Qlobal musiqi müzakirələri: Eurovision-un milli musiqi sənay...
Bugünkü əmək bazarında sizə lazım olacaq bacarıqlar

Qlobal iqtisadiyyat son iki onillik ərzində İnternet tərəfindən transformasiyaya məruz qalmışdır. İnkişaf etmiş dünyada, iqtisadi mühərrik fabrik işi və adi ofis işləri kimi xidmətlərin əsasən autsorsinq edildiyi və ya robotlar və proqram təminatlarının köməyi ilə avtomatlaşdırıldığı bir post-sənaye modelinə keçid almışdır.
Dəyişiklik tempi növbəti on ildə kəskin sürət alacaq və bütün sənaye və peşələrin köhnəldiyinin şahidi olacağıq. Sürətlə dəyişən belə bir iqtisadi mühitdə sağ qalmaq və inkişaf etmək üçün fərdi özünü-inkişaf təlimi yolu ilə bacarıq və istedadlarınızı inkişaf etdirməyə çox diqqət yetirməlisiniz.
Mobil əlaqə sistemlərinin və bulud texnologiyasının sürətli təkamülü indi hər kəs üçün istənilən yerdən işləmək, bacarıq və zəhmətindən qazanc əldə etmək üçün tələb olunan rəqəmsal istehsal vasitələrinə sahiblənməyi daha da asanlaşdırır.
21-ci əsrin karyera yolu frilanser kimi öz fəaliyyətimizi sərbəst qurmağımıza, rəqəmsal brendlərimizi yaradaraq ideyalarımızı reallaşdırmağımıza, istedadımızı inkişaf etdirməklə daha yaradıcı olmaq və digər insanlar üçün faydalı olmağımıza imkan verir.
Biliyə əsaslanan Rəqəmsal İqtisadiyyat üçün Yeni Bacarıqlar
“Dünya iqtisadiyyatı artıq biliklərinizə görə sizə pul ödəmir; Google hər şeyi bilir. Dünya iqtisadiyyatı artıq sahib olduğunuz biliklərinizlə hansı işləri edə biləcəyinizə görə sizə pul verir.” - Andreas Şlayxer, İƏİT-nin Təhsil və Bacarıqlar üzrə direktoru.
Son zamanlarda aparılan bir araşdırmaya əsasən müəyyən edilmişdir ki, bugünkü məktəb şagirdlərinin 65%-i hələ icad edilməmiş hansısa işləri görəcəklər. Biz heç vaxt belə bir sürətli dəyişiklik tempi görməmişik. Yeni iqtisadiyyatda yeganə rəqabət üstünlüyü öyrənmə və uyğunlaşma qabiliyyətimizdir ki, bu da bizim bacarıqlarımızı daima təkmilləşdirməyimizi zəruri edir.
Belə bir mürəkkəb əmək bazarında özümüzə bir yer tapmaq üçün, 21-ci Əsrin Bacarıqları naminə Tərəfdaşlıq təşkilatı 21-ci əsrin bacarıqları adlandırılan, inkişaf etdirməkdə daima çalışmalı olduğumuz üç bacarıq növünü müəyyən etmişdir:
1. Öyrənmə Bacarıqları:
Öyrənmə bacarıqları məlumatları necə emal etdiyimizi və fərqli mövzular arasında nöqtələri necə birləşdirdiyimizi özündə əks etdirir. Bu, həm də fikir və düşüncələrimizin dəyərlərini aydın və qısa şəkildə ifadə etmək bacarığımızı inkişaf etdirməyi nəzərdə tutur.
- Tənqidi düşüncə
- Yaradıcı düşüncə
- Əməkdaşlıq
- Kommunikasiya
2. Savadlılıq Bacarıqları:
Savadlılıq bacarıqları internet üzərində fəaliyyət göstərən sosial media şəbəkələrində həqiqəti uydurmalardan necə ayırd etməyimizi əhatə edir. Buraya həmçinin hekayələrinizi bölüşmək və insanları ruhlandırmaq üçün informasiya texnologiyalarından necə istifadə edəcəyimizi bilmək də daxildir.
- İnformasiya Savadalılığı
- Media Savadlılığı
- Texnologiya Savadlılığı
3. Həyat Bacarıqları:
Həyat bacarıqları təşəbbüs göstərmək, karyera üçün vizyon qurmaq və şəxsi brendimizi yaratmaq qabiliyyətidir. Hamımız daha inamlı liderlər olmaq üçün çalışmalıyıq.
- Çeviklik
- Təşəbbüskarlıq
- Sosial Bacarıqlar
- Məhsuldarlıq
- Liderlik
21-ci Əsrin Bacarıqları = 21-ci Əsrin Karyeraları
Günümüzün əmək bazarında olan işəgötürənlər 21-ci əsrin bu bacarıqlarına sahib olan çoxprofilli insanları işə götürmək və onlarla işləmək istəyirlər. Onlar həmçinin davamlı öyrənmə nailiyyətlərinin əks olunduğu tərcümeyi-halı, eləcə də səriştələri, kreativlik və uzaqgörənlik kimi şəxsi keyfiyyətləri özündə əks etdirən rəqəmsal portfolionu görmək istəyirlər.
İnanıram ki, 21-ci əsr karyerasını inkişaf etdirmək üçün fərdi onlayn təlimin inanılmaz gücünü tətbiq etməkdən daha yaxşı bir yol yoxdur. Öz yaradıcı layihələrinizi quraraq müstəqil öyrənə və öyrəndiklərinizi tətbiq edərək, yüksək sürət almış dəyişkənlik dünyasında inkişaf edə bilərsiniz.
Fərdi özünü inkişaf təlimi ilə bağlı sosial çevrə qurmaq üçün, yaşadığınız ərazidə sizin kimi fərdi qaydada özünü inkişaf etdirən digər insanlarla bir araya gələrək təlim qrupları və həmyaşıd qrupları yaratmağı tövsiyə edirəm. Bu məqsədlə, siz Google Hangouts kimi onlayn alətlərdən istifadə edərək həftəlik virtual görüşmələrinizi keçirə, yerli qəhvəxanalarda bir araya gələ, yaxud kovorkinq məkanlarına qoşula bilərsiniz.
DIY Genius yaratmaqla 21-ci əsrin karyeraları üçün ən fundamental bacarıqların hekayənizi necə nəql etməyiniz və ideyalarınızı reallığa necə çevirməyinizlə bağlı olduğuna güclü inamımı ortaya qoymuşam. Öz bilik və bacarıqlarınızı fərdi özünü-inkişaf təlimi vasitəsilə fəal şəkildə inkişaf etdirmək üçün sizə lazım olan hər şeyə sahibsiniz və bu da gələcəyin maraqlı və imkanlarla dolu olmasına kömək edir.
Müəllif: Kayl Pirs, Rəqəmsal Təhsil Mütəxəssisi
Mənbə: diygenius.com