Videolar üçün hekayə lövhəsi (storyboard) necə hazırlanır?

24 Sentyabr 2020 Məqalalələr
news-inner-photo

Nə vaxtsa möhtəşəm video ideyası ağlınıza gəlib, amma müştəriyə kreativ vizyonunuzu izah etməkdə çətinlik çəkmisiniz? Media şirkətinin düşündüyünüz kadrları və bucaqları alındıra bilməyəcəyindən narahatsınız?

O zaman, sizin hekayə lövhəsinə - “storyboard”a ehtiyacınız var!

Hekayə lövhəsi nədir?

Hekayə lövhəsi videonun bütün kadrlarını əks etdirən eskiz formasıdır, bunu komiks kimi düşünə bilərsiniz.

Hər kvadrat bir kadrı göstərir. Bu kadr səhnədə kimin və yaxud nəyin olduğunu, nə dediyini, ekranda ortaya çıxacaq istənilən mətni və ya qrafiki göstərir. Lövhəni oxuyarkən videonu canlandıra bilməlisiniz.

Niyə hekayə lövhəsi yaratmalısınız?

Yaxşı hekayə lövhəsi 2 şeyə xidmət edir: planlama və kommunikasiya

Planlama

Videonun hekayə lövhəsini hazırladığınız zaman istehsal prosesi üçün bir plan hazırlamış olursunuz. Kameranı götürüb çəkilişə başlaya bilərsiniz, amma yol xəritəniz yoxdursa, siz vaxtınızı, pulunuzu və enerjinizi boşa sərf etmiş olacaqsınız.

Hekayə lövhəsi lazımi kadrları, onların ardıcıllığını və ssenari ilə qarşılıqlı əlaqəsini şəkilləndirməyə kömək edir. Çəkilişə başlamazdan öncə detalları düşünmək daha rahatdır, nəinki bahalı istehsal komandası ilə artıq prosesə başladıqdan və yaxud bütün kadrlar çəkdikdən sonra.

Kommunikasiya

Media komandası ilə video çəkilişlərin digər bir çətinliyi kommunikasiyadır. Hekayə lövhəsi ilə siz müştəriyə və ya media şirkətinə ağlınızda olanları əlavə sözə ehtiyac olmadan tam şəkildə göstərə bilərsiniz.

Komanda üzvləri rəylərini bildirdikcə və layihə inkişaf etdikcə hekayə lövhəsi daha da dəyişir. Bu, çəkilişdə iştirak edən hər kəsin eyni vizyona malik olmasına kömək edən vacib alətdir.

Kadrlar və kəsimlər

Kamera və linzalardan sonra videoqrafın ən vacib elementləri kadrlar və kəsimlərdir. Bu iki alət istifadə etdiyiniz avadanlıqdan daha çox önəmlidir.

Kadr videonun bir parçasıdır. Başlanğıcı və sonu olur və istənilən vaxt aralığına və məzmuna sahib ola bilir. Kadrların seçimi video hekayə anlatmanın əsas ifadəli hissəsidir və kadr çəkilişlərinin bir çox növləri vardır. Kadrları necə çəkməyiniz tamaşaçıların sonradan videoya baxarkən onu konkret hansı formada hiss etmələri üçün əsas siqnal olur.

Kəsim kadrın sonudur və sizin hekayənizin əsas izahedici alətidir. Kəsimlər bir kadrın bitməsi və növbəti kadrın başlaması, bir videonun hekayəni anlatmasının əsas üsuludur. Yaxşı kəsimlər davamlılıq və harmoniya yaradır, auditoriyanı süjet xətti ilə bağlı saxlayır. Videonu iki dəfə kəsməyə qərar verdiyiniz zaman – bir dəfə orijinal videonu çəkərkən, növbəti dəfə isə çəkimdən sonra video hissələrini redaktə edərkən kəsmiş olursunuz.

Yaxşı kadrlar və kəsimlər göründüyündən daha çətindir. Plan olmadan bunları həyata keçirmək olduqca çətindir.

Hekayə lövhəsi necə hazırlanır?

Hekayə lövhəsi rəsm nümunəsi olmalı deyil. Onda onu necə hazırlamaq olar? Gəlin tanış olaq!

Addım 1: Şablon yaradın.

Sanki komiks çəkirmişsiniz kimi adi kağız üzərində bir neçə ədəd düzbucaqlı çəkin. Hər düzbucaqlının altında ssenariyə dair qeydlər və ya sətirlər üçün yer buraxdığınızdan əmin olun.

