Teatr Dünyası və Dünyanın Əsrarəngiz Teatrları

10 Mart 2021 Məqalalələr
news-inner-photo

Bu gün Azərbaycan Milli Teatr Günüdür.

Əsası 1873-cü ilin mart ayında M.F.Axundovun "Lənkəran xanın vəziri" tamaşası ilə qoyulmuş Azərbaycan teatrı keşməkeşli illər yaşayaraq zamanın mühakiməsində təsdiqini tapmışdır. Bakıda ilk dəfə olaraq "Artistlər ittifaqı" yaradılması peşəkar teatrın inkişafına yol açmış oldu. Azərbaycan teatrının repertuarı milli dramaturqları - M.F.Axundov, N.Vəzirov, N.Nərimanov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə və başqalarının pyeslərindən tərtib olunmaqla yanaşı, rus  və Qərbi Avropa dramaturqlarının əsərlərinə meydan verildi və böyük klassiklərin əsərləri ilə teatr səhnəmiz daha da zənginləşdi. Hazırda, ölkəmizdə 30 dövlət, 10 müstəqil teatr fəaliyyət göstərir.

Kreativ sənayedə rolu günü-gündən artan teatrlar cəmiyyətin həyatında, eləcə də yaradıcılıqda mühüm əhəmiyyət kəsb edirlər. Birbaşa individual yaradıcılıq qabiliyyətinə əsaslanan bu yaradıcılıq sənaye sahəsi ərsəyə gətirilməsi olduqca çətin olan tamaşaları birbaşa yüzlərlə insana təqdim edir. Hal-hazırda bütün dünyada diqqət mərkəzində olan mədəniyyətin teatr sahəsində yeni biznes modelləri tətbiq edilir, rəqəmsal innovasiyalar ilə izləyicilərin marağına səbəb olur.

Teatrlar iqtisadi və sosial təsirə malik yaradıcılıq nümunəsidir. Məsələn, Böyük Britaniyaya gələn bütün turistlərin 9,2%-i teatra, musiqi konsertlərinə, opera və balet tamaşalarına, parklarda, pablarda, restoranlarda və hətta düşərgələrdə göstərilən yerli tamaşalara baş çəkirlər ki, bu da Avropada turizm dövriyyəsinin mühüm elementi hesab edilir. Məsələn, Avropanın populyar turizm mərkəzlərindən biri olan Barselona Dövlət Teatrını 2011-ci ildə rekord sayda - 2,8 milyon tamaşaçı ziyarət edib.

Bir çox Avropa paytaxtlarının və ölkələrinin zəngin mədəni irsi müasir teatrın dinamizmi sayəsində güclənir. Avropada çoxlu sayda iş yerləri təklif etməklə (2011-ci ildə təxminən 1.234.338), özündə teatrı da ehtiva edən səhnə sənətləri sektoru, iş axtaranlara təklif edilən altı iş yerindən birini tutaraq qitənin mədəni və yaradıcı sənaye sahələrində ən böyük işəgötürən sayılır.

Dünyanın teatrlarla məşhur şəhərləri arasında Milan, London, Nyu-York, Melbrun, Tokio ilk beşlikdədir. Bakını bu sırada görə bilməsək də, doğma paytaxtımızda teatrların sayı kifayət qədərdir. Sənaye sahəsi kimi ölkəmizdə də teatrlara marağın artması sevindirici haldır. Hazırda, ölkəmizdə 10-a yaxın müstəqil teatr kolektivi fəaliyyət göstərir. Biz artıq tamaşalarda müasir alətlərin tətbiqini, trendə uyğunluğu görürük. Bu yeniliklər cəmiyyətin teatrlara olan marağını artırmaqla yanaşı, həm də insanların mədəni zövqünü daha da zəngingləşdirir.

Milli Teatr günü münasibətilə ölkəmizin bütün teatr ictimaiyyətini ürəkdən təbrik edir, onlara yaradıcılıq uğurları arzulayırıq.

Oxucularımızı dünyanın 10 ən gözəl teatrı ilə tanış olmağa dəvət edirik.

“Minack Theatre” (Minek Teatrı), Kornuoll, İngiltərə

Kornuoll bölgəsinin Portkerno qəsəbəsində yerləşən Minack teatrı yerli oyunçular üçün Rovena Keydin bağının aşağısında inşa etdirdiyi parlaq bir ideya idi. Teatr 90 ildir ki, böyük ziyarətçi marağını cəlb edir və musiqi, dram, opera və uşaq teatrı da daxil olmaqla tam proqram ilə fəaliyyət göstərir.

