Qlobal musiqi müzakirələri: Eurovision-un milli musiqi sənay...
Elmar Bayramovun filmi ABŞ-da keçirilən festivalları fəth edir

Bir neçə il öncə ABŞ-a köçən Azərbaycanlı rejissor Elmar Bayramov Amerika kino industriyasını fəth etməkdə davam edir.
Zədə nəticəsində əlil olsa da təslim olmayaraq mübarizə aparan Orxan adlı gəncin əhvalatından bəhs edən “Let me run” filmi ABŞ-da bir sıra mükafatlar qazanıb.
Layihəsinin qazandığı mükafatlar haqqında özünün feysbuk hesabında məlumat verən rejissor Elmar Bayramov bildirmişdir ki, film Hollywood International Moving Pictures film festivalında “ən yaxşı döyüş filmi və triller” nominasiyasında ən yaxşı olmuşdur. New York Film Awards film müsabiqəsində isə film iki nominasiyada qalib olmuşdur – “Ən yaxşı rejissor işi” və “Ən yaxşı döyüş filmi”.
Hollywood International Moving Pictures film festivalı rübdə bir dəfə keçirilir və əsas məqsədi dünyanın hər yerindən olan kinematoqrafçılara dəstək verilməsi və onları yeni yaradıcı işlərə ruhlandırmaqdır.
New York Film Awards isə bütün ölkələrdən olan kinematoqrafçılar və ssenaristlər üçün ayda bir dəfə keçirilən film müsabiqəsidir.
Daha əvvəl “Let me run” filmi “Los Angeles Cinematography Awards” film festivalında “Ən yaxşı səsləndirmə” və “Ən yaxşı hava çəkilişi” nominasiyaları üzrə qalib olmuşdu. Bundan başqa, ekran işi ötən ilin noyabrında Torontoda keçirilən “Canadian & International Short Film Festival”da “Ən yaxşı Döyüş/Macəra” nominasiyasında ən yaxşı olmuşdu.
Ekran işinin rejissoru və ssenari müəllifi Elmar Bayramov, prodüserləri Könül Kəngərli, Klara Brotons Merkadal, Alan Qoldberq, Zeke Ramazan Qeysdir. Baş rolda Tural Manafov çəkilib.
Filmin treyleri: youtube.com/watch?v=hNR43xUS4t4&feature=emb_logo
Mənbə: 1news.az/

