Aut quia eos reprehe
Kreativ Azərbaycan Virtual Platformasının ilk Panel Müzakirəsinin nəticələri

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təsis olunmuş Kreativ Azərbaycan Virtual Platformasının ilk Panel Müzakirəsi keçirilmişdir. 14 aprel 2020-ci il tarixdə baş tutmuş Virtual Paneldə müzakirələr “Covid-19 virus pandemiyasının yaratdığı virtual reallıq və gələcək proqnozlar” mövzusu ətrafında aparılmışdır.
Moderator qismində Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə, Panelistlər qismində ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Milli Məclisin deputatı Şahin Seyidzadə, AZTV-nin sədr müavini Rüfət Həmzəyev, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Elektron Hökumət İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov, Ernst & Young şirkətinin İqlim Dəyişikliyi və Dayanıqlı İnkişaf xidmətlərinin Azərbaycan və Gürcüstan üzrə rəhbəri Günel Fərəcova, İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov, Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin Beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri Ramil Abbəkirovun iştirak etdiyi panel müzakirəsində mövzu ətrafında səsləndirilən bir sıra önəmli fikirləri diqqətinizə çatdırırıq:
Sitat: Biz həmişə həyatımızı keçmişimiz kimi başa düşmüşük, əslində isə həyatımız gələcəyimizdir.
- Hazırki durum bizi fərqli düşünməyə məcbur edir. Çünki sivilizasiyanın yeni bir virtual səviyyəsi yaranmaqdadır və rəqəmsal menecment bütün sahələri əhatə edəcəkdir.
- İlk dəfədir ki, bütün dünya əhalisi öz kreativliyini maksimum dərəcədə işə salaraq nələrisə yaratmaq istəyir.
- Qloballaşmadan daha çox "Qlokallaşma"ya doğru gedəcəyik. Ölkələr daha çox öz daxili potensiallarına güvənəcəklər.
- Sağlamlıq və səhiyyə iqtisadiyyat və biznesin də sağlamlığı üçün əsas meyara çevrilmişdir.
- Uzaq şərqin inkişaf etmiş ölkələrinin Covid-19la mübarizədə daha effektiv olmasının səbəbi əhalinin dövlətə daha çox inanması, eyni zamanda mübarizəyə təkcə tibbi personalın yox həmçinin elm və texnologiya ilə məşğul olan alim və mütəxəssislərin cəlb olunmasıdır.
- Pandemiya dövründə ənənəvi media itirilməkdə olan mövqeyini bərpa etdi və digər əvəzləyici vasitələrdən daha ön plana keçdi.
- Pandemiyanın gətirdiyi təcrid eyni zamanda əmək münasibətlərinə yenidən baxılmasına gətirib çıxaracaqdır. Əgər az resurs sərf etməklə çox iş görmək olursa yəqin ki, gələcək mərhələdə bu məsafədən iş baxımından daha çox istifadə olunan model olacaqdır.
- 4-cü sənaye inqilabının və pandemiyanın sürətləndirdiyi bir proses olaraq yeni yaradıcı beyin peşələri yaranacaq və əmək bazarında təkcə zəif qabiliyyətli mütəxəsisilər yox hətta ənənəvi sahələrdə çalışan peşəkarlar da öz işlərini itirə bilərlər.
- Elektron Hökümətin İnkişafı Mərkəzi tərəfindən 40-dan çox layihə icra olunur və son günlər ərzində "Asan Login" sistemində vətəndaşların qeydiyyatı bir milyona çatmışdır. Bu isə o deməkdir ki, Covid-19 bəşəriyyətə bir tərəfdən böyük problemlər yaratsa da, digər tərəfdən elektronlaşma sahəsində ciddi imkanlar yaradıb.
- Gündəlik həyat tərzimizdə, fəaliyyətimizdə hər şeyi əksinə fikirləşərək əks vəziyyətdən çıxa bilmək üçün alternativ modellər düşünməliyik.
- Müasir texnologiya bizim indiki dövrümüz üçün 2 mərhələdə bizə yardım etməlidir. Bu həm COVİD-19 ilə mübarizədə, həm də sonradan yaranmış fəsadların aradan qaldırılması zamanı.
- Təhsilimiz klassik tədris formasını dəyişərək başqa bir mərhələyə, rəqəmsal ənənəni yaradan və onu gələcəyə apara bilən bir modula keçir.
- Pandemiya dövründə sahibkarları öz işçi heyəti və dövlət qarşısında olan öhdəliklərinə qarşı məsuliyyətli olmaq tələbi aktuallaşır.
- Getdikcə dəyişməkdə olan insanların gündəlik fəaliyyətləri, həyat tərzi, dəyişikliklərə yanaşmaları və onları qəbul etmək formaları bu pandemiya dövründə daha da sürətləndi. İnsanlar artıq özləri çıxış yolları axtararaq gündəlik fəaliyyətlərini onlayn platformaya köçürməyə çalışırlar. Biz bu dövrə təcrübə kimi yanaşaraq gələcək həyat tərzimizdə də bu formada davam etdirməli olacayıq.
- Covid-19 pandemiyası zamanı istər özəl sektorun, istərsə də dövlətlərin zərər çəkməsi onu göstərdi ki, "Böhranın idarəolunması" sistemi çox aşağı səviyyədədir və buna diqqət yetirilmir.
- Covid-19 pandemiyası dövrü eyni zamanda biznes sahəsində fəaliyyət göstərən bütün özəl sektor nümayəndələrini bir növ vətəndaşlar qarşısında hesabat verməyə məcbur edir.
- Texnologiyanın inkişafı, müəyyən əməliyyatların sürətləndirilməsi bizi məhdud təbii resurslar üzərindən qeyri məhdud, limitsiz iqtisadiyyat qurmağa vadar etdi və biz bunu yaşayan və başa düşən ilk nəslin nümayəndələriyik.
- Pandemiya dövründə ənənəvi media itirilməkdə olan mövqeyini bərpə etdi və digər əvəzləyici vasitələrdən daha ön plana keçdi.
- Müqayisədə bildirmək istəyirəm ki, pandemiyaya yanaşma, bununla bağlı verilən məlumatların təşvişə səbəb olması daha faydalıdır, nəinki insanların laqeydliyinin sonradan yol açacağı ağır nəticələr.
- Pandemiya dövründə həm milli səviyyədə həm də beynəlxalq səviyyədə xeyriyyəçilik həmrəyliyi gücləndi.
- Pandemiya dövrünün gətirdiyi dəyişikliklərdən yaradıcılığın daha inkişaf edən və nisbətən zərər çəkən sahələri görünür. İstənilən halda ən kreativ insanlar şəraitin hansı məcrada dəyişməsindən asılı olmayaraq vəziyyətə uyğun çıxış yolu taparaq uğur qazana biləcəklər.
Panel Müzakirəsini “Kreativ Azərbaycanın” portalının YouTube kanalında və ya Facebook səhifəsində izləyə bilərsiniz:
Facebook: www.facebook.com/creative.az