaşa auditoriyanın hər bir iştirakçısı ilə danışırmış hissi yaradırlar.

Auditoriya ilə əlaqə qurmağın yolları:

  • Göz kontaktı – Ünsiyyət qurduğunuz şəxslə göz kontaktı qurmalısınız. Divara, tavana və ya ətrafa baxmaq diqqətinizin qarşı tərəfdə olmadığını göstərir.
  • Üz ifadələri – Gülümsəmək yalnız müsbət aura yaratmır, həm də narahatlığınızı yüngülləşdirir.
  • Düzgün qamət – Başınız dik, çiyinləriniz düz olmalıdır.
  • Əllər – Əllərinizi cibinizdən çıxarın və onları bir-birinə sürtmək, boynunuza və ya saçınıza aparmaq kimi narahatlığınızı göstərən hərəkətlərdən qaçın.

Yaxşı dinləyici olmağı bacarmaq

Peşəkar aparıcıları fərqləndirən digər cəhət yaxşı dinləyici olmalarıdır. Qarşınızdakı şəxsin sualını bitirməsini gözləmək, sualı tam anlamaq və daha sonra onu cavablandırmaq vacibdir. Bu keyfiyyətli ünsiyyət bacarıqlarının əsas qanunlarındandır. Çox zaman sualı tam anlamadan cavablandırmağa çalışan və yanlış cavab verərək vaxt itirən insanlarla yəqin siz də qarşılaşmısınız. Mümkün qədər bu kimi xoşagəlməz halların qarşısını almaq lazımdır. Necə? Danışmadan öncə dinləyərək!

Fasilə hissələrini bilmək

Çox önəmli təqdimat edirsiniz. Auditoriyanızın bütün məqamları anladığını bilməyiniz üçün harada fasilə verəcəyinizi bilməlisiniz. Fasilədə auditoriyanın suallarını və qaranlıq qalan məqamları öyrənə bilərsiniz. Bu təqdimatınızın daha yaxşı anladılmasına kömək edir. Təqdimat boyunca auditoriyanızı nəzərdən keçirin, onların baxışlarından mövzunu nə qədər anladıqlarını təxmin etməyə çalışın.

Əlavə sözlərə yer verməmək

Belə, bəyəndinizmi, necədir, hmm, aaa ...
Tez-tez bu sözləri eşitmək həqiqətən yorucu deyil? Təqdimatınızı ilk öncə yaxınlarınıza edin və onların neytral fikirlərini alın. Hansı sözləri çox istifadə edirsiniz? Danışığınızda yorucu məqamlar nələrdir?

Bunların hamısını öyrənin və üzərində çalışın. Auditoriyanızın sizdən yorulmasını yəqin ki, istəməzsiniz. Ona görə də çoxlu məşq etməli və neqativ nüansları aradan qaldırmalısınız.

Pozitiv olmaq

Öz işiniz haqqında siz həyəcanlı deyilsinizsə, digərlərində buna maraq oyada bilməzsiniz. Pozitiv, həyəcanlı və enerjli olmalısınız. Təqdimatınız yalnız informativ xarakter daşımamalıdır. Bəzən zarafat edərək auditoriyanın diqqətini daha çox çəkə bilərsiniz.

Təqdimatı maraqlı etməyin digər üsulu hekayələndirmədir. Hekayələr həm axıcı, həm də yaddaqalan olur. İşiniz haqqında bu cür danışsanız, əmin olun uzun müddət xatırlanacaqsınız.

Hər şeyə hazır olmaq

Hər an gözləmədiyiniz sual və ya reaksiya gələ bilər. Buna hazır olmalısınız. Ola bilər ki, hansısa sualın cavabı sizə də məlum deyil. Bu zaman “Maraqlı sualdır, bunu mütləq araşdıracam” deməkdən çəkinməməlisiniz.

İşinizi mükəmməl bilmək sizin peşəkarlığınızı göstərər, amma qarşılaşdığınız suallar fərqli ola bilər və siz onların hamısının cavabını bilməlisiniz deyə bir qanun yoxdur. Təqdimatdan öncə isə hansı hissələrdən sual gələ bilər və onlara necə cavab verəcəksiniz – buna hazırlaşın.

Böyük düşünmək

Auditoriyanızın maraqlarını, istəklərini öyrənin. Onları nələrin motivasiya etdiyini bilməlisiniz. Təqdimatda qeyd etdiyiniz hər bir nüansın onlar üçün nə faydası olacaq, bunu bilərək nə əldə edəcəklər suallarını özünüzə ünvanlayın. Tutarlı cavablarınız olmalıdır. Onların diqqətini çəkəcək təqdimat hazırlamalısınız.

Bu üsulları tətbiq edərək təqdimat və ünsiyyətinizi daha da zənginləşdirə bilərsiniz. Hər biri üzərində çalışmaq, təcrübədən keçirmək və individual yanaşmanı göstərmək vacibdir. Hansı sahədə çalışmağınızdan asılı olmayaraq qeyd olunan bacarıqlar hər zaman işinizə yarayacaq.

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?