Aut quia eos reprehe
Twitter-də necə trendə düşmək olar?

Bu günə qədər ölkəmizdə çox az istifadəçiyə sahib Twitter platforması son 1 ayda azərbaycanlı istifadəçilərin diqqət mərkəzindədir. Səbəb isə hər kəsə məlum olan informasiya müharibəsidir. Burada aparılan informasiya müharibəsində əsas məqsəd trendə düşməkdir. Həmçinin dünyanın hər yerində olan istifadəçiləri ölkəmizdə baş verənlər haqqında məlumatlandırmaqdır.
Twitter platformasında trendə düşmək üçün nə etmək lazımdır?
Platforma xüsusi alqoritmə sahib olduğundan çalışmaq lazımdır ki, müəyyən qaydalara əməl edilsin. Təbii ki, bütün alqoritmanı anlamaq mümkün deyil, amma bizə lazım olan əsas məqamlara diqqət edə bilərik.
- Düzgün hesab yaratmaq.
Sosial şəbəkələrdə hesab yaratmaq bir qədər sadə yanaşılan məsələlərdəndir. Unutmamalıyıq ki, bu hesab sizin rəqəmsal aləmdə imicinizin göstəricisidir. Eyni zamanda trendə düşmək məqsədilə müəyyən paylaşımlar edəcəksinizsə, hesab məlumatlarının düzgün doldurulması məsləhətdir. Hesab məlumatları dedikdə, sizə aid profil şəkli, düzgün ad-soyad, doğum tarixi, ərazi, yerləşdirə biləcəyiniz saytınız varsa, onun linki kimi məlumatlar nəzərdə tutulur.
- #Həştəqseçimi.
Twitter platformasında trend mövzular arasında olmaq üçün əsas nüanslardan biri doğru həştəq seçimidir. Doğru həştəq təyin etmək üçün aşağıdakı qaydaları izləmək vacibdir:
- Həştəq unikal olmalıdır. Daha öncə istifadə olunan həştəq ilə trendə daxil olmaq çətindir. Buna görə mövzuya aid yeni həştəqin yaradılması sizin işinizi asanlaşdırar.
- Ö, ş, ə kimi hərflərdən istifadə olunmaması arzuolunandır. Böyük ehtimal fərqli ölkələrin serverləri dil qaydaları baxımından bu həştəqləri qəbul etməyəcək.
- Yaxşı olar ki, həştəqiniz ingiliscə olsun. Belə olduğu halda xarici istifadəçilərin həştəqi anlaması, həştəqə daxil olub mövzu haqqında informasiya əldə etməsi sürətlənir. Beləliklə, siz daha asan trendə düşə bilərsiniz.
- Həştəqin cümlə daxilində istifadə oluna bilməsi üstünlükdür. Bu həm mövzu haqqında fikir bildirmək istəyənlərə rahatlıq yaradır, həm də yazı daxilində olan həştəq istifadəçilərin daha çox diqqətini çəkir.
- Əlavə həştəqlər yazmayın. Çalışın, yalnız trendə daxil etmək istədiyiniz həştəqdən istifadə edin. Sizə müxtəlif insanların bir mövzu ətrafında birləşməsi lazımdır. Əlavə həştəqlər diqqət yayındırır və fikirlər mövzular üzrə bölünür.
- Mətndə orijinallıq.
İnformasiya müharibəsi zamanı istifadəçilər kömək üçün müəyyən mətnlər hazırlayırlar və həmin mətni başqaları ilə paylaşırlar. Bu əsasən müxtəlif dillərdə paylaşım etmək üçün istifadə edilir. Twitter platformasında isə orijinal mətnlərə, şəxsi fikirlərə üstünlük verilir. Hər kəsin öz şəxsi fikrini yazması daha çox önəm daşıyır. Dil biliyi olanlar digər istifadəçilərin mətnini tərcümə edərək onlara köməklik göstərə bilərlər. Son günlər ölkədə gördüyümüz birliyə, əsasən deyə bilərik ki, hər bir azərbaycanlı hər zaman digər vətəndaşa yardım etməyə hazırdır.
#BizBirlikdəGüclüyük
- Paylaşım vaxtı.
Bildiyimiz kimi trendə düşmək üçün eyni vaxtda müxtəlif istifadəçilər tərəfindən bir mövzu haqqında və bir həştəq altında tvitlər yazılmalıdır. Burada ən çox edilən səhvlərdən biri vaxt aralığı yox, konkret vaxtın təyin edilməsidir. Məsələn, filan həştəq ilə 21:00-da tvit yazılacaq kimi elanlar görürük. Hər kəs eyni anda daxil olur və tvit yazır, ancaq növbəti dəqiqələrdə mövzuya maraq azaldığı üçün trendə düşmək mümkün olmur. Trendə daxil olmaq 15 dəqiqə ilə 1-2 saat aralığında dəyişə bilər. Ona görə yaxşı olar ki, vaxt intervalı təyin olunsun və həmin müddətdə mövzu haqqında maksimum paylaşım edilsin. Bu zaman trenddə qalma müddəti də arta bilər.
Əlavə məsləhətlər:
- Yeni hesab açıb birbaşa müəyyən mövzu haqqında paylaşımlar etmək informasiya müharibəsində uğurlu olmaya bilər. Çalışın, hesab yaratdığınız zaman müəyyən sayda (50+) izləyici toplayın, fərqli insanları izləyin və bir neçə tvit yazın.
- Rəsmi hesablar trendə daxil olmaqda işinizi asanlaşdırır. Hər bir platformada olduğu kimi “Twitter” də bu hesabların üstünlükləri çoxdur. Sizin həştəqiniz ilə rəsmi hesabların paylaşım etməsini təmin edin. Bu zaman trendə düşmək daha asan olar.
- Trendə düşmək üçün müxtəlif ölkələrdəki istifadəçilərin bir mövzu haqqında maraqlı olması əsas şərtlərdəndir. Hal-hazırda ölkədə VPN-lərdən geniş istifadə bizə bu imkanı yaradır. Odur ki, bu imkandan düzgün istifadə edərək və fərqli ölkələrdən VPN-ə qoşularaq tvit yazmaq sizin xeyrinizədir.
- Paylaşımlara foto, video və linkləri trendə daxil olduqdan sonra yerləşdirin. Rəsmi məlumatlar dünya ictimaiyyətini məlumatlandırmaqda bizə kömək edir. Yaxşı olar ki, trend olduqdan sonra həmin faylları paylaşımlara əlavə edəsiniz.
Qeyd olunan məlumatlar ilə sizə müəyyən qədər qanunauyğunluqları çatdırmağa çalışdıq. Hal-hazırda ölkədə informasiya müharibəsi sürətlə davam edir və bu tempin özünü saxlayacağına inanırıq. Hələ yazacağımız tarixi anlar çoxdur.
Hər kəsə uğurlar!
Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaze