Bakıda “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu keçirilir

2 Dekabr 2021 Xəbər
news-inner-photo

44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra dövlət başçımızın elan etdiyi “Böyük Qayıdış” çərçivəsində həyata keçirilən bərpa və yenidənqurma işləri və həmin ərazilərdə maddi və mənəvi canlanma dünya üçün bir nümunədir. Bu fəaliyyətlərin qlobal sülh prosesində mühüm əhəmiyyətini və beynəlxalq miqyasda nümunəvi model olaraq təbliğ edilməsi, eyni zamanda sülhün mədəniyyət və irsin qorunması, bərpası və inkişafı üçün nə qədər vacib olduğunu dünyaya nümayiş etdirmək məqsədilə cari ilin 23 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi ilə BMT-nin Sivilizasiyalar Alyansı və ICESCO ilə birgə “Mədəniyyət naminə sülh”  (Peace4Culture) Qlobal Çağırışı elan edilib.

“Mədəniyyət naminə sülh”  qlobal çağırışının əhəmiyyətini və bu məqsədlə tərəfdaşlıq siyasətini formalaşdırmaq, beynəlxalq siyasi və akademik dairələrdə müzakirə platformaları təsis etmək, habelə gələcəkdə bu istiqamətdə çoxsaylı layihələr həyata keçirmək məqsədilə 2 dekabr 2021-ci il tarixindən etibarən ADA Universitetində xarici tərəfdaşların iştirakı ilə “Mədəniyyət naminə sülh” Tərəfdaşlar Forumu keçirilməkdədir. Forumda -  “Yalnız mədəniyyətin sülh üçün nə edə biləcəyini deyil, sülhün də mədəniyyət üçün nə edə biləcəyini düşünək”, “Sülhsevər cəmiyyətləri və beynəlxalq sülh sistemini dayanıqlı şəkildə necə gücləndirə bilərik?”, “Sülh və təhlükəsizlik çağırışları: çoxtərəfli əməkdaşlığın qurulması” mövzularında plenar sessiyalar keçirilir.

Məlumat üçün bildiririk ki, 2 dekabr tarixi eyni zamanda digər bir qlobal təşəbbüsün təsis olunduğu gündür. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə məhz 2 dekabr 2008-ci il tarixində “Bakı Prosesi”nin əsası qoyulub. Bu qlobal hərəkat ölkəmizin beynəlxalq miqyasda mədəniyyətlərin və dinlərin dialoq mərkəzinə çevrilməsinə töhfə verməib, nəticə etibarilə “Bakı Prosesi” və onun əsas platforması Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Baş Katibi tərəfindən təşkilatın mədəniyyətlərarası və dinlərarası dialoq üzrə əsas qlobal platforması elan edilib.

Bu məqalə sizin üçün faydalı oldumu?