Aut quia eos reprehe
Azərbaycan Dizaynerlərinin Forumu təşkil edildi
Noyabrın 23-də Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan Dizayn Forumu 2019” adlı tədbir keçirildi. Tədbir Mədəniyyət Nazirliyinin dəstəyi, “Azerbaijan Digital Arts School” (ADAS) və “Graphic Design Azerbaijan” (GDAZ) qrupunun təşkilatçılığı ilə gerçəkləşdi.
Tədbirin aparıcısı, “Baku Bloggers School”un təsisçisi Yelena Sidorenko forum haqqında məlumat verdi. Bildirdi ki, forumun keçirilməsində əsas məqsəd Azərbaycan fəaliyyət göstərən dizaynerləri bir araya gətirmək, təcrübə mübadiləsi və müzakirələr aparmaq və bu məsələlərdə ən innovativ yanaşmaları bölüşməkdir.
Tədbir çərçivəsində həmçinin Bakı şəhərinin bu yaxınlarda UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilməsinin əhəmiyyətindən söz açıldı, eləcə də Azərbaycan Dizayn Şurasının yaradılması məsələsi müzakirə olundu.
Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini-Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə çıxış edərək bildirdi ki, Bakı səhərinin UNESCO-nun "Yaradıcı şəhərlər şəbəkəsi"nə qoşulması ölkəmiz üçün tarixi hadisədir: "Ümumilikdə bu şəbəkəyə 246 şəhər daxildir. Şəhərlər bu siyahıya incəsənət və sənətkarlıq, xalq sənəti, dizayn, kinematoqrafiya, qastronomiya, ədəbiyyat, media və musiqi kateqoriyaları üzrə salınır".
Şöbə müdirinin sözlərinə görə, şəbəkə innovasiya və yaradıcılığı yeni şəhər strategiyasının davamlı və daha inklüziv inkişafının əsas faktoru hesab edir: “Bu, bizə Bakıda və eyni zamanda regionlarımızda yaradıcı sənayesinin inkişaf etdirilməsinə, eləcə də innovativ layihələrin həyata keçirilməsinə kömək edəcək. Burada əsas məqsəd inkluziv şəhərsalmanın şərtlərinə əməl etməkdir. Hesab edirik ki, bu sahədə görülən işlərdə mərkəzi icra hakimiyyəti orqanları da xüsusi rol oynayacaq. Bu tarixi hadisə münasibətilə şəhərin brendləşdirilməsi istiqamətində xüsusi iş aparılacaq. Bu da ölkəmizə turist axınının artmasına ciddi təsir göstərəcək. Hazırda Bakı şəhərinin Baş Planı hazırlanır. Gələcəkdə Bakıda kreativ mərkəzin formalaşdırılmasına çalışacağıq. Hesab edirik ki, bu layihələr Bakının yaradıcı şəhər kimi statusunun möhkəmlənməsinə təsir göstərəcək”.
“PeopleBrand” şirkətinin rəhbəri Emin Quluzadə, “Safaroff” agentliyinin idarəedici partnyoru Çingiz Səfərov, ADAS-ın təmsilçisi Vüsalə Kərimova, “Meteor” şirkətinin kreativ direktoru Rəsul Həsən, “Trade Mark Leo Burnett” şirkətinin illüstratoru Azər Məmmədli, GDAZ qrupunun qrafik dizayneri Ziya Süleymanzadə və reklam sahəsinin tanınmış mütəxəssisi Əliheydər Qasımov forumda çıxış edərək fikirlərini bölüşdülər.
Qeyd edək ki, Azərbaycan Dizayn Forumu (Azerbaijan Design Forum) 2015-ci ildən ölkənin dizayn sahəsində keçirilən ilk forum olaraq, hər il ətrafında bu sferada çalışan insanları toplayır.
Mənbə: mct.gov.az