“The Seebühne” (Üzən Səhnə Teatrı), Boden gölü, Avstriya

Seebühne və ya üzən səhnə Boden gölünün sahilində yerləşir və 7.000 tamaşaçı tutur. Bregenz Festivalı zamanı məkan olaraq böyük həcmli opera və ya musiqi tamaşaları üçün istifadə olunur. Məkanda 2008-ci ildə istehsal olunmuş Ceyms Bond haqqında “Mərhəmət Kvantı” filminin bir səhnəsi çəkilmişdir.

“The Winter Garden” (Qış Bağı Teatrı), Toronto, Kanada

1913-cü ildə inşa edilmiş, Torontodakı Elgin Teatrının yeddi mərtəbəsində yerləşən Qış Bağı teatrı dünyanın son fəaliyyət göstərən ikiyaruslu teatrıdır.

“Odeon of Herodes Atticus” (Odeon Teatrı), Afina, Yunanıstan

Eramızın 174-cü ilində tamamlanmış Odeon teatrı ("İrodeon" kimi tanınır) Akropolun cənub yamaclarında yerləşir. İrodeon 52 ildir Afina Festivalı zamanı musiqi, rəqs və teatr performanslarına ev sahibliyi edib.

Şekspirin Qlobus Teatrı, London, İngiltərə

Aktyor və rejissor Sem Uonameyker (Zoya Uonameykerin atası) tərəfindən əsası qoyulan Şekspirin Qlobus Teatrı ilk dəfə 1599-cu ildə inşa edilmiş, 1613-cü ildə yandırılaraq dağıdılmış, 1614-cü ildə yenidən tikilmiş və sonradan 1644-cü ildə təkrar yerlə yeksan edilmiş, Yelizaveta dövrünə aid olan Qlobus teatrının yenidən qurulması nəticəsində yaranmışdır. Ən son yenidənqurma işinin 1997-ci ildə aparıldığı teatr V Henri tamaşasının səhnələşdirilməsi ilə tamaşaçıların ixtiyarına verilmişdir.

Tampa Teatrı, Florida, ABŞ

Memar Con Eberson tərəfindən layihələndirilmiş Tampa Teatrı 1926-cı ildə açılmışdır. İnteryeri Aralıq dənizi sahilində açıq hava məkanını xatırladır və tavanı isə sayrışan ulduzları yada salan 99 lampa ilə bəzədilmişdir.

“Palacio de Bellas Artes” (İncəsənət Sarayı), Mexiko, Meksika

“Palacio de Bellas Artes” Meksikanın ən vacib mədəniyyət mərkəzi hesab olunur. 1934-cü ildə inşası tamamlanan binada sərgilər və teatr tamaşaları nümayiş olunur.

Sidney Opera Teatrı, Sidney, Avstraliya

Sidney Opera Teatrı danimarkalı memar Yorn Utzon tərəfindən layihələndirilmiş və 1973-cü ildə rəsmi olaraq açılmışdır. Dünyanın ən məşhur yerlərindən biri hesab olunan bu məkan hər il təxminən 1.2 milyon insanın ziyarət etdiyi və toplam 1500-dən çox tamaşa və mədəni tədbirin təşkil olunduğu bir neçə nümayiş zalından ibarətdir və bu da onu dünyanın ən dinamik səhnə sənəti mərkəzlərindən biri kimi tanıdır.

“Palau de la Música Catalana” (Kataloniya Musiqi Sarayı), Barselona, İspaniya

Memar Luis Domenek-i-Montaner tərəfindən layihələndirilmişdir və Kataloniya İntibahı dövrü olaraq tarixə məlum olan Kataloniya mədəni hərəkatının aparıcı qüvvəsi hesab olunan, 1891-ci ildə əsası qoyulmuş Kataloniya Orfeonu, xor cəmiyyəti üçün 1908-ci ildə tamamlanmışdır.

Kral Albert Zalı, London, İngiltərə

Kral Albert Zalı Şahzadə Albertin (Şahzadə Viktoriyanın əri) İncəsənət və Elmlərin dərki və qiymətləndirilməsinin təşviqi məqsədilə nəzərdə tutulan “Mərkəzi Zal” vizyonunu həyata keçirmək üçün inşa edilmişdir. Zal I dərəcəli binaların siyahısına daxildir və 1871-ci ildə açılışından indiyə qədər davamlı istifadə edilir.

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?