MƏDƏNİYYƏTƏ TƏKAN - ‘Azərbaycanda Müstəqil Mədəniyyət Sektoru: Çağırışlar və İmkanlar’ ödənişsiz açıq hava tədbiri baş tutdu

2 Avqust 2021 Xəbər
news-inner-photo

Beynəlxalq çıxışa malik Bakı təməlli müstəqil incəsənət təşəbbüsü Ta(r)dino 6 İncəsənət Platforması (TAP) və İsveçin Lund şəhərində yerləşən Avropa müstəqil mədəniyyət müəssisələrinin şəbəkəsi TEH tərəfindən təşkil olunan Mədəniyyətə Təkan layihəsi qeyri-rəsmi açıq hava tədbiri ilə başa çatdı. İyulun 14-də Bakının Landmark Hotel Rooftop Rotunda terasında baş tutan ‘Azərbaycanda Müstəqil Mədəniyyət Sektoru: Çağırışlar və Fürsətlər’ adlı tədbir onlarla proqram iştirakçılarını və tərəfdarlarını bir araya gətirdi.

Tədbirə əsas spiker kimi dəvət olunmuş İsveç səfiri Kristian Kamill TEH və Ta(r)dino 6-nın nəinki Azərbaycandan olan mədəniyyət işçilərinə, həmçinin bir çox başqa ölkələr üçün faydalı olan müstəqil potensialın artırılması proqramının hazırlanmasında proaktiv rolunu vurğuladı. Spikerin sözlərinə görə, 2021-ci ilin yazında onlayn keçən, 24 ölkədən və 4 qitədən 33 spikeri birləşdirən layihə, beynəlxalq proqramlar hazırlamaq, onu həyata keçirmək, bununla bərabər proqramda iştirak etmək arzusunda olan və maraqlanan hər kəsə onu ödənişsiz təklif etmək məqsədilə İsveç İnstitutuna müraciət edilməsi və qrantın qazanılması müstəqil mədəniyyət sektorunun potensialının uğurlu nümunəsidir. Səfir proqramda Mədəniyyət nazirliyi və əlaqədar qurumların əməkdaşlarının intensiv iştirakını da qeyd etdi və Mədəniyyətə Təkanın həm hökumət, həm də müstəqil mədəniyyət sektorunun incəsənət işçiləri arasında təhlükəsiz dialoq qurmağa davam edəcəyinə ümid etdiyini bildirdi.

Ta(r)dino 6-nın təsisçisi Əsli Səmədova, sağlam incəsənət ekosisteminin əsas prinsipləri olan əməkdaşlığın, qarşılıqlı dəstəyin və hörmətin, açıq dialoq və üfüqi münasibətlərin əhəmiyyətini vurğuladı. Ta(r)dino 6-nın özünütəşkil etmiş müstəqil köçəri platformadan Azərbaycanda qeydiyyatdan keçmiş qeyri-kommersiya və qeyri-hökumət təşkilatına doğru baş tutan təkamülünü təsvir etdi. Fəaliyyətə başladığı vaxtdan platforma bir neçə dəfə beynəlxalq diqqəti cəlb etməyə nail olmuşdur: 2019-cu ildə Turandokht. Radio Tapmacalar səs installyasiyasını (Nizami Gəncəvi irsinə nəzirə) Venesiyada təqdim etmiş və Contemporary Istanbul art fair-də iştirak etmişdir, 2020-ci ildə dünya şöhrətli alman fotoqraf Volfqanq Tillmansın təşəbbüsü ilə 2020Solidarity layihəsinin MDB ölkələrindən yeganə iştirakçısı olmuşdur. Mədəniyyətə Təkan, Ta(r)dino 6-ya beynəlxalq və yerli mədəniyyət mütəxəssisləri və görkəmli incəsənət işçiləri ilə əməkdaşlıq etməyə, bununla bərarbər geniş oxucu kütləsinə çatmağa kömək edən, platformanın bu günə qədərki ən iddialı layihəsidir.

Tədbir, dəvət olunmuş mədəniyyət işçilərinə auditoriya qarşısında öz layihələri, xəbərləri və ideyalarını paylaşmaq üçün şərait yaradan 'Açıq Mikrofon' bölməsi ilə davam etdi. Bölmənin spikerləri arasında new media artist Şəlalə Salamzadə, fotoqraf Emin Mathers, qalerist Rüstəm Məmmədzadə, incəsənət müəllimi Hayat Nəsirova və çağdaş rəqs peşəkarı Lenay Seyidəlizadə var idi. Format auditoriya ilə qarşılıqlı əlaqə qurmağa, yerində fikir və rəy verməyə imkan verdi və iştirakçılar hətta öz layihələrinin reallaşması üçün mümkün tərəfdaşlar və sponsorlar tapmağa nail oldular.

Tədbirin sonuna yaxın, Berlinli rəssam Tora Ağabəyova gürcü rəssam Quram Tsibaxaşvilinin Ta(r)dino 6 İncəsənət Platformasına həmrəyliyini və dəstəyini göstərmək üçün platformanın incəsənət kolleksiyasına bağışladığı kiçik sənət əsəri hədiyyəsini təqdim etdi.

Tədbir xoş ziyafətlə davam etdi və hazırda İçərişəhər Kiçik Qala 58 ünvanında Divarda İncəsənət ictimai incəsənət layihəsi çərçivəsində 'Nəsli kəsilməkdə olan Yerli Biomüxtəliflik' adlı əsəri nümayiş olunan rəssam Nəzrin Məmmədovanın musiqi nümayişi ilə başa çatdı.

Bir illik Mədəniyyətə Təkan layihəsi ‘Mədəniyyətə Təkan - Azərbaycanda Müstəqil Mədəniyyət Sektoru: Çağırışlar və Fürsətlər’ adlı rəqəmsal nəşrlə yekunlaşacaqdır. 2021-ci ilin payızında tamamlanacaq nəşr Azərbaycan və İngilis dillərində təqdim olunacaq. Elektron nəşr, yüklənmək üçün TEH vebsaytında yerləşdiriləcəkdir. Layihə təşkilatçıları steykholderlərə müstəqil mədəniyyət sektorunun real vəziyyətini göstərmək, inkişaf strategiyasını və həlli yollarını təklif etmək üçün Mədəniyyətə Təkan komandasına kömək olacaq rəy və təkliflər toplamaq məqsədilə onlayn sorğu hazırlayıblar.

Mənbə: Ta(r)dino 6 İncəsənət Platforması

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?