Forbs: Post-pandemiya dövründə uğur qazanmağınız üçün 8 BACARIQ

21 May 2020 Məqalalələr
news-inner-photo

Bir çoxumuz evdə qaldığımız müddətdə pandemiyadan sonrakı dünyanın necə ola biləcəyi barədə düşünürük. Yeni növ koronavirus nəzarət altına alındıqdan sonra dünyanın necə dəyişəcəyi ilə bağlı çox şey hələ məlum deyil, ancaq işlərin əvvəlkitək olduğu kimi qalacağı ehtimalı azdır. İş yerlərimiz ehtimalən dəyişəcək ki, bununla da şirkətlərə bacarıqlı mütəxəssislər lazım olacaq. Bu məqalədə post-pandemiya dövründə yüksək tələbatın olacağı ehtimal olunan 8 iş bacarığı haqqında bəhs olunur.

Uyğunlaşma və çeviklik

Bir şey dəqiqdir ki, şirkətlərin iş və əməliyyat metodları dəyişəcək. Dünya onsuz da sürətlə dəyişirdi, ancaq pandemiya bunu daha da sürətləndirdi. "Daimi iş yerləri" kimi bildiyimiz işlər az olacaq. Post-pandemiya dövründə uğur qazanacaq istənilən şəxs daima inkişaf edən iş yerlərinə uyğunlaşmalı, davamlı olaraq bacarıqlarını artırmaq və yeniləmək bacarığına malik olmalıdır.

Texnoloji savadlılıq

Özünüzü post-pandemiya dövrünə hazırlamağın ən yaxşı yollarından biri texnoloji bacarıqlar əldə etməkdir. COVID-19 pandemiyası şirkətlərin gələcəkdə baş verəcək narahatlıqlar və təlatümlərə qarşı daha dözümlü olmaq üçün çalışmaları səbəbilə onlarda rəqəmsal transformasiyaları daha da sürətləndirdi. Reallıq budur ki, süni intellekt, böyük məlumat bazaları, Əşyaların İnterneti, virtual və canlandırılmış reallıq və robotexnika kimi texnologiyalar gələcək pandemiyalara qarşı daha dözümlü olacaq və şirkətlərdə bu texnologiyalardan istifadə edə biləcək istənilən şəxs yüksək mövqe tutacaq. Post-koronavirus dünyasında bir müəssisədə və ya bir mühasibatlıq ofisində işləməyinizdən asılı olmayaraq, bu texnoloji alətlərlə işləmək, onlardan səmərəli istifadə etmək bacarıqlarınız olmalıdır.

Yaradıcılıq və İnnovativlik

Pandemiya zamanı yaradıcılığın və innovasiyaların vacibliyinin artıq şahidi olduq. Onlayn olaraq xidmət göstərməyin (bir çox tibb şirkətlərinin etdikləri kimi) və ya yeni məhsullar icad etməyin yollarını (yarış avtomobillərinin istehsalından innovativ tənəffüs vasitələrinin istehsalına keçmiş Mercedes F1 kimi) tapan müəssisələr baş vermiş təlatümü daha yaxşı adlada bildilər. Koronavirusdan sonrakı dünyada yeni məhsullar və iş metodları ortaya qoymaq üçün insan ixtiraçılığına ehtiyacımız olacaq. Kreativlik artıq vacib elementdir.

Məlumatlardan istifadə bacarığı

4-cü Sənaye İnqilabının yanacağı olan məlumatlar hər bir şirkət üçün vacib bir aktivdir. Doğru məlumatlar sayəsində şirkətlər öz bizneslərinə gələcək təlatümlərin mümkün təsirlərini daha yaxşı proqnozlaşdıra və hər hansı pandemiya zamanı və ya ondan sonra müştərilərini zəruri məhsul və xidmətlərlə daha yaxşı təchiz edə bilərlər. Biznes təmayüllərini və dəyişən müştəri ehtiyaclarını anlayan şirkətlər gələcəkdə hər hansı pandemiya ilə qarşılaşdıqda lazımi cavab tədbirlərini görə biləcəklər. Bununla belə, məlumat savadlılığı, eləcə də məlumatları analiz edib onların köməyi ilə daha düzgün qərarlar qəbul etmək bacarıqları olmadığı halda, belə məlumatlar bir şirkət üçün faydasızdır. Məlumat savadlılığına malik mütəxəssislər gələcək işəgötürənlər üçün əvvəlkindən daha cəlbedici olacaqlar.