Həmçinin ödənişsiz hekayə lövhəsi şablonları da yükləyə bilərsiniz.

Addım 2: Ssenarini əlavə edin.

Hər düzbucaqlının aşağısına səhnəyə uyğun ssenarini və ya dialoqu yazın.

Addım 3: Hekayəni təsvir edin.

Rəssam deyilisinizsə, narahat olmayın – sadə fiqurlar sizə kömək edər. Hərəkəti oxla göstərə bilərsiniz. Pis çəkilmiş rəsm heç çəkilməyəndən daha yaxşıdır.

Əllə çəkmək istəmirsinizsə, jurnallardan kəsilmiş şəkillərdən istifadə edə bilərsiniz. Personajları və parametrləri seçə biləcəyiniz, danışıq baloncuqları və mətn blokları əlavə edə biləcəyiniz, hətta səs yaza biləcəyiniz onlayn hekayə lövhəsi alətləri ilə buradan tanış ola bilərsiniz.

Addım 4: Qeydlər əlavə edin.

Hər səhnə haqqında qeydlər yazın. Buraya baş verənlərin təsviri, kamera çəkişili bucaqları və yerdəyişmələri və istənilən xüsusi effektlər daxil ola bilər. Həmçinin musiqi və səs effektlərini də unutmayın.

Son bir neçə tövsiyə

Nəhayət, hekayə lövhələrinizə qarşı çox ehtiyatlı olmayın, şans verin. Əgər ilhamlanmısınızsa və ideyanızı vərəqə köçürməlisinizsə, o zaman tez-tələsik və səliqəsiz çəkin. Yenidən geri qayıdıb üzərlərində təkrar işləyə bilərsiniz.

Tövsiyələr:

  • Video ilə eyni ölçüdə düzbucaqlılardan istifadə edin: 16:9.
  • Müzakirələrdə asan istinad etmək üçün hər düzbucaqlını nömrələyin.
  • Başlamazdan əvvəl videoda istifadə üçün standart kadr növlərini seçin.
  • 3D formatında düşünün. Arxa planda olan subyektləri/obyektləri balacalaşdırın ki, daha uzaqda görünsünlər.
  • Ardıcıllıq və hekayə nəqlini vermək üçün hissələri kəsin və yenidən birləşdirin.
  • Baş kadr planını tamamlamaq üçün hekayə lövhələrinizi yekunlaşdırın. Beləliklə, çəkiliş zamanı heç nə diqqətdən qaçmayacaq.
  • Hekayə lövhənizi sadə qurun ki, hər kəs başa düşsün. Son versiyasını prosesə cəlb olunmuş hər kəslə paylaşdığınızdan əmin olun.

Ödənişsiz videolar yükləyin.

Əgər siz ödənişsiz B-roll görüntüləri və ya sadəcə ödənişsiz stok videoları axtarırsınızsa, Mixkit-ə müraciət edin. Siz istədiyiniz layihədə istifadə edə biləcəyiniz geniş çeşiddə və yüksək keyfiyyətdə ödənişsiz görüntülər əldə edəcəksiniz.

Video redaktəsini və marketinqi öyrənin.

İstər yeni başlamış olun, istərsə də video redaktəsi və post-prodakşn prosesi haqqında peşəkar olmaq istəyin, hazırladığımız video redaktəsi bələdçisi sizə bu işdə kömək olacaq.

Hazırladığımız bələdçi video marketinqdən ən son marketinq trendlərinə qədər hər şeyi əhatə edir. Bu bələdçi biznesiniz üçün cəlbedici və effektiv video yaratmağınıza kömək edəcək tədqiqatlar, statistik məlumatlar, müsahibələr və tematik araşdırmaları ilə doludur. Həmçinin, daim yenilənən 2020-ci ilin video trendləri ilə buradan tanış ola bilərsiniz.

Müəllif: Cindy Burgess – Toronto, Kanada

Mənbə: https://photography.tutsplus.com/  

Bizi sosial şəbəkələrdə izləyin:
Facebook: facebook.com/creative.az
Instagram: https://www.instagram.com/kreativaze/
LinkedIn: https://www.linkedin.com/company/kreativaze
Telegram: https://t.me/kreativaze

Bu məqalə sizin üçün faydalı oldumu?