Azərbaycanda ilk dəfə xanımlardan ibarət kamera orkestri

26 Noyabr 2021 Xəbər
news-inner-photo

Azərbaycanda ilk dəfə xanımlardan ibarət kamera orkestri yaradılıb. “Mezzo” adlı orkestrin yaradıcısı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Fidan Hacıyevadır.

Kollektiv barədə məlumat verən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, bəstəkar Könül Hüseynova qeyd edib ki, orkestrin adı Fidan Hacıyevanın səs tembrinə (metso-soprano) uyğun olaraq seçilib. İstedadlı xanım ifaçılardan təşkil olunan  orkestr geniş repertuarı ilə Azərbaycan və Qərb ölkələri bəstəkarlarının əsərlərinin təbliğində çox böyük rol oynayacaq. Xaricdə bu cür orkestrlər var, Azərbaycanda isə ilk dəfə tanınmış vokalçı Fidan Hacıyeva tərəfindən yaradılıb: “Orkestrin xanımlardan ibarət olması başqa bir məqsəd də daşıyır. Fidan Hacıyeva bizim gənc xanımlarımızın daim maariflənməsi və gözəl ideyalar arxasınca getməsinin tərəfdarıdır. Bundan əlavə, Fidan Hacıyevanın çox gözəl bir təşəbbüsü də var. Rayon və kəndlərimizdə olan gənc qızların istedadlarını üzə çıxarmaq üçün maarifləndirici konsert proqramları hazırlamağı planlayırıq”.

Xalq artisti Fidan Hacıyeva öz orkestrinin olmasının ən böyük arzusu olduğunu söyləyib: “Çox şükür ki, bu arzuma nail oldum. Böyük proqram hazırlayırıq. İlk çıxışlarımız 15-16 dekabr tarixlərində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutacaq. Artıq məşqlərə başlamışıq. Orkestrdə yer alan qızlar çox peşəkardır. Gələn il onlarla birgə Heydər Əliyev Sarayında konsert vermək istəyirəm. Azərbaycanın ucqar rayonlarında fəaliyyət göstərən musiqi müəllimlərinə ustad dərsləri keçməyi arzulayırıq. Vokalçı dostlarımın dəstəyi ilə bunu reallaşdıracağıq”.

 

Bu məqalə sizin üçün faydalı oldumu?