Bakıda Nizami Gəncəvi Beynəlxalq Forumunun təntənəli açılış mərasimi olub

26 Noyabr 2021 Xəbər
news-inner-photo

Noyabrın 24-də Bakıda “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu öz işinə başlayıb.

Noyabrın 26-dək davam edəcək forum “Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə reallaşıb. 

Tədbirdə çıxış edən Baş nazirin müavini Əli Əhmədov bütün qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışıb. Bu gün Azərbaycanın dünyada mədəniyyətlərarası dialoq, tolerantlıq, sülh, əməkdaşlıq və dayanıqlı inkişaf kimi mütərəqqi ideyalarının fəal təbliğatçısı kimi çıxış etdiyini deyən mədəniyyət naziri Anar Kərimov isə bildirib ki, xalqımızın mədəniyyətinin, onun multikultural dəyərlərinin və baxışlarının formalaşdırılmasında Nizami Gəncəvinin müstəsna rolu olub.

Bunlardan əlavə, tədbirdə bildirilib ki, öz yaradıcılığı ilə bütün dünyada şöhrət qazanan, ədəbiyyatın əbədi zirvəsi sayılan böyük Nizami yalnız dahi şair deyil, ölməz ideyaları ilə öz dövrünü qabaqlamış, ülvi məhəbbət, milli köklərə bağlılıq, ədalətli cəmiyyət, əməksevərlik kimi ən mühüm mövzulara toxunan kamil söz ustadıdır. Humanizm prinsiplərinin təşəkkül tapmasında şair və mütəfəkkir Nizaminin misilsiz xidmətləri vardır. Bu baxımdan tarixdə onunla eyni sırada dayanacaq ikinci söz və fikir adamı yoxdur. Nizami poeziyası bir daha sübut edir ki, Azərbaycan xalqı əsrlər boyu humanizm ideyalarının daşıyıcısı olmuşdur.

Qeyd edək ki, dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş Nizami Gəncəvi Beynəlxalq Forumunun zəngin proqramı var. Nizami Gəncəvi Beynəlxalq Forumu dahi mütəfəkkirin zəngin ədəbi irsini araşdıran nüfuzlu beynəlxalq alim, tədqiqatçı və elm adamlarını bir araya gətirərək “Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri”, “Nizami Gəncəvi: Müasir dünyaya baxış”, “Nizami Xəmsəsinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri”, “Xəmsə” dialoqlarının didaktik rolu”, “Sovet dövründə Nizami tədqiqatları” mövzularına həsr edilmiş panel müzakirələri keçirilən platformadır.

Beynəlxalq Forumda 15 xarici ölkədən 40-dan çox alim, elm adamı və ekspertlər, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri iştirak edir. Forum çərçivəsində müxtəlif panel müzakirələr, təqdimatlar, ikitərəfli görüşlər, kitab təqdimatı, mədəni və digər tədbirlər keçiriləcək.

Sonda Forumun 8 bənddən ibarət Birgə Kommünikesi qəbul edilib.

Forum işini panel müzakirələrlə davam etdirir.

Bu məqalə sizin üçün faydalı oldumu?