Tənqidi Düşünmə

Qlobal iqtisadiyyatımızın COVID-19-un vurduğu zərərlərdən bərpa olunduğu müddətdə vacib olacaq digər bir bacarıq tənqidi düşünmə bacarığıdır. Pandemiya zamanı feyk xəbərlər, məlumatlar və araşdırmaların yayılmasında bir sıçrayışın şahidi olduq, çünki liderlər, şirkətlər və hökumətlər məsuliyyəti başqasının üzərinə atmağa, düzgün incələmə səylərinə mane olaraq  diqqəti yayındırmağa çalışırlar. Etibarlılığını müəyyən etmək üçün müxtəlif mənbələrdən gələn məlumatları obyektiv qiymətləndirə bilən insanlar bu dövrdə dəyərli olacaqlar. Bütün məlumatlara etibar edilməməlidir, buna görə də təşkilatlar qərarların qəbul edilməsində hansı məlumatlardan istifadə ediləcəyini anlamaq üçün tənqidi düşünmə potensiallarına etibar etməlidirlər.

Rəqəmsal və kodlaşdırma bacarıqları

Koronavirus səbəbilə təşkilatların rəqəmsal transformasiyası daha da sürətləndi; bu səbəbdən kodlaşdırma, vebsaytların yaradılması və rəqəmsal marketinq daxil olmaqla rəqəmsal bacarıqlara sahib mütəxəssislər indi olduğundan daha vacib tələbatlı olacaqlar. Rəqəmsal biznesin fəaliyyətini davam və inkişaf etdirən insanlar iqtisadi böhranlar yaxud pandemiyalar zamanı ən üstün namizədlər siyahısında yer alacaqlar. Hal-hazırda, bütün şirkətlər bu və ya digər şəkildə rəqəmsal fəaliyyətə keçib, beləliklə də rəqəmsal bacarıqlar sayəsində iş tapmaq üçün imkanlar saysız-hesabsızdır.

Liderlik

Texnoloji avadanlıqların köməyi ilə daha çox böyüyən, sosial təcrid və evdən işləməyin yaxın gələcək üçün hələ davam edəcəyi dünyamızda baş verəcək dəyişikliklərdən biri də istənilən təşkilatın bütün səviyyələrində daha çox insanın digərlərinə rəhbərlik etməsi olacaq. Qiq iqtisadiyyatının post-koronavirus dövründə artacağı şübhəsizdir və insanlar fərqli vaxtlarda fərqli insanların rəhbərlik etdiyi daha sərbəst qruplarda çalışmalı olacaqlar. Komandalarını ilhamlandırmaq və ən yaxşı nəticələr vermək daxil olmaqla güclü liderlik bacarıqları olan mütəxəssislərə böyük tələbat olacaqdır.

Emosional Zəka

Liderlik bacarığı ilə sıx əlaqəli olan, qeyri-müəyyən və çətin vaxtlarda vacib olan başqa bir bacarıq Emosional Zəkadır (Emotional İntelligence, EQ). Duyğularımızı anlamaq, ifadə etmək, onları idarə etmək və başqalarının duyğularından xəbərdar olmaq qabiliyyəti emosional zəkanın əsas komponentləridir. İnsanların öz işlərinə və bizneslərinin gələcəyinə dair qeyri-müəyyənlik hiss edə biləcəyi zamanlarda, insanlarla emosional səviyyədə əlaqə qurmaq mühümdür. Güclü emosional zəka qabiliyyətli insanlar bütün sənaye sahələrində fəaliyyət göstərən istənilən təşkilat üçün tələbatlı olacaqlar.

Ömür boyu öyrənmə

Dünya İqtisadi Forumunun məlumatına görə, cəmi beş ildən sonra bu gün zəruri sayılan bacarıqların 35%-i dəyişəcəkdir. Koronavirusdan sonrakı reallıqlarda tələbatlı qalmağın yalnız bir yolu var: ömür boyu öyrənmək.

Məhdud əmək bazarı ilə üz-üzə qaldıqda, qabaqcıl və mütəxəssis səviyyəli iş bacarığı olan peşəkarlar hələ də tələbatlı olacaq və iş tapmaq üçün az çaba sərf edəcəklər. Yaxşı xəbər bundan ibarətdir ki, indi bacarıqlarınızı inkişaf etdirmək əvvəllər heç vaxt bu qədər asan olmayıb. Bu gün post-koronavirus dünyasına hazırlaşmaq üçün bacarıq əldə etmək illərlə təhsil almağı və ya ağır kredit sistemlərini tələb etmir. Bacarıqlarınızı artırmağa kömək edəcək sonsuz sayda pulsuz və açıq onlayn kurslar (MOOC) mövcuddur.

Bir neçə nümunəni diqqətinizə təqdim edirik:

Və ya sadəcə Coursera, edX, Udacity, FutureLearn və ya iversity kimi platformalarda inkişaf etdirmək istədiyiniz bacarıqlar üzrə uyğun kursları axtarın.

Koronavirusdan sonrakı əmək bazarına hazır olmağınız üçün pandemiya dövrünü bacarıqlarınızı artırmaqda fürsət bilin.

Müəllif: Bernard Marr, Enterprise Tech

Mənbə: www.forbes.com

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/

Bu məqalə sizin üçün faydalı oldumu?