21 aprel - Ümumdünya Yaradıcılıq və İnnovasiya Günüdür

21 Aprel 2021 Xəbər
news-inner-photo

21 aprel Birləşmiş Millətlər Təşkilatı tərəfindən Ümumdünya Yaradıcılıq və İnnovasiya Günü elan olunmuşdur. BMT tərəfindən verilən bu qərar bir daha yaradıcılıq və innovasiyanın cəmiyyətdə əhəmiyyətini vurğulayır.

Yaradıcılıq və innovasiya daha səmərəli nəticələr əldə etmək üçün yeni ideyaların tətbiqidir. İstər böyük bir təşkilat üçün, istərsə də fəaliyyətinə yeni başlayan müstəqil bir mütəxəssis üçün yaradıcılıq və innovasiyaların rolu günü-gündən artır. Yaradıcılıq və innovasiyanın vəhdəti mükəmməl innovasiya mədəniyyəti mühiti yaradır. Bu, bütün iqtisadi fəaliyyət proseslərində yeniliyə açıq bir düşüncə tərzi deməkdir.

Yaradıcılıq və Mədəniyyət

Audiovizual məhsullar, dizayn, yeni media, ifaçılıq sənəti, nəşriyyat və təsviri sənəti özündə cəmləşdirən yaradıcı iqtisadiyyat gəlir gətirmə, iş yerlərinin açılması və ixrac qazancları baxımından dünya iqtisadiyyatının yüksək dərəcədə transformasiyaedici bir sahəsidir. Mədəniyyət dayanıqlı inkişafın vacib hissəsidir və fərd və cəmiyyət üçün kimlik, innovasiya və yaradıcılıq mənbəyi hesab olunur. Eyni zamanda, yaradıcılıq və mədəniyyət inklüziv sosial inkişafa, insanlar arasında dialoqa və anlaşmaya kömək edən əhəmiyyətli qeyri-maddi dəyərə malikdir.

2021-ci il BMT tərəfindən Dayanıqlı İnkişaf naminə Yaradıcı İqtisadiyyat ili elan edilmişdir. Reklam, memarlıq, təsviri sənət və sənətkarlıq, dizayn, moda, film, video, fotoqrafiya, musiqi, ifaçılıq sənəti, nəşriyyat, tədqiqat və inkişaf, proqram təminatları, kompüter oyunları, elektron nəşrlər və TV / radio sahələrinin daxil olduğu mədəniyyət və yaradıcı sənayelər yaradıcı iqtisadiyyatın əsas arteriyası hesab edilir. YUNESKO-nun mədəniyyət və dayanıqlı inkişafa dair hesabatına əsasən mədəniyyət və yaradıcı sənayelər müasir dövrdə iqtisadi artım strategiyalarının ayrılmaz parçası olmalıdır. Dünya miqyasında 2.25 milyard dollarlıq gəlir və 29.5 milyonluq iş yerləri ilə bu sənaye sahələri dünya iqtisadiyyatının ən dinamik inkişaf edən sahələrindən biridir. Bu mənada, ölkələr iqtisadi gəlir və yoxsulluğun azaldılması üçün bu bazarın yüksək artımlı sahələrinin potensialından istifadə edirlər.

COVID-19 pandemiyasının kreativ iqtisadiyyatı zədələdiyi bir vaxtda Dayanıqlı İnkişaf naminə Yaradıcı İqtisadiyyat ilinin elan olunması olduqca vacib bir qərar oldu. Pandemiya dövründə istehsaldan paylanmaya qədər biznesin bütün mərhələləri mənfi təsirlərə məruz qaldı. Kreativ sənayelər pandemiyanın ən çox təsir etdiyi sahələrdən biri oldu.

YUNESKO Dayanıqlı İnkişaf naminə Yaradıcı İqtisadiyyat ili çərçivəsində pandemiya dövründə dayanıqlılıq üçün yaradıcılığın gücünü artırmaq, ən yaxşı təcrübələri bölüşmək, insan resursları potensialını yüksəltmək, yaradıcı iqtisadiyyatın problemlərini həll etmək və bütün səviyyələrdə əlverişli mühitin təşviqi naminə bir sıra fəaliyyətlərin icrasına çağırış edir.

Yaradıcı şəxsləri dəstəkləyən yaradıcı iqtisadiyyat ekosisteminə ehtiyacımız vardır. Yaradıcılıq sektorunda karyera daha davamlı olmalı və layiqli iş şəraiti və əmək haqqı, eləcə də böyümə imkanları ilə xarakterizə olunmalıdır.

YUNESKO polisimeykerləri və qlobal liderləri məşğulluq, sosial təhlükəsizlik, rəqəmsal adaptasiya, əqli mülkiyyətdən təhsil və daha geniş mövzulara qədər bütün məsələlərə dair ətraflı siyasət dəyərləndirməsi aparmağa çağırır. Məlumatların toplanması, sənaye işçiləri ilə məsləhətləşmələr və gender perspektivlərinin nəzərə alınması həqiqi inklüziv yaradıcı iqtisadiyyat naminə birgə çalışmalar yolunda kompas rolunu oynaya bilər.

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaz
Twitter: https://twitter.com/KreativAze
YouTube: https://www.youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA

Bu məqalə sizin üçün faydalı oldumu?